Məhkəmə qərarları › İş №e-2(045)-1854/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1854/2024

19.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1854/2024 19.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakların bərabər payda bölünüb payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakların bərabər payda bölünüb payların müəyyən edilməsi barədə iddia qaldıraraq birgə nikah dövründə qazanılmış “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı 1996-cı il zavod buraxılışlı avtomaşının ½ hissəsinə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə nikahı xx.xx.2017-ci il tarixdə Gəncə Asan Xidmət X4 qeyd etdirməklə evlənmişlər. Nikahı Goranboy rayon məhkəməsi tərəfindən 2024-cü ilin oktyabr ayında pozulmuşdur. Birgə nikah dövründə “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı 1996-cı il zavod buraxılışlı avtomaşın almışlar. Nikah vaxtı o da işləmiş, xəngəl hazırlamaqla satmış, bununla evin xərclərini təmin etmişdir. Birgə nikah dövründə qazanılmış “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı 1996-cı il zavod buraxılışlı avtomaşının ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışında Cavabdeh nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı 1996-cı il zavod buraxılışlı avtomaşın birgə nikah vaxtı alınmış, lakin avtomaşın Cavabdeh şəxsi vəsaiti hesabına alınmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışında cavabdehin vəsatəti əsasında şahid qismində izahat vermiş X8 izahatında bildirmişdir ki, o heyvan saxlayır, may ayında Cavabdeh anasından 4200 manata inək almışdır. Məhkəmə baxışında cavabdehin vəsatəti əsasında şahid qismində izahat vermiş X1 izahatında bildirmişdir ki, Cavabdeh onun bacısı oğludur. O bacısına 4500 manat borc vermişdir, bacısı maşın aldıqlarına görə onlara pul lazım olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş doğum haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına xx.xx.2014-cü il tarixdən 2020-ci il tarixədək “VAZ 2121” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobil qeydiyyatda olmuşdur. Cavabdeh adına xx.xx.2022-ci il tarixdən hal-hazıradək “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(045)-941/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Regional Asan Xidmət X4 22 iyul 2017-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1450 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahından 2xx.xx.2018-ci il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Gəncə 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 55 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Elektron məhkəmə informasiya sistemində Cavabdeh əmlak məlumatlarından görünür ki, “Mercedes Benz C 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 22 iyul 2017-ci il tarixdə nikaha daxil olmuşdur. Cavabdeh adına xx.xx.2022-ci il tarixdən hal-hazıradək “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(045)-941/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 1 saylı Regional Asan Xidmət X4 22 iyul 2017-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1450 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İşin göstərilən halları iddiaçı tərəfin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində isə təsbit edilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3.1-ci bəndində əsasən Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3.6-cı bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3.15-ci bəndinə əsasən Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3.16-cı bəndinə əsasən sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Belə ki, cavabdeh “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün xərclənən vəsaitin şahid ifadələri əsasında borc alınması və heyvanın satılması nəticəsində alındığını bildirsə də, şahidin izahatında heyvanın may ayında satıldığı bildirilmiş, borcun isə hansı tarixdə alınması barədə şahid konkret tarixi qeyd edə bilməmiş, “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, borcdan əldə edilən və heyvanın satılmasından əldə edilən vəsaitin sırf “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına sərf edilməsinə dair sübutlar mötəbər hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, “Mercedes Benz C 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı ½ hissədə pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı iddia üzrə birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi qoyulduğundan tərələrin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü ilə bağlı iddia ərizəsində göstərilməyən xüsusatları müyyən etməyi məhkəmə zəruri hesab etmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Mercedes Benz C 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı ½ hissədə pay hüququ müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar