Məhkəmə qərarları › İş №e-2(045)-688/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-688/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-688/2024 21.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1269,23 (min iki yüz altmış doqquz manat, iyirmi üç qəpik) manat məbləğində verilmiş sığorta ödənişinin və 33,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki "xxxx" ASC-də 04 avqust 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış "Chevrolet Malibu" markalı 77PV919 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 23 iyul 2023-cü il tarixdə Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan "VAZ- 21074" markalı 35BF911 dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması nəticəsində zədələnmişdir. Goranboy PŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilin zədələnməsi ilə əlaqədar 5500 manat məbləğində sığorta ödənişi verilmişdir.Zərərvuran sığortacı olan AR dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 4230,77 manat "xxxx" ASC-yə ödənilmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin qalıq məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı "xxxx" ASC məhkəməyə gəlməmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını iştirakları olmadan keçirərək baxılmasını və işi mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbində göstərilən məbləği ödəməyə imkanı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə barəsində 80 manat məbləğində cərimə inziabti tənbeh növü tətbiq edilmişdir; MİG-0057/23 nömrəli sığorta ödənişi aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Goranboy şəhərində baş vermiş hadisə nəticəsində zədələnmiş "xxxx" MMC-yə məxsus “Chevrolet Malibu” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə 5500 manat məbləğində müəyyən edilmişdir; 28 sentyabr 2023-cü il tarixli “ödəniş tapşırığından” görünür ki "xxxx" MMC-nin hesabına "xxxx" ASC tərəfindən 5500 manat məbləğində pul köçürülmüşdür; "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “dəymiş zərərin hesablanmasına dair” aktdan görünür ki, “Chevrolet Malibu” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6500 (ehtiyyat hissələrinə görə 5295 manat və usta xidməti 1205 manat) manat təşkil edir; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, 1498 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh barəsində Azərbaycan Respbulikası İXM-in 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin DYPB-nə göndərilməsi nəzərə alınmışdır; Hökümət ödəniş portalının xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 33 manat məbləğində dövlət rüsumuvə 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 23 iyul 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “VAZ-21074" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Goranboy şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Chevrolet Malibu” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" MMC-yə məxsus “Chevrolet Malibu” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə vurulmuş zərər 5500 manat dəyərində qiymətləndirilmiş, sığortaçı «Günay Sığorta” ASC nəqliyyat vasitəsinin tam sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxs "xxxx" MMC-yə ödəmiş, zərərvuranın sığortaçısı olan AR Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən də "xxxx" ASC-yə 4230,77 manat ödənilmiş, nəticədə ödənilmiş sığorta ödənişi üzrə qalıq 1269,23 manat məbləğə dair iddiaçının subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində 33,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıkı tələb üzrə 33 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,40 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından və ödənilmiş tələbə mütənasib olaraq məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməli cavabdehən ödənilmiş 32,69 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1269,23 (min iki yüz altmış doqquz manat, iyirmi üç qəpik) manat məbləğində verilmiş sığorta ödənişi və ödənilmiş 32,69 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1269,23 (min iki yüz altmış doqquz manat, iyirmi üç qəpik) manat məbləğində verilmiş sığorta ödənişi və ödənilmiş 32,69 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar