Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1128/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisinə və “xxxx” KB ASC-yə qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhər 5 saylı Notariat ofisi tərəfindən aparılmış 17 noyabr 2020-ci il tarixli 8İ-6293 icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən aparılmış 17 noyabr 2020-ci il tarixli 8İ-6294 reyestr № li icra qeydinin ləğv olunması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, 2019cu ildə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və iddiaçının bibisi müstəqil tələb irəli sürən üçüncü şəxs X3 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili girov qyaraq xxxx KB ASC-dən kredit götürmüşdür. Krediti götürdükdən sonra ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında ödəmələrini etmişdir. Lakin Covid 19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi elan olunduqdan sonra fəaliyyət göstərə bilməmişlər və bu səbəbdən də banka olan ödəmələrində çətinlik yaranmış, lakin imkan daxilində yenə də ödənişlər etmişdir. Buna baxmayaraq bank pandemiya vəziyyətindən istifadə edərək ipotekaya qoyulmuş evləri ələ keçirmək niyyətinə düşmüşdür. Belə ki, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən heç bir araşdırma aparılmadan 17 noyabr 2020-ci il tarixli 8İ-6293 və 8İ-6294 reyestr № li icra qeydləri aparılaraq tutmanın ipoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi təklif olunmuşdur. Sözügedən icra qeydlərindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs yalnız Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunan zaman xəbər tutmuş və razılaşmamışlar. Belə ki, icra qeydi yalnız borcun mübahisəsiz olduğunun təstiq edildiyi halda verilə bilər. Yuxarıda qeyd etdiyi kimi, krediti götürdükdən sonra xeyli müddət ərzində ödəniş cədvəlinə uyğun olaraq banka ödənişlər etmişlər və onların banka göstərilən məbləğdən xeyli az borcları qalmışdır. Yəni icra qeydlərində qeyd edilən borc mübahisəli borcdur. Bundan başqa qanunvericiliyin tələbinə görə tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin bu barədə bank tərəfindən onlara hər hansı bir bildiriş göndərilməmişdir. Bu faktın özü sözügedən icra qeydinin ləğv olunması üçün çox ciddi bir əsasdır. Sonda iddiaçının iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən heç bir araşdırma aparılmadan 17 noyabr 2020-ci il tarixli 8İ-6294 reyestr № li icra qeydi aparılaraq tutmanın onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi təklif olunmuşdur. Həmin icra qeydindən onun yalnız İddiaçı iddia qaldırdıqdan sonra məlumatı olmuş və onunla razılaşmır. Belə ki, qanunvericiliyin tələbinə görə tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin bu barədə bank tərəfindən ona hər hansı bir bildiriş göndərilməmişdir. Bu faktın özü sözügedən icra qeydinin ləğv olunması üçün çox ciddi bir əsasdır. İcra qeydi qanunvericiliyn tələbləri pozulmaqla aparılmış və bu səbəbdən də ləğv edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X7 iddiaları qəbul etməyərək bildirmişdir ki, iddiaçının və müstəqil tələb irəli sürmüş üçüncü şəxsin ünvanına sifarişli poçt vasitəsi ilə bildiriş göndərilmiş, qanunvericiliyə əsasən həmin bildirişin göndərilməsindən 5 təqvim günü sonra bildiriş təqdim edilmiş sayılır. Bundan sonra ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə ərizə göndərilmişdir. 1 aydan çox vaxt keçdikdən sonra bank tərəfindən notariusa müraciət edilmiş və qanunvericilikdə əzərdə tutulmuş qaydada icra qeydləri verilmişdir. Notarius və bank tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Sonda iddiaların rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış 29.01.2019-cu il tarixli, 001mk/19 saylı əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdeh İddiaçı illik 28% dərəcəsi ilə 60 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. - “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış 29.03.2019-cu il tarixli, 001mk/19 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdeh İddiaçı illik 13% dərəcəsi ilə 24 ay müddətinə 36090 manat məbləğində kredit verilmişdir. - “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış 29.10.2010-cu il tarixli, 136m/10 saylı əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdeh İddiaçı ilə 60 ay müddətinə 78000 manat məbləğində kredit verilmişdir. - 12 noyabr 2010-cu il tarixli, 136m/10 saylı ipoteka müqaviləsindən görünür ki, 29.10.2010-cu il tarixli, 136m/10 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “xxxx” KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, X2 oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ələkbər bəy Rəfibəyli küçəsi, bina 16A, mənzil 40 “xxxx” KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi “xxxx” KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 28.09.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, həmin tarixə X5 “xxxx” KB ASC-yə 29085.68 manat əsas, 19.54 manat faiz, cəmi 29105.22 manat borcu vardır. - 001mks/19 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı 29.01.2019-cu il tarixli, 001mk/19 saylı kredit müqaviləsinin təminatı kimi Gəncə şəhəri, X15 küçəsi 9A ünvanında yerləşən 0.0325 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evini “xxxx” KB ASC-yə sonrakı ipotekaya qoyur. - 001mks/19 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, X8 29.01.2019-cu il tarixli, 001mk/19 saylı krdit müqaviləsinin təminatı kimi Gəncə şəhəri, Kəpəz rayonu, Xanlar küçəsində yerləşən 16A nömrəli binanın 40 nömrəli mənzilini “xxxx” KB ASC-yə sonrakı ipotekaya qoyur. - 17.11.2020-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, ipoteka predmeti olan X3 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Xanlar küçəsi, 16A nömrəli binanın 5-ci mərtəbəsində yerləşən, 48.1 kv.m ümumi, 24.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 40 saylı mənzilə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 29085.68 manat əsas, 19.54 manat faiz borcu olmaqla, cəmi 29105,22 manat borc üzrə) tutma yönəldilmişdir. - 17.11.2020-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X15 küçəsi, 9A ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 79.7 kv.m, yaşayış sahəsi 41.7 kv.m, yardımçı sahəsi 23.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 29085.68 manat əsas, 19.54 manat faiz borcu olmaqla, cəmi 29105,22 manat borc üzrə) tutma yönəldilmişdir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8i-6293 reyestr nömrəli icra qeydinin materiallarından görünür ki, 31.08.2020, 16.09.2020 və 28.09.2020-ci il tarixlərdə İddiaçı “xxxx” KB ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 23.09.2020 və 05.10.2020-ci il tarixlərdə “xxxx” KB ASC tərəfindən ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Ərazi idarəsinə ipoteka predmetinə notariusun icra qeydi qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair müraciət olunmuş, 17.11.2020-ci il tarixdə “xxxx” KB ASC tərəfindən Gəncə şəhəri 5 saylı notariat ofisinə icra qeydi aparılması üçün ərizə ilə müraciət edilmiş və tərəflər arasındakı kredit müqaviləsi üzrə zəruri sənədlər notariusa təqdim edilmiş, həmin ənədlər əsasında notarius tərəfindən icra qeydi verilmişdir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8i-6294 reyestr nömrəli icra qeydinin materiallarından görünür ki, 31.08.2020, 16.09.2020 və 28.09.2020-ci il tarixlərdə X4 “xxxx” KB ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 23.09.2020 və 05.10.2020-ci il tarixlərdə “xxxx” KB ASC tərəfindən ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Ərazi idarəsinə ipoteka predmetinə notariusun icra qeydi qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair müraciət olunmuş, 17.11.2020-ci il tarixdə “xxxx” KB ASC tərəfindən Gəncə şəhəri 5 saylı notariat ofisinə icra qeydi aparılması üçün ərizə ilə müraciət edilmiş və tərəflər arasındakı kredit müqaviləsi üzrə zəruri sənədlər notariusa təqdim edilmiş, həmin ənədlər əsasında notarius tərəfindən icra qeydi verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri əsassızdır. Çünki iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələblərində cavabdeh “xxxx” KB ASC tərəfindən onlara bildiriş göndərilmədiyini, cavabdeh notariusun icra qeydlərini qanunvericiliyin tələblərini pozmaqla apardığını bildirsələr də, notariat işlərinin materiallarından və cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən görünür ki, ipoteka saxlayan “xxxx” KB ASC tərəfindən ipoteka qoyan İddiaçı və Şəfayət Ələsgərovaya ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş sifarişli poçtla göndərilmiş, tərəflərin etirazının olub-olmaması üçün 21 gündən artıq müddət gözlənilmiş və bildirişin göndərilməsindən 1 aydan çox müddət keçdikdən sonra notariusa müraciət edilmişdir. Notarius ona müraciət edilməzdən 20 gün əvvəl ipoteka qoyanlara bildirişlər göndərilməsi barədə sənədləri aldıqdan sonra qanunvericiliyə əsasən icra qeydləri vermişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanununun 37.1-ci maddəsinə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanununun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanununun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələblərini əsassız sayır və onların rədd edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisinə və “xxxx” KB ASC-yə qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisinə və “xxxx” KB ASC-yə qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-1128/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1128/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver