Məhkəmə qərarları › İş №e-2(047)-819/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-819/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-819/2024 05.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ilə məhkəməyə müraciət еdərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 13:00 radələrində Göyçay rayonu, Potu kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Howo” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 idarə etdiyi “Shacman” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil və X7 idarə etdiyi “Mercedes Benz E230” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin nəqliyyat vasitəsinə zərər vurmuş, eləcə də sərnişinlər X14 və X3 az ağır dərəcədə xəsarətlər almışlar. “Howo” markalı, **-RF- *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz E230” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4200 manat zərər dəymişdir. xx.xx.2019-cu il tarixli, 485 və 486 nömrəli ekspert rəylərinə əsasən isə X14 və X3 az ağır dərəcədə xəsarət almışlar. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən ümumilikdə 7200 manat iddiaçı tərəfindən X7 bank hesabına ödənilmişdir. Bundan başqa Göyçay rayon PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X8 26 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi Cavabdeh “Howo” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Eyni zamanda, Göyçay rayon DYPB-nin xx.xx.2019-cu il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolundan və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Hüseynov X13 Xətalar Məcəlləsinin, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Beləliklə də müəyyən olunur ki, Cavabdeh yolnəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Odur ki, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 7200 manat vəsaitin və ödənilmiş 92 manat dövlət rüsumu olmaqla, cəmi 7292 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. O, iddia tələbini qəbul etmir. Belə ki, xx.xx.2019-cu il tarixdən X5 məxsus idarə etdiyi “Howo” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonundan Zərdab-Ağcabədi yolunun tikilməsi üçün şebel daşımış, lakin xx.xx.2019-cu il tarixdə onun idarə etdiyi “Howo” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay rayonu, Potu kəndi ərazisində X7 idarə etdiyi “Mercedes Benz E230” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin nəqliyyat vasitəsinə və onun içərisindəki sərnişinlərə zərər vurmuşdur. Bununla bağlı bildirir ki, o, idarə etdiyi “Howo” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili onun mülkiyyətçisi X2 onun razılığı ilə xx.xx.2019-cu il tarixdə qəbul etmişdir. Belə ki, o, həmin yük avtomobilini onun mülkiyyətçisi X2 qəbul edərkən X10 müvafiq etibarnamənin artıq elektron qaydada verildiyini ona bildirmiş, lakin sonradan məlum olmuşdur ki, belə bir etibarnamə mülkiyyətçi tərəfindən onun adına elektron qaydada verilməmişdir. Qeyd edilənlərə əsasən də belə hesab edir ki, o, “Howo” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini onun mülkiyyətçisinin razılığı ilə istifadə etmək üçün qəbul etdiyindən onun iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyi yaranmamışdır. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddəti də iddiaçı tərəfindən buraxılmışdır və bu barədə ərizəsini o, poçt vasitəsilə məhkəməyə də təqdim etmişdir. Göstərilənlərə əsasən də onun iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyi yaranmadığından, həmçinin iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktlarından, Goyçay RPŞ-nin DYPŞ tərəfindən tərtib edilmiş arayışdan, qüsur aktından və ekspert rəylərindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış X4 mülkiyyətində olan və Cavabdeh idarə etdiyi «HOWO» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Göyçay rayonu, Potu kəndi ərazisində X7 idarə etdiyi “Mercedes Benz E230” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin nəqliyyat vasitəsinə zərər vurmuş, eləcə də sərnişinlər X14 və X3 az ağır dərəcədə xəsarətlər almış və nəticədə dəymiş ziyanın ümumi məbləği 7200 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Goyçay RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən müəyyən edilmiş 7200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi və onun əməlində inzibati xəta tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Goyçay RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş ADN 331285 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HOWO” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, müəyyən edilmiş 7200 manat məbləğində sığorta ödənişinin yeddi gün müddətində İddiaçı ASC-nə ödənilməsi Cavabdeh xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş etiraz ərizəsindən görünür ki, Cavabdeh İddiaçı ASCnin ona qarşı qaldırdığı iddia tələbinə iddia müddətini tətbiq etməklə qeyd edilən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış X4 mülkiyyətində olan və Cavabdeh idarə etdiyi «HOWO» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Göyçay rayonu, Potu kəndi ərazisində X7 idarə etdiyi “Mercedes Benz E230” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin nəqliyyat vasitəsinə zərər vurmuş, eləcə də sərnişinlər X14 və X3 az ağır dərəcədə xəsarət almış, bundan sonra Goyçay RPŞ-nin DYPB-nin xx.xx.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə olunmuş, nəticədə dəymiş ziyanın ümumi məbləği 7200 manat müəyyən edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq qaydada zərər çəkmiş şəxsə ödənilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən 7200 manat məbləğində dəymiş ziyan cavabdehdən tələb edilsə də qeyd edilən məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsindən görünür ki, "xxxx" ASC subroqasiya tələbinin faktiki əsası kimi X4 avtomobili hüquqi əsas olmadan Cavabdeh istifadəsinə verməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində də göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirildikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Məhkəmə vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibinin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır və istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Beləliklə, məhkəmə bildirir ki, Cavabdeh idarə etdiyi «HOWO» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahibliyi və ondan istifadəsi hüquqa zidd hesab edilməməlidir. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki, Cavabdeh hərəkətləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qanuni əsası kimi əsaslandığı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin təsir dairəsinə düşmədiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı X7 idarə etdiyi “Mercedes Benz E230” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyanla, eləcə də sərnişinlər X11 və X1 yetirilmiş az ağır dərəcədə xəsarətlə bağlı subroqasiya hüququ yaranmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən əsaslara görə iddia tələbi rədd edilməli olduğundan Cavabdeh İddiaçı ASC-nin ona qarşı irəli sürdüyü iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə dair ərizəsinə müvafiq qaydada münasibət bildirilməsi məhkəmə tərəfindən məqbul hesab edilmir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə iddia tələbinin təmin olunmamasını qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 7200 manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasının rədd edilməsi qənaətinə gəlir. Ödənilmiş 92 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 7200 (yeddi min iki yüz) manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar