Məhkəmə qərarları › İş №e-2(040)-1166/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1166/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1166/2024 28.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Changan CS 55” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 257,65 (iki yüz əlli yeddi manat altmış beş qəpik) manat məbləğində dəymiş zərər, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 06 avqust 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “X1” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Changan CS 55” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanmış “Changan CS 55” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, “Changan CS 55” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 2 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-fakturanın surətindən görünür ki, dəymiş zərərin məbləği 5267,82 manat məbləği müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Changan CS 55” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 200 manat şərtsiz azadolma məbləği ödənildiyindən 5267,82 (beş min iki yüz altmış yeddi manat səksən iki qəpik) manat məbləğində sığorta ödənişi tam olaraq servisin hesabına ödənilmişdir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “X1” markalı, ** OZ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyindən AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilindiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh idarə etdiyi “X1” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçı "xxxx" ASC tərəfindən 4810,17 manat məbləği ödənilmiş, qalan məbləğ Cavabdeh tərəfindən 257,65 manat borc ödənilməmiş qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 07 avqust 2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 06 avqust 2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə) maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və barəsində 40 (qırx) manat cərimə edilməsi haqqında tənbeh tətbiq edilmişdir. İş materiallarında olan: İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli 125940 saylı “Sığorta aktı”nın surətindən görünür ki, "xxxx" MMCnin təqdim etdiyi 04 oktyabr 2023-cü il tarixli 2 saylı hesaba uyğun olaraq "xxxx" MMC-nin hesabına 5267,82 (beş min iki yüz altmış yeddi manat 82 qəpik) məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: 18 oktyabr 2023-cü il tarixli “A” formatlı ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına 5267,82 manat (beş min iki yüz altmış yeddi manat 82 qəpik) məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən tərtib olunmuş 07 sentyabr 2023-cü il tarixli işlərə əsasən, “dəymiş zərərin hesablanmasına dair “Qiymətləndirmə aktı”ndan görünür ki, “Changan CS 55” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 5267,82 manat (beş min iki yüz altmış yeddi manat 82 qəpik) ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış "X1” markalı **- OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli hərəkətləri nəticəsində 06 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanmış “Changan CS 55” markalı **-AL- *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. 07 avqust 2023-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərara əsasən Cavabdeh hadisədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə olunmuşdur. İddiaçı (sığorta edən) digər avtomobilə dəymiş 5267,82 manat (beş min iki yüz altmış yeddi manat 82 qəpik) zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. Cavabdeh idarə etdiyi “X1” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçı "xxxx" ASC tərəfindən 4810,17 manat (dörd min səkkiz yüz on manat 17 qəpik) məbləği ödənilmiş, qalan 257,65 manat (iki yüz əlli yeddi manat 65 qəpik) borc məbləği Cavabdeh tərəfindən ödənilməmiş qalmaqdadır. İddiaçı Sığorta Şirkəti ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 257,65 manat (iki yüz əlli yeddi manat 65 qəpik) pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının pul əvəzi də tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrinin müddəalarını rəhbər tutaraq, qətetdim: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 257,65 manat (iki yüz əlli yeddi manat 65 qəpik) pul, həmçinin, ödənilmiş 30 (otuz) dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının pul əvəzi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar