Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-697/2025 29.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Cavabdeh və nümayəndələri- yaxın qohumu Nümayəndə və Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 29825 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş) manat dəymiş zərər, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 30325 (otuz min üç yüz iyirmi beş) manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 08 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrindən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 122-ci kilometrliyində sürücü- 2002ci ildə doğulmuş, Kəlbəcər rayonu Cəmilli kəndində qeydiyyatda olmaqla Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Cavabdeh idarə etdiyi “Mercedes Benz E280” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq ara məsafəsi saxlamayaraq avtomobilinin sol qabaq hissəsi ilə onun idarə etdiyi “Chevrolet Suburban” markalı **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə çırpılmış və nəticədə cavabdeh tərəfindən yol hərəkəti qaydaları pozulmuşdur. Qeyd edilən hadisə zamanı onun mülkiyyətində olan “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Belə ki, hazırda onun avtomobili "xxxx" MMC-də təmir olunmaqdadır. Şirkət tərəfindən dəymiş ziyanla bağlı qiymətlər çıxarılmış və müəyyən edilmişdir ki, onun mülkiyyətində olan “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh idarə etdiyi “Mercedes Benz E280” markalı **-UP- *** dövlət qeydiyyat nişanlı avtomobilin çırpılması nəticəsində 29825 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş) manat ziyan dəymişdir. Ona dəymiş 29825 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş) manat maddi zərərin əvəzinin ödənilməsinə zərurət yaranmışdır. 20 dekabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan və qoşmaya əlavə olunan 14 fevral 2025-ci il tarixli Qüsur Aktından göründüyü kimi Cavabdeh təqsirli olaraq 08 dekabr 2024-cü tarixdə törətmiş olduğu qəza nəticəsində İddiaçı məxsus və onun mülkiyyətində olan “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 29825 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş) manat həcmində real zərər vurmuşdur. Cavabdeh 07 may 2025-ci il tarixdə məhkməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, ona qarşı qaldırılan iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, qarşı tərəf onu əsas gətirmişdir ki, özünün “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 29825 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş) manatdır. Qeyd edir ki, iddiaçı yolun hərəkət hissəsində heç bir dayanma-durma işarəsi olmadığı halda başqa bir avtomobilin sürücüsü ilə söhbət edərək qəza şəraiti yaratmış və bu qəzanın baş verməsinə səbəb olmuşdur. Bununla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış və öz əksini tapmışdır (əslində həmin yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində aparılmış və müstəntiq Elnur Cəfərovun qəbul etdiyi 20 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda bu barədə müddəalar yoxdur - hakimin qeydi). Bundan əlavə, Hacıqabul Rayon Polis Şöbəsi ndə araşdırma aparılarkən iddiaçıya sığorta şirkəti tərəfindən yerində araşdırma və ekspertiza aparıldıqdan və dəymiş ziyan qiymətləndirildikdən sonra lazım olan pul ödənmiş ve iddiaçı barışıq ərizəsi vermiş və bir daha gələcəkdə iddia qaldırmayacağı barədə sığorta şirkətinə yazılı ərizə vermişdir. Bu da araşdırma materiallarına əlavə olunmuşdur. Bundan başqa, iddiaçı iddia edir ki, ona dəymiş ziyan 29825 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş) manatdır. İddiaçının idarə etdiyi avtomobilin yenisinin qiyməti nəzərə alınsa görünər ki, irəli sürülən məbləğ avtomobilin yenisindən qat-qat artıqdır və iddiaçının irəli sürdüyü qiymət reallığı əks etdirmir. Hansı ki, qəza olanda iddiaçının avtomobili yeni kimi deyil, işlənmiş kimi qiymətləndirilsə, dəymiş ziyanın bu qədər olmayacağı reallığı bir daha aydın olacaqdır. Deməli, avtomobili təmir eden "xxxx" MMC həqiqətə uyğun olmayan çox fantastik qiymət hesablamışdır və bu qiymət reallıqdan çox-çox uzaqdır. İcbari avtomobil sığortası haqqında 2011-ci ildə qəbul olunmuş qanuna görə, əgər əmlaka dəymiş ziyan 5000 (beş min) manatı keçərsə sığorta şirkəti həmin pulu ödədikdən sonra məhkəməyə müraciət edərək ziyanın vurulmasına səbəb olmuş şəxsdən pulu geri ala bilər. Buradan da görünür ki, onu yalnız sığorta şirkəti məhkəməyə verə və verdiyi artıq pulu geri ala bilər. Odur ki, məhkəməyə verilən iddianın təmin edilməməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilərək geri qaytarılmasını xahiş edir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 02 iyun 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 02 iyul və 09 iyul 2025-ci il tarixlərə təxirə salınmış, məhkəmə baxışı iclası 06 avqust 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 22 avqust və 29 avqust 2025-ci il tarixlərə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 29 avqust 2025-ci il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada vəsatət göndərərək, iddianın predmeti olan avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə 29 avqust 2025-ci il tarixli məhkəmə baxışı iclasında vəsatəti proses iştirakçıları ilə müzakirə edərək və yerində müşavirə edərək vəsatətin rədd edilməsini qərara almışdır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək öz yazılı etirazının məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə məhkəmə iclasında Cavabdeh izahatı ilə eyni məzmunda izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi detallarla sığortaçının təqdim etdiyi detallar fərqlidir; qüsur aktında bağaj yoxdur. Avtomobilin arxa buferi və sağ qanad hissəsi zədələnmişdir. Avtomobilin qiyməti 60000 (altmış min) manat olduğu halda iddiaçının avtomobilə dəymiş zərərə görə tələb etdiyi məbləğ 30000 (otuz min) manat təşkil edir. Belə olan halda avtomobilin digər hissələrinin dəyəri abtomobilin öz qiymətindən artıq edir. Onlar iddianın əsassız olması ilə bağlı yetərincə dəlilləri məhkəməyə təqdim etmişlər. Hesab edir ki, iddiaçı bu yolla əsassız varlanmaq istəyir. Ona görə də iddianı qəbul etmirlər və rədd edilməsini xahiş edirlər. Əlavə olaraq vəsatətin rədd edilməsini xahiş edir; qarşı tərəfə kifayət qədər vaxt verilib, yenidən vaxt verilməsi süründürməçilik və prosesin süni surətdə uzadılmasıdır. İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 iştirak etdiyi 22 avqust 2025-ci il tarixli məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəf olaraq "xxxx" tərəfindən aparılmış qiymətləndirmə ilə razı deyildirlər və iddiaçının mülkiyyətində olan “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan "xxxx" MMC tərəfindən hesablanmış 29825 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş) manat ziyan olaraq qəbul edilməlidir, əks halda, avtomobilə dəymiş ziyanın həcmini müəyyən etmək üçün məhkəmə tərəfindən müvafiq ekspertizanın təyin edilməsi vacibdir; avtomobil hal-hazırda tam təmir edilmiş vəziyyətdə olsa da ekspertizanın keçirilməsi mümkündür (avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsinə dair vəsatətini məhkəmə əsassız hesab edərək təmin etməmişdir). Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X4 icraatında olan HK-1/1397 nömrəli material üzrə qəbul edilmiş 20 dekabr 2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh 08 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu ərazisindən keçən 122-ci kilometrliyində idarə etdiyi “Mercedes Benz E280” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı istiqamətində 90 km/saat sürətlə idarə edib hərəkətdə olan zaman avtomobilinin sol qabaq qarşı hissəsi ilə qarşıda eyni istiqamətdə hərəkətdə olan İddiaçı idarə etdiyi “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə çırpılmış və nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “Mercedes Benz” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X3 və X1 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almalarına səbəb olan yol-nəqliyyat hadisəsi tərətmişdir. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi və qərraın surətinin icra edilməsindən ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin yol-patrul xidməti alayına göndərilməsi qərara alınmışdır (həmin qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində yeganə təqsirli şəxs Cavabdehdur- hakimin qeydi). İş materiallarında olan: "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 10 iyul 2025-ci il tarixli HD/HTŞ-1134 nömrəli məktubdan görünür ki, 08 dekabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyət hadisəsinin iştirakçıları olan “Mercedes Benz 180” markalı **-UP- *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair hadisə vaxtı "xxxx" ASC-də qüvvədə olan sığorta müqaviləsi mövcud olmamışdır. İş materiallarında olan: "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 22 iyul 2025-ci il tarixli G-01-D-3711-2025 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-də AVSMMİS (avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) növü ilə sığortalanmış “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 08 dekabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan "xxxx" ASC tərəfindən 9250 (doqquz min iki yüz əlli manat) həcmində qiymətləndirilmiş, həmin zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi İddiaçı bank hesabına köçürülmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli “Qiymət təklifi”ndən görünür ki, “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin ümumi dəyəri 26905 (iyirmi altı min doqquz yüz beş) manat, işçilik xərcləri 2920 (iki min doqquz yüz iyirmi) manat olmaqla, toplam məbləğ 29825 (iyirmi doqquz min səkkiz yüz iyirmi beş) manat təşkil edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən, ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir; -1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsinin müddəaları yalnız həmin bölmənin müvafiq fəsilləri ilə müəyyən olunan icbari sığorta növünə şamil edilir; -1.3-cü maddəsinə əsasən, bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir; -1.4-cü maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. -2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir. -15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. -15.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. -16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir; zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. -16.3-cü maddəsinə əsasən, sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən- avtomobilə dəymiş zərərə görə ödənilməmiş qalan 4250 (dörd min iki yüz əlli) manat əsas borc, həmçinin 62,50 manat (altmış iki manat- 50 qəpik ) dövlət rüsumunun pul əvəzi, cəmi 4312,50 manat (dörd min üç yüz on iki manat- 50 qəpik) məbləğdə pul vəsaitinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta hadisəsi hesab olunan yol-nəqliyyat hadisəsində yeganə təqsirli şəxs Cavabdehdur və "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 22 iyul 2025-ci il tarixli G-01-D-3711-2025 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-də AVSMMİS (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) növü ilə sığortalanmış “Chevrolet Suburban” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 08 dekabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan "xxxx" ASC tərəfindən 9250 (doqquz min iki yüz əlli manat) həcmində qiymətləndirilmiş, həmin zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi İddiaçı bank hesabına köçürülmüşdür. Belə olan halda İddiaçı dəymiş 9250 (doqquz min iki yüz əlli) manat həcmində maddi zərərin 4250 (dörd min iki yüz əlli) manat hissəsi ödənilməmiş qalır və həmin 4250 (dörd min iki yüz əlli) manat həcmində ziyanın əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 62,50 manat (altmış iki manat-50 qəpik) hissəsi Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə- avtomobilə dəymiş zərərə görə tələb edilən 25578 (iyirmi beş min beş yüz yetmiş səkkiz) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 117,50 (bir yüz on yeddi manat-50 qəpik) hissəsinin pul əvəzi və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, cəmi 26015,50 (iyirmi altı min on beş manat-50 qəpik) hissədə əsassız olduğundan, yəni həmin hissədə iddianın əsaslılığı öz təsdiqini tapmadığından, həmin hissədə rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hüquqi yardıma görə ödədiyi xərci əsaslandıran sübutları da (vəkillə bağlanmış müvafiq müqavilənin surəti və ödəniş qəbzi) məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinin avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün 22 avqust 2025-ci il tarixdə məhkəmə iclasında və 29 avqust 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verdiyi vəsatətlərin təmin edilməməsini məhkəmə vəsatətin əsassız olmasından əlavə, iddiaçı tərəfin bunun üçün hazırlıq icraatı dövründə (o cümlədən 02 iyun, 02 iyul və 09 iyul tarixli hazırlıq iclasları) və 06 avqust 2025-ci il tarixli məhkəmə baxışı iclasında mövcud olmuş imkanlardan istifadə etməməsi və məhkəmə icraatının süni surətdə uzadılmasına yönələn cəhdə məhkəmənin şərait yaratmaması kimi izah edir. Məhkəmə vəsatətin əsassızlığını onunla izah edir ki, iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatda iddiaçıya məxsus həmin avtomobilin hazırda tam təmirli vəziyyətdə olduğunu bildirmiş və iddiaçı tərəf avtomobilə zərər dəyməsi ilə bağlı yol-nəqliyyat hadisəsini araşdırmış müvafiq yol polisi orqanının müvafiq arayışını (“Yol-patrul xidməti haqqında Təlimat”a 18 saylı Əlavə) məhkəməyə təqdim etməmişdir. Belə olan halda ekspertiza qarşısında hər hansı sualın qoyulması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4250 (dörd min iki yüz əlli) manat əsas borc, həmçinin 62,50 manat (altmış iki manat-50 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 4312,50 manat (dörd min üç yüz on iki manat- 50 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-697/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-697/2025
29.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver