Məhkəmə qərarları › İş №e-2(040)-817/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-817/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-817/2024 22.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı“vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1767,28 manat (min yeddi yüz altmış yeddi manat 28 qəpik) pulun, 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış, 11 noyabr 2020-ci il tarixdə satıcı-kassir vəzifəsindən administrator vəzifəsinə keçirilmiş, 31 yanvar 2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir: belə ki, 05 yanvar 2023-cü il tarixdə “Oba” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh iddiaçıya zərər vurması müəyyən edilmiş, “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləği 2393,58 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 1767,28 manat (min yeddi yüz altmış yeddi manat 28 qəpik) təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla bağlı həmçinin mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(040)-817/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İş üzrə hazırlıq iclası 24 sentyabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 22 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxəlmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: 24 iyul 2020-ci il tarixli əmək müqaviləsindən və həmin tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 24 iyul 2020-ci il tarixdə İddiaçı MMC şirkətinə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 11 noyabr 2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 11 noyabr 2020-ci il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: 31 yanvar 2023-cü tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 24 iyul 2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 22 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 05 yanvar 2023-cü il tarixində 2393,58 manat çatışmazlıq müəyyən edilmişdir, müvafiq güzəşt tətbiq edildikdən sonra, ümumi olaraq 1767,28 manat borcu qalmışdır. İş materiallarında olan: 05 yanvar 2023-ci tarixli “Oba-Neftchiler 11” filialında aparılmış “İnventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, “Oba-Neftchiler 11” filialında cəmi 2393,58 manat məbləğində itki aşkar edilmiş və mallara görə maddi-məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, ilkin və yekun sənədləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan: Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00127) X2 tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli MŞB/4/2023-00116 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiya xərci İddiaçı MMC tərəfindən tam ödənilmişdir. İş materiallarında olan: İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 18 aprel 2023-cü il tarixli məktubun surətindən (poçt qəbzi var) görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə məlumat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 24 iyul 2020-ci il tarixdə İddiaçı MMC şirkətinə işə qəbul olunmuş və 31 yanvar 2023-cü tarixdə işdən azad olunmuşdur. İşlədiyi dövr ərzində cavabdeh iddiaçıya maddi ziyan vurmuş, bu da öz əksini 05 yanvar 2023-ci il tarixdə cavabdehin özünün də iştirakı ilə iddiaçı tərəfindən tərtib edilmiş aktda tapmışdır; cavabdehin iddaçıya 1767,28 manat borcu qalır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sora-Əmək Məcəlləsi): -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192.2-ci maddəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194.2-ci maddəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslı olmasına dair mötəbər sübutlar, o cümlədən bu barədə inventarizasiya aktı təqdim etmiş, eyni zamanda, cavabdeh (sabiq işçi) tərəfindən iddiaçıya (işəgötürənə) ziyan dəyməsində təqsiri olmadığını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Əmək Məcəlləsinin 192.2-ci maddəsinin tələbi). Odur ki, iddiaçı cavabdehdən vurulmuş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh işə götürənə vurulmuş ziyana görə 1767,28 manat (min yeddi yüz altmış yeddi manat 28 qəpik), həmçinin iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin pul əvəzi cəmi 1822,28 manat (min səkkiz yüz iyirmi iki manat 28 qəpik) pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar