Məhkəmə qərarları › İş №e-2(040)-1280/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1280/2025

18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1280/2025 18.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının yeznəsi (bacısının əri) olmaqla onların qohumluq münasibəti 2022-ci il tarixdən başlamışdır. İddiaçı illərdən bəri yığdığı pulla özünə ev almaq fikrinin olduğunu, lakin işi ilə bağlı vaxtının olmadığını söhbət zamanı Cavabdeh bildirmişdir. Bundan sonra 2022-ci ilin aprel ayında cavadeh Cavabdeh İddiaçı Gəncə şəhərinin Gülüstan qəsəbəsində 11000 (on bir min) manat dəyərində ev satıldığını bildirmiş və Cavabdeh onların yaşadığı Göygöl rayonunun Çaykənd kəndində yerləşən evinə gəlmiş, həmin vaxt Mətləb evdə 11000 (on bir min) manat pulu Cavabdeh vermişdir ki, ona (iddiaçıya) ev alsın. Cavabdeh həmin pulla aldığı evi 19000 (on doqquz min) manata satmış və iddiaçıya pul verməmişdir. Cavabdeh evi 11000 (on bir min) manata alıb 19000 (on doqquz min) manata sataraq üstündə qazanc götürdüyünü iddiaçı sonradan öyrənmişdir. 11000 (on bir min) manata evi alıb üstündə pul əldə etdiyi üçün bu məsələni gizli saxlayan cavabdeh ev almaq məsələsinin alınmadığını iddiaçıya bildirdikdə iddiaçı da öz növbəsində pulunu istədikdə cavabdeh həmin pulun xərcləndiyini və 4000 (dörd min) manat məbləğində pul olarsa taxıl alıb əkdikdən sonra əldə etdiyi qazancla həm 11000 (on bir min) manatı, həm də 4000 (dörd min) manat borcunu, yəni ümumilikdə 15000 (on beş min) manat pulu qaytaracağını bildirmişdir. Bu məqsədlə 2022-ci ilin sentyabr ayında, Göygöl rayonunun Çaykənd kəndində Cavabdeh Mətləbdən əlavə olaraq 4000 (dörd min) manat borc almışdır; həmin borcun alınaraq əkinə xərcləndiyi Cavabdeh səs yazısı ilə də təsdiq edilir. Bundan sonra İddiaçı 15000 (on beş min) manat məbləğində borcunu israrla tələb edəndə Cavabdeh ondan aldığ 15000 (on beş min) manat pulu evə görə beh verdiyini biİdirmiş və evi almaq üçün əlavə olaraq 15000 (on beş min) manat da pul istəmişdir. Təxminən 2023-cü ilin yanvar ayında Mətləb yaşadığı Göygöl rayonunun Çaykənd kəndində Ərşada əlavə olaraq 15000 (on beş min) manat pul vermişdir ki, sözügedən evi, yəni hazırda da cavabdehin yaşadığı evi Mətləb üçün alsın. Lakin həmin ev alınsa da, iddiaçıya təhvil verilməmiş, cavadeh özü həmin evə köçərək evdə yaşamağa başlamışdır. Evi təhvil verməməsinin səbəbini isə onunla əlaqələndirir ki, həmin evə əlavə olaraq xərc çəkmişdir- bu, səs yazılarında qeyd edilmişdir. Bundan başqa, səs yazısında Cavabdeh evi 50000 (əlli min) manata satdığını, 20000 (iyirmi min) manat veriləcəyi təqdirdə evi Mətləbə verəcəyini bildirmişdir. Buradan aydın olur ki, Ərşadın İddiaçı 30000 (otuz min) manat məbləğində borcu vardır ki, 20000 (iyirmi min) manat veriləcəyi təqdirdə evi ona verməyə razılaşmışdır. Cavabdeh bildirir ki, 30000 (otuz min) manatın üzərinə 20000 (iyirmi min) manat gəldikdə 50000 (əlli min) manat edir; səs yazısında bunu “otuzun üzərinə iyirmi gəldikdə əlli eləyir” formasında ifadə etmişdir. Başqa bir səs yazısında 15000 (on beş min) manatı ev üçün aldığını etiraf edən Cavabdeh digər aldığı pulu isə ayrı bir şeyə, torpağı əkməyə sərf etdiyini bildirməkdədir. Beləliklə, ümumilikdə Ərşada 30000 (otuz min) manat pul vermiş, lakin Ərşad ondan ümumilikdə 30000 (otuz min) manat pul almasına baxmayaraq, nə onlara ev almış, nə də pullarını geri qaytarmamışdır. Diskə köçürülərək məhkəməyə təqdim ediləcək səs yazılarında aldığı pulları etiraf edən Cavabdeh polis orqanına şikayət edildikdən sonra, polisdə olan araşdırma nəticəsində izahatı alınarkən yalnız 15000 (on beş min) manat məbləğində pulu borc olaraq aldığını bildirmişdir; ifadəsi cinayət işinin rədd edilməsi qərarında öz əksini tapmışdır. Sonda qeyd edir ki, iddiaçının onsuz da təsərrüfatla məşğul olmasını və məcburən kənddə qalmasını əsas gətirərək 2023-cü ilin sentyabr ayına kimi aldığı evdə qalmaq üçün möhlət alan Cavabdeh, iddiaçı şəhərə köçmək fikirini qəti olaraq bildirdikdə və evdən çıxmasını tələb etdikdə, bununla razılmaşmayaraq nə evdən çıxmış, nə də ki pulu geri qaytarmışdır. Əksinə, anlaşılmayan bəhanələr gətirərək pulun əvəzləşdirildiyini və evin onun olduğunu bildirmişdir. Sonda məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, iddisaçı məhkəmə baxışı iclasına gəlməmiş, nümayədəsi-vəkil Nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehin etiraf etdiyi 15000 (on beş min) manat borc onun polis şöbəsində verdiyi izahatında etiraf etdiyi borc məbləğidir. Qalan 15000 (on beş min) manat puldan 4000 (dörd min) manatını Mətləb özü Ərşada vermişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, ilk olaraq qaynatasından 11000 (on bir min) manat almış, daha sonra qaynatasının razılığı ilə Mətləb ona 4000 (dörd min) manat əlavə vermiş, sonradan daha 15000 (on beş min) manat pul vermişdir. O da sonradan iddiaçıya 15000 (on beş min) manat dəyərində xırdabuynuzlu heyvan vermişdir. Belə ki, o, 2022-ci ilin payız-qış aylarında özünə məxsus 12 (on iki) baş və iddiaçıya məxsus 22 (iyirmi iki) baş, cəmi 34 (otuz dörd) baş xırdabuynuzlu heyvanı öz əmisi Şahid2 məxsus heyvan yatağına qatmış, 2025-ci ilin yayına qədər həmin qoyunlar yataqda qalmış və onun heyvanlarının sayı 34 (otuz dörd) başa çatmışdır; 2025-ci ilin yayında İddiaçı onun əmisinin heyvan yatağına gedib özünə və ona məxsus bütün heyvanları, o cümlədən ona məxsus 34 (otuz dörd) xirdabuynuzlu heyvanı özü üçün aparmış, o da iddiaçıya olan 15000 (on beş) min manat borcunun əvəzi laraq bununla razılaşmışdır. Hazırda iddiaçı ilə aralarında narazılıq olmasın deyə 15000 (on beş min) manat borcu qəbul edir, imkanı olduqca həmin məbləği hissə-hissə qaytaracaqdır (iddianın qismən etirafı barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (iddiaçının atası, cavabdehin qaynatası) ifadəsində bildirmişdir ki, Ərşad onun kürəkənidir. Oğlu- İddiaçıla onun ailə büdcəsi əvvəllər bir olmuşdur: hər biri qazandığı pulu evə verir, onun arvadı (iddiaçının anası) isə pulu yığırdı. Ailə büdcəsində toplanan həmin puldan 15000 (on beş min) manatı o, arvadı ilə birlikdə, 4000 (dörd min) manatı isə oğlu Mətləb onun razılığı ilə Ərşada vermişdir. Qalan 15000 (on beş min) manatı Mətləb özü verib, həmin puldan onun onun dəqiq məlumatı yoxdur. 11 (on bir) baş qoyunu, o, qızına hədiyyə olaraq vermişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (cavabdehin əmisi) ifadəsində bildirmişdir ki, qardaşının oğlu olan Cavabdeh təxminən 2022-ci ilin payız-qış aylarında onun yanına 34 (otuz dörd) baş qoyun gətirmiş, qoyunlardan 12 (on iki) baş heyvanın Ərşadın özünün, 22 (iyirmi iki) başın isə Mətləbin olduğunu demişdir; həmin heyvanlar seçilməsi üçün iki ayrı rəngdə rənglənmişdir. Üç il pul qarşılığında həmin qoyunları o saxlamış, 2025-ci ilin yayında həmin qoyunların sayı 84 (səksən dörd) başa çatmışdır. 2025-ci ilin yayında Mətləb onun heyvan yatağına gələrək heyvanların hamısını götürüb aparmışdır. Mətləblə Ərşadın aralarında pul məsələsinin olduğunu Ərşad da ona demişdir. İş materiallarında olan: Göygöl Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 icraatında olan HK-1/978 nömrəli material üzrə qəbul etdiyi 28 may 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, 18 may 2025-ci il tarixdə Gəncə şəhəri Dədə Qorqud küçəsi bina 6, mənzil 35-də yaşayan İddiaçı ərizə ilə Göygöl Rayon Polis Şöbəsinə müraciət edərək bilirmişdir ki, 2021-ci il tarixdən qohumu Cavabdeh ona ev alması üçün ümumilikdə 30000 (otuz min) manat pul vermiş, lakin həmin şəxs nə onun pulunu qaytarmamış, nə də ki, evlərini verməmişdir. həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Material üzrə izahatı alınmış vətəndaş Cavabdeh bildirmişdir ki, İddiaçı onun qaynıdır. 2022-ci il tarixdən o, İddiaçı bacısı Mehbarə Ağayeva ilə evlənmişdir. Şahid1 ona cehizlik əvəzi olaraq 15000 (on beş min) manat pul və ona 15 (on beş) baş xırdabuynuzlu heyvan bağışlamışdır. Lakın o, həmin xırdabuynuzlu heyvanları əmisi Ağayev Ağaverdiyə vermiş və hal-hazırda Daşkəsən rayonunda saxlayır. 2023-cü ilin aprel ayında qaynı İddiaçı zəng edərək ev almaq istədiyini, lakin pulunun çatmadığını, bu barədə ona köməklik etməsini xahiş etmişdir. İddiaçı işdən evə qayıdan zaman o, Mətləbin yaşadığı Göygöl rayon Çaykənd kəndinə getmişdir. Oraya dostu Tapdıq Rzayev ile getmiş, orada qaynı Mətləbdən borc olaraq 15000 (on beş min) manat pulu valideynləri Məleykə Abbasova ve Şahid1 yanında almışdır. Həmin tarixdə Gəncə şəhəri Gülüstan qəsəbəsindən 31000 (otuz bir min yüz) manat qiymətinə həyətyanı ev almışdır. Hal-hazırda etiraz etmir, qaynı İddiaçı olan 15000 (on beş min) manat borc pulu qayınatası ona bağışlamış olduğu 15 (on beş min) baş xırdabuynuzlu heyvanı üç il bundan qabaq qaynına bağışlamışdır. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinin mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olmuş mətninə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.1-ci maddəsinə (hal-hazırda qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qismən- 19000 (on doqquz min) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, qismən- 19000 (on doqquz min) manat pul tələbinə dair hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində, o cümlədən tərəflərin izahatları və şahid ifadələri ilə cavabdehin iddiaçıya 19000 (on doqquz min) manat borclu olduğu təsdiqini tapmış, eyni zamanda cavabdeh iddiaçıya 15000 (on beş min) manat borclu olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə- 11000 (on bir min) manat pul tələbinə dair hissədə əsassız olduğundan, yəni həmin hissədə sübutlarla təsdiq olunmadığından, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 19000 (on doqquz min) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar