Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1020/2024 01.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 (beş min) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 70,40 (yetmiş manat 40 qəpik) manat, ümumilikdə, 5070,40 (beş min yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 16.30-da Lənkəran şəh., H.Əliyev prospekti ərazisində İddiaçı ASC-də (bundan sonra – ASC) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X2 məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “VAZ 21063” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil “Khazar” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə və dəmir məhəccərə maddi zərər dəymişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-361/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş - nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 4781.80 (dörd min yeddi yüz səksən bir) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəmir məhəccərə dəymiş maddi zərərə görə 218.20 (iki yüz on səkkiz manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmyərəki izahatında bildirdi ki, əvvəlki məhkəmə qətnaməsində və sığorta şirkəti tərəfindən 11 aprel 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişlərə vurulmuş maddi ziyanın məbləği olduqca şişirdilmişdir. Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsini vaxtında mübahisələndirə bilməmişdir. Hazırki iddia ərizəsi üzrə ondan tələb edilən məbləğlə razı deyildir. Belə ki, məhkəmənin əvvəlki qətnaməsi ilə ondan ziyan tam olaraq tutulmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin 3(049)-361/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, həmin qərar ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. Həmin qərarın təsviri - əsaslandırıcı hissəsindən müəyyən edilir ki, Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolda göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21063” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomaşınla X1 idarə etdiyi “Khazar” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Xəta nəticəsində X1 idarə etdiyi avtomobil yararsız hala düşmüşdür. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nın arayışından görünür ki, DİN-nin BDYPİnin mərkəzi məlumat bazasında yoxlanışa əsasən Cavabdeh il ərzində heç bir inzibati xətaya yol verməmiş və onun adına sürücülük vəsiqəsinin müddəti xx.xx.2021-ci il tarixdə birmişdir. Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan – 7654,20 manatın və məhkəməyə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 96,55 manatın Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə, yəni cavabdeh X2 münasibətdə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən müəyyən edilir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, Cavabdeh vəsatəti əsasında iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mərkəz tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7222 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12.437,0 manat müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1132/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. PAZ********** saylı xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh istifadəsində olan VAZ-21063 markalı **-FV-*** dövlət qeudiyyat nişanlı avtomaşın "xxxx" MMC tərəfindən icbari olaraq sığortalanmışdır. 3374/22 saylı xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində PAZ********** saylı xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən, dəmir məhəccərin zədələnməsinə görə 218,20 manat sığorta ödənişi hesablanmışdır. 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəmir məhəccərə dəymiş maddi zərərə görə 218.20 (iki yüz on səkkiz manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan Lənkəran ŞİHB-nın 1 nömrəli İƏDÜN-nin bank hesabına tam olaraq köçürülmüşdür. 2912/22 saylı xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində PAZ********** saylı xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən, “Khazar” markalı avtomaşının zədələnməsinə görə 4.781,80 manat sığorta ödənişi hesablanmışdır. 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 4781.80 (dörd min yeddi yüz səksən bir) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxs "xxxx" MMC-nin bank hesabına tam olaraq köçürülmüşdür. Ödəniş qəbzindən görünür ki, hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddia "xxxx" ASC tərəfindən 70,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Pretenziya məktubundan görünür ki, idiaçı tərəfindən cavabdehə sığorta ödənişi üzrə zərərin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə edilən “VAZ 21063” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil “Khazar” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə və dəmir məhəccərə maddi zərər dəymişdir. Cavabdeh idarə etdiyi avtomaşın iddiaçı tərəfindən icbari olaraq sığortalanmışdır. Həmçinin hadisə törədildiyi zaman Cavabdeh həmin avtomaşını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişlərin əmlakına maddi ziyan dəymişdir. Əmlaklarına vurulmuş ziyana dair iddiaçı sığorta şirkəti tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilmişdir. Hazırda iddiaçı subroqasiya qaydasında vurulmuş zərərinəvəzini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, idia təmin edilərək, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 5.000 (beş min) manat pul vəsaiti tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu əvəzi olaraq ödənilmiş 70,40 manat pul vəsaiti Cavabdeh aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,40 (yetmiş manat qırx qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1020/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1020/2024
01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver