Məhkəmə qərarları › İş №e-2(047)-123/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-123/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-123/2025 07.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin direktoru X1 iddia tələbinin həcminin azaldlmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 25029,79 manat məbləğində dəymiş ziyanın, mediasiya xidmətinə görə ödədiyi 50 manatın və ödənilmiş 251 manat dövlət rusumunun tutulub İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 21 may 2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı QSC-də satış təmsilçisi vəzifəsində çalışmış, bununla bağlı cavabdehlə İddiaçı QSC arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır. Cavabdeh işlədiyi müddət ərizəndə ayrı-ayrı şəxslərin adına mal yazaraq həmin malları müştərilərə verməmiş, başqa-başqa şəxslərə sataraq malların pulunun yarısını cəmiyyətə ödəmiş yarısını isə mənimsəmişdir. Cavabdeh tərəfindən adına mal yazılmış müştərilərdən bir neçəsi tərəflərindən aşkar edilmiş, həmin müştərilər ilə cəmiyyətin audit şöbəsinin əməkdaşları görüşmüş və onlarla təhvil-təslim aktı imzalanmışdır. Təhvil-təslim aktlarına əsasən cavabdehin bildirdiyi kimi həmin müştərilərin heç birində borc aşkar edilməmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq vurmuş olduğu ziyanın ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavadehin qanunsuz əməllərinə əsasən iddiaçıya 53436,94 manat məbləğində ziyan dəymişdir. Lakin "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən Cavabdeh tərəfindən hal-hazırda İddiaçı QSC-yə ümumilikdə 25029,79 manat məbləğində ziyan vurulmuş və ona görə də bununla bağlı iddia tələbinin həcminin azaldlmasına dair ərizə ilə məhkəməyə müraciət edib iddia tələbinin həcmini azaldaraq Cavabdeh 25029,79 manat dəymiş ziyanın, mediasiya xidmətinə görə ödədiyi 50 manatın və ödənilmiş 251 manat dövlət rusumunun tutulub İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən də, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, Cavabdeh 25029,79 manat dəymiş ziyanın, mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pulun və ödənilmiş 251 manat dövlət rusumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, İddiaçı QSC ona qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin o, iddia tələbini qəbul etmir. Belə ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə o, həmin QSC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2024-cü il tarixli əmrlə isə işdən azad edilmişdir. Onun İddiaçı QSC-yə 53436,94 manat zərər vurduğu İddiaçı QSC tərəfindən müəyyən edilmişdir. Bundan sonra onun iştirakı olmadan "xxxx" MMC tərəfindən xx.xx.2025ci il tarixli müvafiq rəy tərtib edilərək həmin rəyə əsasən onun İddiaçı QSC-nə 25029,79 manat ziyan vurduğu müəyyən edilmişdir. Lakin o, bununla razılaşmır və İddiaçı QSC-də satış təmsilçisi vəzifəsində işlədiyi müddət ərzində vurulmuş 25029,79 manat ziyanı qəbul etmir. Ona görə ki, o, həmin yoxlamanın və audit rəyinin nəticələri ilə razılaşmır. Belə ki, İddiaçı QSC iddia ərizəsində və iddia tələbinin həcminin azaldılmasına dair ərizədə göstərdiyi əmlakları ona təhvil verməmiş, həmçinin təhvil-təslim aktlarında onun imzası da yoxdur. İddiaçı QSC-nin müdiriyyəti qeyd edilən ziyan məbləğini öz mülahizələrinə əsasən müəyyən etmişdir. Beləliklə də İddiaçı QSC-nə 25029,79 manat ziyanın dəyməsində onun təqsiri sübuta yetirilmir. Həmçinin İddiaçı QSC-nə 25029,79 manat ziyanın dəyməsi ilə bağlı onun izahatı da alınmamışdır. Ona görə də hesab edir ki, İddiaçı QSC-nin iddia ərizəsində və iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində qeyd etdikləri ilə bağlı onun heç bir əlaqəsi olmadığından qeyd edilən iddia tələbi təmin edilməməlidir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqavildən, əmrdən çıxarışdan, bildirişdən və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı QSC-nə xx.xx.2020-ci il tarixdən satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, onunla tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmış və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC üzrə xx.xx.2024-cü il tarixli 38 ç saylı əmrdən çıxarışdan və bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən və ona əlavə edilmiş sənədlərdən görünür ki, auditə təqdim edilmiş sənədlərə əsasən debitor borcları üzrə kənarlaşmanın məbləği 25029,79 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 833,12 manat fərq yaranmış və həmin təhvil-təslim aktında yalnız müştərinin imzası olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 16751,88 manat fərq yaranmış və həmin təhvil-təslim aktında heç bir imza olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 6000 manat fərq yaranmış və həmin təhvil-təslim aktında yalnız müştərinin imzası olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 438,83 manat fərq yaranmış və həmin təhvil-təslim aktında yalnız müştərinin imzası olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 460 manat fərq yaranmış və həmin təhvil-təslim aktında Cavabdeh və müştərinin imzası olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 545,30 manat fərq yaranmış və həmin təhvil-təslim aktında yalnız müştərinin imzası olmuşdur. İş materiallarına əlavə olunmuş mediator Nicat İsmayılov tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, İddiaçı QSC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 20 saylı Mediasiya Təşkilatına müraciət etsə də tərəflər xx.xx.2024-cü il tarixə saat 12:00-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmiş və buna görə İddiaçı QSC tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə hesabatından görünür ki, Cavabdeh İddiaçı QSCnə vurmuş olduğu ziyanın məbləği 53436,94 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Cavabdeh sentyabr ayı ərzində geri qaytarılma limitini aşmış və bununla bağlı ona xəbərdarlıq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Həmin Məcəllənin 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edlilməsi əsaslarından biri kimi müəyyən etmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı İddiaçı QSC-də zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, tərtib olunmuş xx.xx.2024-cü il tarixli təhviltəslim aktlarından yalnız birində cavabdehin imzası olduğundan və həmin akta əsasən də çatışmazlığın 460 manat təşkil etməsi sübut olunduğundan, xx.xx.2024-cü il tarixli digər təhvil-təslim aktlarında isə cavabdehin imzası olmadığından, həmçinin cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə çatışmazlığı qeyd olunan malların cavabdehə tam təhvil verilməsi sübuta yetirilmədiyindən iddiaçı tərəfindən İddiaçı QSC-də bütünlüklə dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər, yəni xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarından yalnız birində cavabdehin imzası olduğundan və həmin akta əsasən də çatışmazlığın 460 manat təşkil etməsi sübut olunduğundan həmin aktdan başqa iddiaçı tərəfindən təqdim edilmiş digər sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbinin qismən, yəni 460 manat ziyanın vurulması hissəsində təmin olunması tam qanuni və əsaslıdır. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 251 manat dövlət rusumunun 30 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 221 manatı, həmçinin ödənilmiş 50 (əlli) manat mediasiya xərci isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 460 manat dəymiş ziyan qismində pul, ödənilmiş dövlət rüsumunun 30 manatı tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 221 manatı, həmçinin ödənilmiş 50 (əlli) manat mediasiya xərci isə iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 460 (dörd yüz altmış) manat dəymiş ziyan qismində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 221 (iki yüz iyirmi bir) manatı və 50 (əlli) manat ödənilmiş mediasiya xərci iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar