Məhkəmə qərarları › İş №e-2(043)-576/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-576/2022

16.02.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-576/2022 16.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, "xxxx" MMC-yə ödənilməmiş 261 manat əsas, 59 manat dəbbə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında ******* saylı, 04.11.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 449 manat olan “Arçelik” markalı 1 ədəd paltaryuyan almış, müqavilə bağlandıqdan sonra ümumi borcdan bir sıra ödənişlər aparılmışdır. Müqavilənin şərtlərinə əsasən 24 ay ərzində ödəmək şərtilə alınan malın dəyəri tam olaraq ödənilməli idi. Lakin bəzi ödənişlər həyata keçirildikdən sonra heç bir ödəniş aparılmamışdır. Cavabdehin 07.12.2021-ci il tarixə olan əsas borcu 261 manat, dəbbə borcu 59 manat təşkil edir. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Ərizəyə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış 04.11.2019-ci il tarixli, ******* saylı nisyə satış müqaviləsinə əsasən satıcı (iddiaçı) qiyməti 1349 manat olan “Arçelik” markalı paltaryuyan maşını alıcıya verməyi, alıcı isə həmin avadanlığı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.1-ci bəndi). Alıcı avadanlığın qiymətini Müqavilənin 1 saylı əlavəsində göstərilmiş qaydada ödəməlidir (4.2-ci bənd). Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə ödənişləri vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 faizi miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 1 saylı əlavəsinə əsasən alıcı (cavabdeh) 399 manat məbləğində pulu 04.12.2019-cu il tarixdən başlayaraq hər ay 17 manat, sonuncu ay isə 8 manat olmaqla 04.11.2021-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 04.11.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən avadanlığı 449 manata nisyə qaydada və 24 ay ərzində hissə-hissə ödəmək şərti ilə almış, məhsulun dəyərindən bir miqdar ödəniş etmiş, lakin 261 manat hissəsini ödəməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa cavabdeh ödənişləri gecikdirdiyi üçün nisyə alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə uyğun olaraq hər gecikdirilən gün üçün ödənilməli məbləğin 1 faizi miqdarında dəbbə pulu hesablanmışdır. Məhkəmə hesablanmış 59 manat dəbbə pulunun öhdəliyin icra edilməmiş hissəsinə nəzərən tənasübsüz dərəcədə yüksək olduğunu hesab edir. Buna görə də dəbbə pulu məbləği azaldılaraq 25 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 04.11.2019-cu il tarixli, ******* saylı nisyə satış müqaviləsi üzrə 261 manat əsas borc, 25 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 316 (üç yüz on altı) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar