Məhkəmə qərarları › İş №e-2(042)-382/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-382/2025

30.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-382/2025 30.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak və ya pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı hər birinin dəyəri 600 manat, cəmi, dəyəri 1200 manat olan 2 baş 4 illik ana qoyunun, hər birinin dəyəri 500 manat, cəmi, dəyəri 7500 manat olan 15 baş toğlunun, hər birinin dəyəri 250 manat, cəmi, dəyəri 2500 manat olan 10 baş çəpişin naturada, bu mümkün olmadıqda onların dəyərinin, çoban kimi cavabdehin heyvanlarını otardığı 22 gün üçün 550 manat əməkhaqqı və vəkil xidmət haqqı olaraq ödəmiş olduğu 1000 manat, dövlət rüsumunun əvəzi olan cəmi, 130 manatın cavabdehdən alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, heyvandarlıqla məşğul olur. Onun Tovuz rayonu, Ceyrançöl qışlağında ferma binası var. Cavabdeh də heyvandarlıqla məşğul olur və Ceyrançöl qışlağında heyvan saxlayır. 2023-cü ilin oktyabr ayında cavabdeh ondan ferma binasını istifadə etmək üçün ona icarəyə verməsini xahiş etmiş, o, razılaşmış, mövsüm ərzində fermanı cavabdehə 10000 manata icarəyə vermişdir. Cavabdeh həmin icarə haqqından 5000 manatı ona vermiş, qalan 5000 manat müqabilində isə onun 106 baş xırdabuynuzlu heyvanı və 10 baş ana keçisinə öz vəsaiti hesabına baxmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə cavabdeh 95 baş ana qoyun, 75 baş quzu, 10 baş ana keçini ona təhvil vermişdir. Qoyunlardan 4 başı cavabdehin dediyinə görə tələf olmuş, 11 başını isə o, daha əvvəl aparmışdır. Cavabdeh 4 baş qoyunun tələf olduğunu bildirsə də, cəmi, 2 baş tələf olmuş qoyunun şəkillərini çəkib ona göndərmişdir. Yəni, onun hesabına görə cavabdeh ona daha iki baş ana qoyun, qoyunlardan doğulması ehtimal edilən ən azı daha 15 baş quzu və keçilərdən doğulması ehtimal edilən daha 10 baş çəpiş verməli idi. O, həmin heyvanları, ya da dəyərini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bundan başqa, o, cavabdehin xahişi ilə günü 25 manat olmaqla 22 gün cavabdehə çobanlıq etmiş, lakin cavabdeh onun əməkhaqqısını verməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafə etmiş, eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş izahat verərək bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında o, həqiqətən iddiaçı ilə əldə etdiyi razılığa əsasən onun 106 baş qoyununu və 10 baş keçisini qış mövsümündə Çeyrançöl qışlağında saxlamışdır. Mövsüm başa çatdıqdan sonra, yəni, 02 may 2024-cü il tarixdə iddiaçı həyat yoldaşı Şəhla Həsənova ilə birlikdə qışlağa gəlmiş, əvvəl apardığı heyvanlar nəzərə alınmaqla daha 95 baş qoyun, 75 baş quzu və 10 baş keçini seçib aparmışdır. O, iddiaçıya təklif etmişdir ki, qoyun və quzuları cütləşdirib aparsın ki, səhv düşməsin. Lakin iddiaçı etiraz etmiş, bildirmişdir ki, heyvanları say hesabı ilə aparacaq, səhv düşəcəyi halda, gətirib qaytaracaq və ya dəyişəcəkdir. Yəni, iddiaçı heç bir irad bildirmədən razılıqla heyvanları aparmışdır. Lakin sonradan iddiaçı ona zəng etmiş, dörd baş heyvanının yataqda qaldığını, dəyişik düşdüyünü demiş, 04 may 2024-cü il tarixdə heyvanları gətirmiş, dəyişib aparmışdır. O, iddiaçıya onun üçün haqqı ödənilməklə çoban işləmək təklifini etməmişdir. Bildiyinə görə, ona çobanlıq edən Asiman adlı şəxs iddiaçıya bir neçə gün onu əvəz etməsini xahiş etmiş, bunun müqabilndə ona zəhməthaqqı verəcəyini bildirmişdir. Yəni, o, iddiaçı ilə bu barədə hər hansı danışıq aparmamış, ona işləmək, bunun müqabilində ona zəhməthaqqı vermək təklifini etməmidir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki,iddiaçı onun əridir. 2023-cü ilin oktyabr ayında Ceyrançöl qışlağında yerləşən fermalarını cavabdehə 10000 manata icarəyə vermişlər. Cavabdeh iddiaçıya 5000 manat icarəhaqqı vermiş, qalan 5000 manatın əvəzinə isə onlara məxsus olan 106 baş qoyun və 10 baş keçini qış mövsümündə saxlamağı öhdəsinə götürmüşdür. Qoyunlardan 4 başı iddiaçının dediyinə görə tələf olmuş, 11 başını isə daha əvvəl aparmışlar. 02 may 2024-cü il tarixdə o, iddiaçı ilə birlikdə heyvanları təhvil almaq üçün qışlağa getmiş, 95 baş qoyun, 75 baş quzu və 10 baş keçini ayırmış və Şəmkir rayonuna aparmış və müəyyən etmişlər bir neçə heyvan dəyişik düşmüşdür. 04 may 2024-cü il tarixdə dəyişik düşmüş heyvanları da götürüb yenidən yatağa qaytımşlar. Lakin cavabdeh heyvanları dəyişməkdən imtina etmişdir. Məhkəmə iclasında dindirilmiş digər şahid X1 eyniməzmunlu ifadə vermişdir Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, o,cavabdehin yanından çoban işləyir. İddaçı saxlamaq üçün cavabdehə 106 qoyun və 10 keçi vermişdir. Onlar həmin heyvanları qış mövsümündə qışlaqda saxlamışlar. İddiaçının heyvanlarından 4 baş qoyun tələf olmuşlar. Onlar 2024-cü ilin may ayında iddiaçıya məxsus heyvanları doğulmuş 75 baş quzu ilə özünə təhvil vermiş, bu zaman iddiaçı heç bir irad bildirməmişdir. Sonradan iddiaçı doğulmuş quzuların sayının daha çox olduğunu bildirmiş, bununla əlaqədar narazılıq etmişdir. Lakin iddiaçıya məxsus qoyunların hamısı bala verməmiş, bir neçəsi isə tələf olmuş, qalmış quzuların hamsını iddiaçıya vermişlər. İddiaçı cavabdehin çobanı olmuş Asiman Quliyevin xahişi ilə zəhməthaqqı müqabilində onu bir neçə gün əvəz etmişdir. Lakin bu barədə razılığı cavabdeh iddiaçı ilə deyil, Asiman Quliyev ilə əldə etmiş, onun zəhməthaqqısı da Asiman Quliyev tərəfindən verilməli idi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin oktyabr ayında iddiaçıya məxsus 106 baş qoyun və 10 baş keçini qış mövsümündə Tovuz rayonu, Çeyrançöl qışlağında saxlamağı öhdəsinə götürmüşdür. Mövsüm başa çatdıqdan sonra, yəni, 02 may 2024-cü il tarixdə iddiaçı qışlağa gəlmiş, əvvəl apardığı heyvanlar nəzərə alınmaqla daha 95 baş qoyun, 75 baş quzu və 10 baş keçini aparmışdır. Cavabdeh iddiaçıya məxsus 4 baş qoyunun qızı mövsümündə tələf olduğunu və cəmi, 75 baş quzunun doğulduğunu bildirmiş və heyvanları iddiaçıya təhvil vermişdir. İddiaçının ehtimalına görə qız mövsümündə qoyunlardan dördü deyil, iksi tələf olmuş, 75 baş quzu deyil, 100 baş və keçilərin də 10 baş çəpişi doğulmalı idi. Yəni, cavabdeh ona daha 2 baş qoyun, 15 baş quzu və 10 baş çəpiş və ya onların dəyərini ödəməlidir. Məhkəmnin qənaətinə görə iddiaçı bu ehtimalının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim etməmişdir. Bundan başqa, o, cavabdehə məxsus heyvanları 22 gün otardığını bildirərək, 550 manat əməkhaqqının cavabdeh tərəfindən ona verilməsini tələb etmiş, lakin məhkəmə araşdırması ilə bu barədə müqavilənin iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə başqa şəxs arasında bağlanıldığı və cavabdehin üzərinə bununla əlaqədar hər hansı bir öhdəlik götürmədiyi müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar