Məhkəmə qərarları › İş №e-2(040)-1740/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1740/2025

19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1740/2025 19.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “36000 manat məbləğində borcun və 198 manat dövlət rüsumunun əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 36000 (otuz altı min) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 198 (yüz doxsan səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Cavabdehi uzun müddətdir ki, tanıyır. Aralarında hər zaman xoş münasibət olmuşdur. 2022-ci ildə özünə ev almaq üçün bankdan kredit götürmüş, lakin problemləri yarandığı üçün ev ala bilməmişdir. Pulun dəyərini itirməməsi üçün lombarda depozitə qoyub depozitdən gəlir əldə etmək qərarına gəlmişdir. Bununla bağlı tanışı olan cavabdehin lombardı olduğu üçün onunla söhbət etmişdir; cavabdeh də ona bildirmişdir ki, pulunu onun sahib olduğu lombarda qoyub 2 (iki) faiz gəlir əldə edə bilər. Həmin ilin oktyabr ayında cavabdehlə görüşən zaman cavabdehə 30000 (otuz min) manat pul vermişdir. Lakin aralarında inam olduğu üçün heç bir müqavilə olmamışdır. 2 (iki) faiz gəlir hissəsini cavabdehdən əlbəəl və ya bank kartına ödəniş etməklə almışdır. 2023-cü ilin sonlarında cavabdeh ona bildirmişdir ki, depozitə daha 20000 (iyirmi min) manat lazımdır. O da özündə olmadığını bildirəndə, cavabdeh avtomobilini onun adına rəsmiləşdirəcəyini bildirdi. O da tanışından pul tapıb, cavabdehə vermiş, cavabdeh isə ona məxsus olan “Jeep” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilini onun adına keçirmişdir; lakin cavabdeh avtomobili özü idarə etdi. Bundan sonra cavabdeh ardıcıl olaraq aylıq depozit haqqı kimi 50000 (əlli min) manata münasibətdə ona aylıq ödəməyə başladı. 2024-cü ilin ortalarında cavabdehə bildirmişdir ki, özünə pul lazımdır, onun pulunu qaytarsın. Cavabdeh də bildirmişdir ki, avtomobilini satsın və pulunu qaytarsın; eyni zamanda ondan avtomobilə etibarnamə istəmişdir. O da cavabdehə etibarnamə vermişdir ki, satsın onun pulunu ödəsin. Cavabdeh isə avtomobili satmış, lakin onun pulunu verməmişdir. 2024-cü ilin oktyabr ayında 14000 (on dörd min) manatını qaytarmış, qalan 36000 (otuz altı min) manatı isə dəfələrlə tələb etsə də, qaytarmaqdan imtina etmişdir. O, əvvəlcə Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Orada ifadələri alınmış, cinayət tərkibi olmadığı əsas gətirilərək cinayət işinin başlanması rədd edilmiş və 07 iyun 2025-ci il tarixli qərar qəbul edilmişdir. Başqa cür pulunu geri ala bilməyəcəyini görüb, məcbur olub məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, 16 fevral 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, səhhəti ilə bağlı yaranmış vəziyyətə görə məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını və onun iştirakı olmadan işə baxılmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin baş müstəntiqi, polis mayoru X1 icraatında olan HK-1/584 nömrəli material üzrə qəbul etdiyi 07 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ev 3a-da yaşayan İddiaçı 01 mart 2025-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə şikayətlə müraciət edərək, 2022-ci ilin oktyabr ayında Gəncə şəhərində yerləşən “Lombard” müdiri Cavabdeh lombarda depozit yatırması üçün hissə-hissə olmaqla pul verdiyini, lakin Cavabdeh pulunu geri istəməyinə baxmayaraq onunla əlaqəni kəsdiyini, 36000 (otuz altı min) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmiş, Aqil barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Material üzrə araşdırmanın aparılması 28 may 2025-ci il tarixdə ona həvalə edilmişdir. Material üzrə izahatı alınmış vətəndaş Cavabdeh izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri Yeni Kəlbəcər qəsəbəsi bina 19, mənzil 14-də yaşayır. Rəsmi olaraq heç bir yerdə ișləmir, fərdi əməklə məşğul olur. İddiaçı onun barəsində etmiş olduğu şikayətlə tanış olmuşdur. İddiaçı ilə hec bir düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı uzun müddətdir ki, tanıyır. Münasibətləri yaxşıdır. 2022-ci ildə Ramal adlı şəxsdən 30000 (otuz min) manat borca pul almışdır. Həmin pulu avtomobil almaq üçün Ramaldan almış, o da Ramala almış olduğu pulun qarşılığında ayda 1200 (min iki yüz) manat pul ödəmişdir. Bundan sonra Ramaldan əlavə 30000 (otuz min) manat pul da almışdır. Həmin pulu alan zaman özünə məxsus olan “Jeep” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili Ramalın adına rəsmiləşdirmişdir. Ümumilikdə Ramaldan 60000 (altmış min) manat borca pul almış, sonuncu dəfə isə Ramala 14000 (on dörd min) manat pul qaytarmışdır. Daha sonra pula ehtiyacı olduğu üçün avtomobili Ramaldan geri istəmiş, Ramal da narazılıq etməmiş, avtomobilini onun adına rəsmiləşdirmişdir. Ramalı aldadaraq avtomobili satıb onun pulunu verəcəyi adı ilə aldatmamışdır. Sadəcə pula ehtiyacı olduğu uçün avtomobili öz adına keçirtmişdir. Hal-hazırda İddiaçı 36000 (otuz altı min) manat borcu qalmışdır. Həmin pulu da hissə-hissə Ramala ödəmək barədə razılığa gəlmişdir. İddiaçı 60000 (altmış min) manatı iki dəfəyə olmaqla borc almış, həmin pula bir yük maşını və bir “Jeep” markalı maşın almaq istəmişdir. İddiaçı lombarda depozit qoymaq üçün pul almamışdır. Hazırda onun heç bir yerdə lombardı yoxdur. 2025-ci ilin yanvar ayına kimi onun Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən “İnvest_K” lombarda hissə payı var idi. Ancaq 2025-ci ilin yanvar ayında həmin lombarda olan şəriklikdən çıxmışdır. 20000 (iyirmi min) manatı İddiaçı götürən zaman İddiaçı ona demişdir ki, onda o qədər pul yoxdur. Kimdənsə götürüb ona verə bilər. O da qeyd olunan avtomobili girov kimi onun adına keçirmişdir. İddiaçı yalan deyir. İddiaçı ondan pulu istəyən zaman ona demişdir ki, maşını onun adına keçirsin ki, onu lizinqə qoyub pul götürsün, pulunu versin. Ramal maşını onun adına keçirdikdən sonra qeyd olunan avtomobili Şəmkir rayonu ərazisində yerləşən adını xatırlamadığı lizinq şirkətinə qoymuş və ordan 15500 (on beş min beş yüz) manat pul götürmüşdür. Həmin pulun 14000 (on dörd min) manatını İddiaçı vermişdir. Bundan başqa, Ramala hissə-hissə də 10000 (on min) manat borc qaytarmışdır. Hazırda Ramala 36000 (otuz altı min) manat borcu qalmışdır. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsindəkilərə əsasən, qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) rədd edilməsi və İddiaçı mülki qaydada məhkəmədə mülki iddia qaldırmaq hüququnun olmasının izah edilməsi qərara alınmışdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinin mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olmuş mətninə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.1-ci maddəsinə (hal-hazırda qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində, o cümlədən iddiaçının izahatı və Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin baş müstəntiqi, polis mayoru X1 icraatında olan HK-1/584 nömrəli material üzrə qəbul etdiyi 07 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə cavabdehin iddiaçıya 36000 AZN (otuz altı min manat) manat borclu olduğu təsdiqini tapmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198 AZN (yüz doxsan səkkiz manat) manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır Beləliklə, Cavabdeh İddiaçı xeyrinə 36000 AZN (otuz altı min manat) əsas borc və iddiaçı tərəfindən ödənilmiş 198 AZN (yüz doxsan səkkiz manat) dövlət rüsumunun pul əvəzi, cəmi 36198 AZN (otuz altı min bir yüz doxsan səkkiz manat) məbləğdə pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 36000 AZN (otuz altı min manat) əsas borc və iddiaçı tərəfindən ödənilmiş 198 AZN (yüz doxsan səkkiz manat) dövlət rüsumunun pul əvəzi, cəmi 36198 AZN (otuz altı min bir yüz doxsan səkkiz manat) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar