Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-527/2025 20.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisəsi tələbi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Tolçu oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmə iddia qaldıraraq, nikah dövründə əldə olunmuş daşınmaz əşya olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məh., 5, ev 86B (ev 686) (Riad Əhmədov küçəsi, ev 35) ünvanında yerləşən yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) yarı hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının keçmiş əridir. Onlar xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonu Kiçik Qaramurad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikaha daxil olub evləndikdən sonra Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məh.5, ev 86B (ev 686) (Riad Əhmədov küçəsi, ev 35) ünvanında faktiki yaşamışlar. Cavabdeh daima evdə söz-söhbət yaradaraq dava-dalaş salmış, sonuncu dəfə isə iddiaçıya qarşı təzyiq göstərərək onu evdən qovmuşdur. Tərəflərin arasındakı nikah Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Yaşadıqları mübahisəli həmin yaşayış sahəsinin mövcud olduğu torpaq sahəsi birgə nikah dövründə əldə olunmuşdur. Torpaq sahəsi təqribən 2009-cu il tarixdə 28.000 manat məbləğində pul vəsaiti ilə alınmış, yaşayış sahəsi isə 2016-cı il tarixdə birgə nikah dövründə əldə edilmiş vəsait (70.000 manat) hesabına inşa olunmuşdur. Cavabdeh mühəndis-kommunikasiya təminatı sistemi üzrə ödənişlərə dair abonentliyi qardaşının adına keçirmişdir. Bu, bilərəkdən “izi itirmək” məqsədilə edilmişdir. Əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədin alına bilməməsi süni surətdə cavabdeh tərəfindən yubandırılır. Əslində həmin ərazidə mülkiyyət hüququ qeydə alınmış yaşayış sahələri üstünlük təşkil edir.
II. Tərəflərin mövqeləri və şahid ifadələri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh keçmiş əridir. Onların birgə nikahlarından 3 övladları olmuşdur. O, cavabdehlə ailə qurduqdan sonra bir müddət Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yaşamışlar. Cavabdeh qızıl mədənində və işıq idarəsində işləmişdir. Həmçinin ustalıq fəaliyyəti ilə məşğul olur. O, özü də təsərrüfatla məşğul olub qazanc əldə etmişdir. Daha sonra isə onlar Bakı şəhəri, Savalan yaşayış massivində ev inşa etməyə başlamışlar. Onlar Bakı şəhərində 2012-ci il tarixdə torpaq sahəsi almışlar. Onların birgə qazancı nəticəsində toplanmış pul məbləğləri, onlar üçün ev inşa etməsi məqsədi ilə cavabdehin qohumu Qabilə göndərilmişdir. Qabil evin hörgü hissəsinin inşasına nəzarət etmişdir. Evin hörgüsü başa çatdıqdan sonra isə evin daxili təmirinin bütün işlərini cavabdeh özü etmişdir. Onlar Bakı şəhərində yerləşən həmin evdə yaşamağa başladıqdan bir müddət sonra cavabdeh spirtli içki qəbul etməyə və ailədə münaqişə yaratmağa başlamışdır. Cavabdeh dəfələrlə onu və övladlarını evdən qovmuşdur. Ayrılmalarına səbəbdə məhz bu olmuşdur. Onun həmin fərdi yaşayış evində 30 illik haqqı vardır. Mebel əşyaları cavabdehin bacısı Ulduz tərəfindən gətirilmiş usta tərəfindən yığılmışdır. Həmin usta sadəcə mebel əşyasını yığmışdır. Eləcə də, həmin əşyalar onun qızıl əşyaları satılmaqla alınmışdır. Qeyd edilən fərdi yaşayış evi onun və cavabdehin birgə nikahları dövründə əldə etdikləri qazancla inşa edilmişdir. O, cavabdehlə ayrılmış və aralarıdna olan nikah pozulmuşdur. Torpaq sahəsini Cavabdeh Lənkəran sakini olan Zəkifə adlı şəxsdən aldığını bilir. Torpaq sahəsinin alqı-satqısı barədə danışıqlarda o olmamışdır. Torpaq sahəsi əvvəlcə Faiqin, daha sonra qardaşı Şaiqin adına olmuş və ən sonda torpaq sahəsi Ulduzun adına keçirilmişdir. Torpaq sahəsi 28.000 manat alınmışdır. Onların maddi durumları yaxşı olmadığına görə evin tikintisi mərhələli şəkildə aparılmışdır. Tikinti işlərində Faiq iştirak etmişdir. Evin daxili təmir işləri Faiqin özü tərəfindən görülmüşdür. Həmçinin təmir işlərində o özü də Faiqə köməklik etmişdir. Onlar 2021-ci ildə həmin fərdi yaşayış evinə köçmüşdür. Onlar evdə yaşa-yaşa evin təmir işləri davam etmişdir. 20 mart 2024-cü il tarixə kimi həmin evdə yaşamışdır. Həmin tarixdə gecə saat 11 də cavabdeh onu evdən qovmuşdur. Hazırda həmin evin qiyməti 120.000 manatdır. Ev iki mərtəbədən ibarətdir. Birinci mərtəbədən evə daxil olarkən, ortadan kolidor keçir, sağ tərəfdə mətbəx, solda isə 10 metr uzunluğundə otaq yerləşir, baş tərəfdə isə hamam və sanitar qovşaq otağı yerləşir. Nərdivan vasitəsi ilə ikinci mərtəbəyə çıxılır. İkinci mərtəbənin döşəməsi və tavanı vurulub, tam təmiri başa çatmamışdır. İkinci mərtəbədə 4 otaq nəzərdə tutulmuşdur. Otaqların arası kəsilməmiş və qapı qoyulmamışdır. Pəncərələrə plastik pəncərələr quraşdırılmış və pəncərənin çöl tərəfinə dəmir barmaqlıqlar yığılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirdi ki, torpaq sahəsinin 2009 və ya 2012-ci il tarixdə alıb-alınmaması əhəmiyyət kəsb etmir. Ülkər Qasımov həmin fərdi yaşayış evində yaşamışdır və həmin ev iddiaçı ilə cavabdehin birgə qazancı hesabına əldə edilmişdir. Onun tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, fərdi yaşayış evinin sayğacları 2019-cu il tarixdə Cavabdeh adına açılmış, daha sonra sayğaclar Şahid2 adına keçirilmişdir. Ən sonda isə sayğaclar X8 adına keçirilmişdir. Cavabdeh iddiaçı ilə aralarında yaranan münaqişəyə görə sayğacı öz adından çıxarmışdır. Mebel əşyalarının Şahid4 tərəfindən yığıldığı bildirilir. Lakin, həmin mebel əşyaları İddiaçı qızıl-zinət əşyalarının satılması nəticəsində əldə edilmiş pul məbləği hesabına alınmışdır. Mebel əşyalarının Şahid4 tərəfindən yığdırılması heç nəyi dəyişmir. Cavabdeh özü ustadır. Fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə və birgə qazancları hesabına inşa edilmişdir. Torpaq sahəsi Zəkifə adlı xanımdan alınmışdır. Torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Savalan yaşayış massivində bildiyi qədəri ilə rəsmi sənədləşmə işlərinin aparılması mümkün olmur. Lakin torpaq sahəsi cavabdeh tərəfindən Zakifə adlı xanımdan alınmışdır. Aralarında yaranmış ailə münaqişəsinə görə cavabdeh iddiaçının ona qarşı iddia qaldırmasından ehtiyat edərək evin kommunal sayğaclarını adından çıxarmışdır. İddiaçı cavabdeh tərəfindən şiddətə məruz qalmış və evdən çıxarılmışdır. Həmçinin cavabdeh spirtli içki aludəsiçidir. Bunlara görə iddiaçı cavabdehdən ayrılmaq məcburiyyətində qalmışdır. Şahid qismində təqdim edilmiş şəxslər cavabdehin qohumlarıdır. Həmin şahidlər verdikləri ifadələrində səmimi olmaya və cavabdehin lehinə ifadə verə bilərlər. Fərdi yaşayış evinin iddiaçının və cavabdehin birgə qazancları hesabına və birgə nikah döründə əldə etmələrini təsdiq edən kifayət qədər əsaslar və sübutlar var. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh Tolçu oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı ərizəsində torpaq sahəsini 2009cu il tarixdə alındığını qeyd etsə də, məhkəmə iclasında torpaq sahəsinin 2012-ci il tarixdə aldığını bildirir. Bu da onu göstərir ki torpaq sahəsi iddiaçı tərəfindən alınmamışdır və ziddiyətlər yaranır. 19 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərarda izahatlarda Ulduz Sezər Bakı şəhəri Savalan yaşayış massivində özünə ev tikdirmək istədiyini və bununla bağlı Qabillə razılaşdığını bildirmiş, həmçinin Qabildə izahatında aralarında belə bir razılaşmanın olduğunu və evin bir hissəsinin inşa edildiyini bildirmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi X16 məxsusdur. Torpaq sahəsi Ulduz tərəfindən alınmış, fərdi yaşayış evi Ulduz tərəfindən inşa edilmiş və bütün xərcləri Ulduz tərəfindən qarşılanmışdır. Cavabdeh və Ülkər Qasımov müvəqqəti olaraq həmin fərdi yaşayış evində yaşamışdır. Fərdi yaşayış evinin X14 adına olması barədə hüquq müəyyənedici sənədlər olmasa da, sonuncuya məxsusdur. Qeyd edilən hallar şahid ifadələri və digər sübutlarla təsdiqini tapır.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəməyə ərizə göndərmiş və ərizəsində qeyd etmişdir ki, qeyd olunan Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məhəllə 5 ev 86B (ev 686) (Raid Əhmədov küçəsi, ev 35)ünvanında yerləşən torpağ sahəsi Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümyəndəliyi aparatının qərarından olan 3 saylı 17 mart 1998-ci il çıxarışından göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 1999-cu il tarixli 123 saylı və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində 5-ci kvartalı sahə 86B mənə 900 kvm həyətyanı torpağ sahəsi ayrılmışdır. 2012-ci ilin əvvəlində Türkiyə Respublikasını vətəndaşı olan Sezer (Məmmədova) Ulduz Yolçu qızı biləndə ki, ona ayrılmış 9 sot torpaqdan 6 sotu torpaq sahəsi satır. Ona müraciət etmişdir ki, 6 sot torpaq sahəsini ona satsın. 2012-ci ilin dekabr ayında onlar həmin 6 sot torpaq sahəsini rəsmiləşdirmək üçün Bakı şəhərində yerləşən xüsusi notarius X11 yanında torpağın alqı-satqısını rəsmiləşdirmək istəyəndə məlum olmuşdur ki, X22 Respublikasının vətəndaşı olduğu üçün bu əməliyyatı aparmaq mümkün deyil. Buna baxmayaraq, o torpağa dair sənədi və şəxsi notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surətini Ulduz Sezerə vermişdir. Ulduz ona həmin torpağ sahəsinin 0,06 sotunun dəyərini, yəni 28.000 (iyirmi səkkiz min) ABŞ dolları pul vermişdir. Bir müddət sonra o qalan 3 sot torpağ sahəsini Ulduz Sezərdən satmağına ona kömək etməsini xahiş etmişdir. Fikirləşmişdir ki qalan 3 sot torpağı Ulduz alar. Ulduz ona bildirmişdir ki, Türkiyə Respublikasında yaşadığı üçün bunu edə bilməyəcək və qohumu X3 evin tikintisini aparması üçün etibarnamə verəcək və pulu özü Türkiyə Respublikasından ona göndərəcəkdir ki, Qabil evin tikintisinə başlasın. Sonralar uzun müddət Ulduz Sezeri görməmiş, lakin bəzi tikinti işlərinin aparılmasını görmüşdür. X20 2018-ci ildə həmin ərazidə görmüş və Ulduz ona demişdir ki, Qabil adlı qohumu onu aldadaraq, o evin tikintisi üçün göndərdiyi pulu mənisəmişdir. Əlavə olaraq həmin torpağ sahəsini öz adına keçirtmək istəmişdir. İddiaçı və onun həyat yoldaşı Cavabdeh o həmin ərazidə olduğu dövrdə (2022-ci ilə qədər) görməmişəm. 2022-ci ildən sonra Lerik şəhərinə yaşamağ üçün getmişdir.
7. Şahid4 məhkəmə iclasında bildirdi ki, cavabdeh onun qardaşı, iddiaçı isə qardaşının arvadı olmuşdur. 30 ilə yaxın iddiaçı ilə birgə yaşamışdır. X4 yaşayır. İddiaçı ilə cavabdeh evləndikdən sonra iddiaçı onun yaşlı anası ilə yol getməmişdir. O, iddiaçıya dəfələrlə pul göndərmiş, öz övladları olmadığına görə iddiaçının övladlarını öz övladı kimi bilmiş və böyütmüşdür. Anası 2001-ci ildə rəhmətə getmişdir. İddiaçı dəfələrlə uşaqları atıb getmiş və cavabdehlə aralarında ailə münaqişələri yaranmışdır. 2010-cu il tarixdə ona məxsus olan lakin bacısının adına olan Mingəçevir şəhərində yerləşən fərdi yaşayış evini satmış və Bakı şəhəri, Savalan yaşayış massivində yaşayan xalası qızının ərinə həmin yaşayış massivində ona torpaq sahəsi tapmasını xahiş etmişdir. O, Bakı şəhəri, Savalan yaşayış massivində Zəkifə xanıma məxsus torpaq sahəsini 28.000 ABŞ dollarına almışdır. Cavabdeh həmin torpaq sahəsini almaq üçün ona pul verməmişdir. O, başqa ölkə vətəndaşıdır. Ona görə də, aldığı torpaq sahəsinin sənədləşdirilmə, tikiləcək evə sayğac quraşdırılma və digər işlərin görülməsi üçün etibarnaməni qardaşı Cavabdeh adına verilmişdir. Bundan sonra 2015-ci il tarixdə qohumu, bacısının kürəkəni Qabil Məmmədov ona memar olduğunu və Savalan yaşayış massivində ev tikməkdə ona köməklik edə biləcəyini bildirmişdir. O, da Türkiyə Cumhuriyyətinə getməli olduğundan Qabil Məmmədovla razılaşmış və Qabilə onun üçün ev tikdirməsi üçün 10.000 ABŞ dolları pul vermişdir. Qabil evin inşasına başlamış və o Türkiyəyə getmişdir. Bundan sorna da Qabil evin inşası üçün ondan dəfələrlə pul istəmiş və o göndərmişdir. Ölkəyə qayıtdıqdan sorna Qabilin evi tam inşa etmədiyini və ondan aldığı pul məbləğini mənimsədiyi bilmişdir. O, Qalibi polisə şikayət etmiş, polisdən isə ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan sorna o həmin evin tikintisini davam etdirmişdir. Ülkər ona kənddə yaşaya bilmədiyini və Bakıda yaşamaq istədiyini bildirmişdir. O, evin birinci mərtəbəsini yaşamaq üçün hazırlatmış və Ülkərgili ora köçürtmüşdür. Ülkər və Faiq bir müddət orada yaşamışdır. Daha sonra Ülkər evdən çıxıb getmişdir. Ülkərin tələbi ilə Cavabdeh kommunal sayğacları digər qardaşı Şahid2 adına keçirtmiş və getmişdir. Hazırki mübahisəli fərdi yaşayış evi ona məxsusdur və o inşa etdirmişdir. İddiaçının bildirdikləri yalandır. İddiaçı hər hansı qızıl əşyasını satıb evin təmiri və ya mebel əşyaların alınmasına sərf etməmişdir.
8. Şahid3 məhkəmə iclasında bildirdi ki, o, mebel ustasıdır. Ona 2023-cü ilin qış aylarıda Türkiyə nömrəsində zəng gəlmiş və Bakı şəhəri Savalan yaşayış massivində yerləşən evə mebel yığılmalı olduğunu bildirmişdir. Onunla əlaqə saxlayan Ulduz xanım olmuşdur. O. Ulduz xanıma ölçüləri götürmək üçün evə baxılmalı olduğunu bildirmiş, Ulduz xanım isə qardaşı Faiqin və yoldaşının qış aylarında ona məxsus evdə yaşadıqlarını və evdə olduqlarını, onu qardaşı Faiqin qarşılayacağını bildirmişdir. Faiq onu qarşılamış və lazımi ölçü işlərini götürmüş və getmişdir. O, yığılacaq mebel əşyasının qiymətini Ulduz xanımla razılaşmış və danışmışdır. Digər şəxslərlə bununla bağlı hər hansı söhbət aparmamışdır.
9. Şahid2 məhkəmə iclasında bildirdi ki, Cavabdeh onun qardaşı, İddiaçı isə qardaşının arvadıdır. Bacısı Şahid4 Mingəçevir şəhərində yerləşən evini sataraq Bakı şəhəri Savalan yaşayış massivində torpaq sahəsi almışdır. Torpaq sahəsinin alınmasından o da iştirak etmişdir. Torpaq sahəsini almağa o, Ulduz və qardaşı Faiq getmişdir. Onlar torpaq sahəsini 28.000 ABŞ dollarına razılaşmışlar. Torpaq sahəsini satan şəxs torpaq sahəsinin xarici ölkə vətəndaşına satılmasının, yəni sənədləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Ona görə də, qardaşı Cavabdeh adına etibarnamə verilmişdir ki, daha sorna sənədləşmə Ulduzun adına aparılsın. O, ticarətlə məşğul olur və başqa ölkələrə gedib-gəlir. Ona görə də, etibarnamə onun yox, Faiqin adına verilmişdir. Bacısı Ulduz evin tikintisi ilə bağlı digər bacısının kürəkəni Qabilə pul göndərmişdir. Bildiyi qədər ilə bacısı Ulduzun Qabilə göndərdiyi pul ilə evin tikintisində uyğunsuzluq olmuşdur. Yəni Qabil göndərilən pulun hamsını evə sərf etməmişdir. Buna görə də problemlər yaranmışdır. Bundan sonra o, Faiq və digər qohumları evin tikintisinə köməklik etmişlər və evin tikintisi başa çatmışdır. Qardaşı Faiq işləyib qazanc əldə edən şəxs deyil. Spirtli içki aludəçisidir. Ev qardaşı tərəfindən tikilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
12. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-784/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında 12 yanvar 1995-ci il tarixdə Gədəbəy rayonu Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmiş nikah pozulması qət edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. - Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 23 may 2024-cü il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında olan, abonent kodu **********10 olan su sayğacı Şahid2 adınadır və qeyd edilən müqavilə onunla bağlanmışdır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında olan, abonent kodu **********10 olan su sayğacı X10 adınadır və qeyd edilən müqavilə onunla bağlanmışdır. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2025-ci il tarixli, AK-05990/02-25 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən, abonent kodu **********00088 olan qaz sayğacı Şahid4 adınadır və qeyd edilən müqavilə onunla bağlanmışdır. - AR seriyalı 229846 nömrəli, xx.xx.2012-ci il tarixdli etibarnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X1 rayonu, Kiçik Qaramurad kənd sakini Cavabdeh aşağıdakı səlahiyyətləri etibar etmişdir; (etibarnamə xx.xx.2112-ci il tarixədək qüvvədədir.) “həmin etibarnamə ilə, Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərardan çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 86 B saylı sahədə yerləşən 900 kv.m torpaq sahəsini qanuna uyğun olarsa özəlləşdirməyi, sənədləşdirməyi, özəlləşdirdikdən sonra 600 kv.m sahənin üzərinə tikinti işləri aparmağı, DTXK-dən Kadastr planı almağa tikinti işləri aparıldıqdan sonra həmin torpaq sahəsinə və tikiliyə aid olan sənədləri toplayıb Azərbaycan Respublikasının ƏMDK DƏDRX-nin Ərazi İdarəsindən DƏDR-dən çıxarış almağı, həmin torpaq sahəsinin və tikilinin üzərində sərəncam verməyə, gələcəkdə alqı-satqı etməyə, ipoteka (girov) qoymağa, sənədləri toplamağı və digər sənədləri onun adından istənilən dövlət və qeyri dövlət orqanına təhvil verməyi adından sənədləşmə işləri aparmağı, sənədləri lazımi orqanlarda qeydiyyatdan keçirməyi, əvəzindən müqavilə imzalamağı və rəsmiləşdirməyi, ərizə ilə müraciət etməyi, imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətləri yerinə yetirməsini etibar edirəm.” - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 1999-cu il tarixli 123 saylı və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində 5-ci kvartalı sahə 86B ünvanın 900 kv.m həyətyanı torpağ sahəsi ayrılmışdır. - Bakı şəhər Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytanantı X2 19 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Türkiyə Respublikası, Balıkəsir Akçay şəhəri, Yeni məhəllə küçə 218, 6/4 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül prospekti Z.Bünyatov küçəsi, nömrəsiz yeni tikili evdə yaşayan X18 xx.xx.2018-ci il tarixdə Sabunçu RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Yeni yaşayış massivi ərazisində yerləşən torpaq sahəsində qohumu X5 onun üçün ev tikəcəyi adı ilə ondan ümümilikdə 27365 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Bununla bağlı araşdırma aparılmış və toplanmış material üzrə cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatlari Agentliyi “İri şəhərlərin birləşmiş Su Təchizati Xidməti” publik hüquqi şəxsi Sabunçu rayon Sukanal İdarəsi tərəfindən ünvan 7 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Cavabdeh ilə (abonent kodu: **********010) xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə (müqavilə: ********) əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ev 686-da yerləşən mənzil su ilə təchiz edilmiş, su xətti üzərində CSS-20 markalı, 19101880 nömrəli mexaniki su sayğacı quraşdırılmışdır. Sonradan xx.xx.2024-cü il tarixində Şahid2 və xx.xx.2025-ci il tarixində Şahid4 müraciəti təqdim etdiyi müvafiq sənədlər əsasında abonent məlumatları dəyişdirilmişdir. Hazırda qeyd olunan ünvanda sudan istifadəçi kimi abonent kodu Şahid4 adına qeydiyyata alınmışdır. Sudan istifadəyə görə hazırda abonentin hesabında borc yoxdur. - "xxxx" ASC tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, **********70252 nömrəli abunə kodu xx.xx.2019-cu il tarixdə Cavabdeh adına açılmışdır. Şahid2 “Asan Kommunal" mərkəzinə xx.xx.2024-cü il tarixli, EADX**********5550 nömrəli müraciətinə əsasən **********70252 nömrəli abunə kodu öz adına keçirilmiş, bundan sonra Şahid4 “Asan Kommunal" mərkəzinə xx.xx.2025-ci il tarixli, EADX**********3301 nömrəli müraciətinə əsasən həmin kod Ulduza Məmmədovanın adına keçirilmişdir.
13. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı nikahlarını 12 yanvar 1995-ci il tarixdə Gədəbəy rayonu Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Tərəflər arasında ailə münasibətləri pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında aralarında olan nikah pozulmuşdur. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məh., 5, ev 86B (ev 686) (Riad Əhmədov küçəsi, ev 35) ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyini iddia etmiş və bölünməsini tələb etmişdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin, Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Müraciətdə göstərilən ilk iddia ərizəsinin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verildiyi halda, daşınmaz əşyalarla bağlı qarşılıqlı iddianın hansı məhkəmədə baxılmalı olmasına dair məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.3-cü maddəsində imperativ formada müəyyən edilmişdir ki, qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
16. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. - 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
19. Göründüyü kimi, daşınmaz əmlaka hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Eləcə də, birgə nikah dövründə əldə edilmiş əmlaklar ər və arvadın ümumi mülkiyyəti hesab edilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
22. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, hazır ki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məh., 5, ev 86B (ev 686) (Riad Əhmədov küçəsi, ev 35) ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məhkəmədə müəyyən edilmir. Həmçinin həmin daşınmaz əmlaklar üzərində tərəflərin adına mülkiyyət hüququnun olmasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eləcə də, iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər üzrə kommunal sayğacların hər hansı şəxsin adına olması fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının yaranması anlamına gəlmir.
24. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi halın əksinə, mübahisə predmeti olan torpaq sahəsinin Şahid4 tərəfindən alınması (qeyri-rəsmi olaraq), həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin Şahid4 tərəfindən inşa edilməsi hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakların tərəflərin birgə nikahları dövründə əldə edilməsi və onların hər hansı birinə məxsus olması faktı təsdiqini tapmır.
26. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə” iddiası rədd edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov