Məhkəmə qərarları › İş №e-2(046)-724/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-724/2023

03.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-724/2023 03.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Firudin oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 600 manat sığorta ödənişi məbləğinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “VAZ 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər yetirmişdir. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “VAZ 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 400 manat və “VAZ 21063” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 200 manat sığorta ödənişi həyata keçirmişdir. Yolnəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı Sığorta Şirkəti ASCnin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Elməddin Rəhimov məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün sayılmışdır. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabata dair çıxarışdan görünür ki, baş vermiş yol-nəqliyyat hasdisəsi zamanı «Vaz 21074» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 400 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabata dair çıxarışdan görünür ki, baş vermiş yol-nəqliyyat hasdisəsi zamanı «Vaz 21011» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 200 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 10559 və 10262 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən «Vaz 21074» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 400 manat və «Vaz 21011» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 200 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında AP 138780 saylı xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək,barəsində inzibati tənbeh tətbiq edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla,sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində «VAZ 21074» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və «VAZ 21011» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. «VAZ 21074» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 400 manat və «VAZ 21011» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 200 manat maddi ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Həmin avtomobilə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Hadisə zamanı «VAZ 21074» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan və «VAZ 21011» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan sığortaçı "xxxx" ASC-i tərəfindən hesablanmış və hər iki avtomobilə görə 600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərərvuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 600 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh üzərinə qoyulmalı, bununla da iddia təmin edilməli,məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 600 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində və 40 qəpik xidmət haqqı,cəmi 30 manat 40 qəpik məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar