Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-224/2025 19.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 7141 AZN (yeddi min bir yüz qırx bir manat) məbləğdə zərərin və iddiaçı tərəfindən ödənilmiş 91,41AZN (doxsan bir manat-41 qəpik) dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan “KİA RİO” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün 2024/702 saylı 20 avqust 2024-cü il tarixli etibarnamə ilə vətəndaş Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh 21 avqust 2024-cü il tarixində avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Sabunçu Rayon Dövlət X7 tərəfindən tərtib olunmuş protokol və onun əsasında qəbul edilmiş 22 avqust 2024-cü il tarixli qərara əsasən cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı-Sovxoz yolu ərazisində “KİA RİO” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol- nəqliyyat hadisəsi törətmiş, baş vermiş yolnəqliyyat hadisəsi zamanı avtomobilə ciddi ziyan dəymişdir. 03 sentybr 2024-cü il tarixli zərər aktına əsasən, “KİA RİO” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7141 AZN (yeddi min bir yüz qırx bir manat) məbləğində ziyan vurulmuşdur. Dəymiş zərərin ödənilməsi barədə cavabdehlərə dəfələrlə, şifahi o cümlədən 15 oktyabr 2024-cü il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyətində olan “Kia Rio” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün 2024/702 saylı 20 avqust 2024-cü il tarixli etibarnamə ilə vətəndaş Cavabdeh istifadəsinə verilmiş, cavabdeh 21 avqust 2024-cü il tarixdə avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Sabunçu Rayon Dövlət X7 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 22 avqust 2024-cü il tarixli qərara əsasən, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı-Sovxoz yolu ərazisində “KİA RİO” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə 7141 AZN (yeddi min bir yüz qırx bir manat) məbləğində ziyan dəymişdir; “Akay Auto” ixtisaslaşmış müəssisəsi tərəfindən 03 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “KİA RİO” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 7141 (yeddi min bir yüz qırx bir) manat məbləğində ziyan dəymişdir. Cavabdeh isə dəymiş ziyanı ödəməkdən imtina edir. Ona görə də, o, iddiaçının nümayəndəsi olaraq iddianın tam təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, özünə avtomobil satın almaq istəmiş, bu məqsədlə internet məkanında avtomobil satışı elanlarının yerləşdirildiyi virtual platforma kimi tanınan “Turbo.az” saytından “Kia Rio” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini seçmiş və elanda göstərilən mobil telefon nömrəsi vasitəsi ilə özünü “Ramal” kimi təqdim edən şəxslə əlaqə saxlayıb avtomobilə baxmış və ilk baxışda avtomobili bəyənmiş, avtomobilin qiymətini razılaşdıqdan sonra Ramala 2650 (iki min altı yüz əlli) manat əlbəəl nağd ödəniş etməklə (qalan borcu kreditə saldıracaqlarını bildirmişlər) avtomobili etibarnaməsiz, yalnız yol vərəqi ilə götürmüş, sonradan avtomobildə çoxsaylı nasazlıqların olduğu ona aşkar olmuş və o da bu barədə əlaqəli şəxsə məlumat vermişdir. İddiaçı tərəfindən ona satılmış avtomobil yararsız olduğuna görə, 21 avqust 2024-cü il tarixdə avtomobili idarə edərkən idarəetməni itirmiş və yol-nəqliyyat hadisəsi baş vermiş, avtomobilə ziyan dəymişdir. Yaranmış vəziyyətlə bağlı, o, əlaqəli şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit mütəxəssisi kimi özünü təqdim edən Şahid Həsən oğlu ilə əlaqə saxlamış, Məhəmməd avtomobildə olan nasazlıqların dəqiq müayinəsi üçün avtomobilin evakuatorla Sumqayıta aparılmalı olduğunu və bunun üçün ustaya 300 (üç yüz) manat ödəməli olduğunu bildirmiş, o da məcburiyyət qarşısında qalıb Məhəmmədin bank kartındakı hesaba 300 (üç yüz) manat ödəmiş, əlavə olaraq evakuator xidməti üçün 80 (səksən) manat pul ödəmişdir. Bundan sonra avtomobil ondan alınmışdır. Avtoqəza ilə bağlı iddiaçının avtomobilə dəymiş zərərin qiymətləndirilməsi olmamış, onunla heç bir müqavilə bağlanmamışdır. Avtomobil isə onun adına deyil. Avtomobili satın almaq üçün ilkin ödəniş kimi 2650 (iki min altı yüz əlli) manat nağd ödəniş edərkən ona heç bir sənəd verilməmiş, pulu, o, Ramal İsmayılov adlı şəxsə vermişdir- bununla bağlı polisə də şikayət etmişdir. Avtomobili alarkən istifadəyə yararsız olduğundan, əlavə olaraq özündən 700 (yeddi yüz) manat maşına xərc qoymuşdur. Qəza baş verəndən sonra kredit mütəxəssisi olan Şahid avtomobilə dəyən zərərin 300 (üç yüz) manat olduğunu bildirmiş və həmin məbləği özünün kart hesabına göndərməyi tapşırmış, o da 300 (üç yüz) manat pulu Şahid vermişdir. Onun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə təxminən 3000 (üç min) manat ziyan dəymişdir; o isə avtomobilə görə bundan daha artıq pul xərcləmişdir. İddia əsassızdır. İddianın rədd edilməsini xahiş edir (avtomobilə dəymiş ziyanla bağlı yazılı izahatını da məhkəməyə təqdim etmişdir). Şahid qismində məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kredit mütəxəssisi vəzifəsində işləyir. Cavabdeh Emil və Ramal adlı şəxslərdən avtomobil alıb, həmin avtomobil onun işlədiyi kredit təşkilatına məxsus olub, həmin təşkilatdan Cəmilə xanıma etibarnamə verildi. Bir neçə gün sonra Cəmilə xanım zəng vurub qəza etdiyini bildirdi (Yola çıxanda avtomobili vurublar). Cəmilə xanım özü dedi ki avtomobilin təxminən 700-800 (yeddi yüz- səkkiz yüz) manat xərci olar. Cəmiləyə usta tapmaqda köməklik etmiş, avtomobili Sumqayıtda olan tanış ustaya aparmışlar. Cəmilə xanım 300 (üç yüz) manat (əvvəlcə 200, daha sonra 100 manat) pulu onun kartına atmışdır. Usta avtomobilə baxandan sonra məlum oldu ki, avtomobilə 7000 (yeddi min) manatdan artıq ziyan dəyib. İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Dövlət X5 22 avqust 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh “KİA RİO” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 100 (yüz) manat cərimə tənbehi edilməsi barədə inzibati tənbehvermə haqqında qərar verilmişdir. İş materiallarında olan: 26 oktyabr 2022-ci il tarixdə verilmiş BB316705 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, 2008-ci il istehsalı olan “Kia Rio” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarında olan: “Akay Auto” (VÖEN: **********) müəssisəsinin köməkçi servis diektoru X1 və Müştəri xidmətləri departamentinin direktoru X2 tərəfindən 03 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “KİA RİO” minik markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 7141 (yeddi min bir yüz qırx bir) manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən- 3000 (üç min) manat hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı öz tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduqda, yuxarıda bəhs edilən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği yalnız Cavabdeh qəbul etdiyi məbləğlə-3000 (üç min) manatla məhdudlaşmalıdır və Cavabdeh 3000 (üç min) manat pul alınaraq iddiaçı “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsinin pul əvəzi də Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddia qalan hissədə- 4141 (dörd min bir yüz qırx bir) manat ziyan və ödənilmiş dövlət rüsumu kimi 41,41 AZN (qırx bir manat-41 qəpik) olan hissədə əsassız olduğundan, həmin hissədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdikləri halı-dəymiş zərərin həcmini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Eyni zamanda Cavabdeh izah edilir ki, əgər o, ayrı-ayrı fiziki şəxslərə avtomobillə bağlı əsassız olaraq pul ödədiyi iddiasında qalırsa, bununla bağlı aidiyyəti fiziki şəxslərə qarşı müvafiq tələblə iddia qaldırmaq hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vurduğu ziyanın əvəzi olaraq 3000,0 AZN (üç min manat), həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50,0 AZN (əlli manat) hissəsinin pul əvəzi, cəmi 3050,0 AZN (üç min əlli manat-0 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan gissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-224/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-224/2025
19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver