Məhkəmə qərarları › İş №e-2(043)-1603/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-1603/2022

06.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-1603/2022 06.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdeh X1 qarşı «əmlak tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı «əmlak tələbi»nə dair elektron iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehdən tələb olunan əşyaların qiymətləri hesablandıqda, tələb olunan əşyaların ümumi dəyərinin 11660 manat olması müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 112.1.2-ci maddəsində göstərilir ki, əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.1.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəməyə verilən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddianın qiyməti 11660 manat olduğundan, iddiaçı 124,98 manat (120 manat + 1660 manatın 0,3 faizi) məbləğində dövlət rüsumu ödəməli idi. Lakin, iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı mövcud iddia ərizəsinin verilməsi üçün 99 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra İddiaçı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa məhkəmə prosessual qənaət prinsipi baxımından qeyd edir ki, iddia ərizəsi elektron qaydada məhkəməyə ünvanlanmış olsa da, elektron iddia ərizəsinin “Tərəflər” adlanan bölməsində cavabdehin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduğu ünvan, eləcə də iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvan qeyd edilməmişdir. Digər tərəfdən, iddia ərizəsində Vəkil iddiaçının “nümayəndəsi” kimi deyil, “qanuni nümayəndəsi” kimi qeyd edilmişdir. Odur ki, təkrarən məhkəməyə müraciət edilərkən qeyd edilən halların nəzərə alınması tövsiyyə olunur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh X1 qarşı «əmlak tələbi»nə dair elekron qaydada verilmiş iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar