Məhkəmə qərarları › İş №e-2(042)-1097/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1097/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1097/2024 16.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subraqasiya qaydasında pul” tələbinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, Cavabdeh “VAZ 21074” markalı, ** LL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 425 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin, cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz məhkəməyə daxil olmamışdır. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də ASC avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “VAZ 21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyindən AR İXM-nin 327.6-ci və 327.1-ci maddələri ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mərkəzi X2 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılararasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “VAZ 21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “VAZ 21074” markalı, ** LL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə 425 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 425 manat məbləğində pulun ödənilməsi tələbi Xalq Sığorta Şirkəti ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi tarixində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh idarə etdiyi dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 425 manat məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 425 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydadacavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan icrbari sığrota müqavilələrinin yoxlanması vərəqindən görünür ki, hadisə baş verdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixdə “Toyota prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də, “VAZ 21074” markalı, **- LL-*** dövlət qeydiyyat nişanlı avtomobil isə "xxxx" Sığorta Şirkəti ASC-də sığrortalı olmuşdur. İşdə olan Xətai Rayon Dövlət X4 tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2022ci il tarixdə saat 11:50 dəqiqədə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, 11:50-də “Toyota Prius” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmış, nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrin nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Avtomobillərin Texniki Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 425 manat məbləğində ziyan dəymişdir. İşdə olan hesabdan çıxarışdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 425 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, xx.xx.2022-ci il tarixdə saat 11:50 dəqiqədə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “VAZ 21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 425 manat məbləğində zərər dəymişdir. Xətai Rayon Dövlət X3 xx.xx.2022-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarına əsasən, qeyd olunan hadisəyə görə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “VAZ 21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 425 məbləğində, həmin avtomobilin sığrtalı olduğu "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına sırğorta ödəniş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının 425 manat sığorta ödənişini Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh vurulmuş zərərə üzrə ödənilmiş sığorta ödənişinə görə 425 manat və ödənilmiş 30.4 manat dövlət rüsumunun əvəzi, cəmi 455.4 manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə üzrə ödənilmiş sığorta ödənişinə görə 425 manat və ödənilmiş 30.4 manat dövlət rüsumunun əvəzi, cəmi 455 (dörd yüz əlli beş) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar