Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-138/2024 28.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız varlanmaya görə 8000 manat, məhkəməyə müraciət edərkən ödənilmiş 105 manat dövlət rüsumu, vəkilə ödənilən 150 manat xərc - cəmi 8255 manat məbləğin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rasim Rəhimov adlı şəxsi dostu vasitəsiə tanımışdır. 2023-cü ilin yanvar ayında həmin şəxs ona müəllim olduğunu, əmisi oğlu Cavabdeh3 ilə birlikdə işlədiklərini və işə düzəltməkdə köməklik göstərdiklərini bildirərək xidmət xərci kimi ondan 8000 manat pul istəmişdir. Rasim Rəhimov ondan işə düzəltmək adı ilə 8000 manat pul almış, o, həmin məbləği xx.xx.2023-cü il tarixdə Rasim Rəhimovun göstərişi ilə Cavabdeh3 adına olan bank kartı hesabına ödəmişdir. Rasim Rəhimov ona Cavabdeh3 onun əmisi oğlu olduğunu demişdir. Bir müddət sonra Rasim Rəhimov vəfat etmiş, onun ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 vərəsələri olaraq qalmışlar. Rasim Rəhimovun vəfatından sonra cavabdehlər ona heç bir kömək edə bilməyəcəklərini demişlər. Bundan sonra o, verdiyi 8000 manat pulu cavabdehlərdən tələb etmiş, lakin cavabdehlər buna razı olmamışlar. Ona görə də o, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil1 iştirak etdiyi məhkəmə iclaslarında iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh2 ilə aralarında dostluq münasibətləri olmuşdur. 2023-cü ilin yanvar ayında Cavabdeh2 ona demişdir ki, atası Rasim Rəhimova pul göndərəcəklər, öz adına bank hesabı olmadığından ondan xahiş etmişdir ki, bank kartının hesab nömrəsini ona desin və pul həmin hesaba göndərilsin. O da "xxxx"a aid bank kartının hesab nömrəsini Cavabdeh2 bildirmişdir. Onun kart hesabına nə qədər pul göndərilməsindən məlumatı olmamış, ancaq Cavabdeh2 kartı ondan alaraq həmin vəsaiti Lənkəran rayonu ərazisində yerləşən ATM vasitəsilə hesabdan çıxarmış, sonra da pulu hesabdan çıxardığına əmin olmaq adı ilə ondan mobil telefonunu istəyərək bank hesabına baxmışdır. Bundan əlavə, Cavabdeh2 onun özündən də işə düzəltmək adı ilə 5000 manat pul alaraq sonradan qaytarmamışdır. Rasim Rəhimov vəfat edəndən sonra İddiaçı ona demişdir ki, Nihadın Rəhimlinin onun adına olan kartdan istifadə etməklə bank hesabından pul çıxararaq onu aldatdığını bilir, 8000 manat pulun götürülməsi ilə bağlı digər cavabdehləri telefon danışıqlarına dair səs yazılarını qeyd etmişdir. Ona görə də pulunu geri almaq üçün məhkəməyə müraciət edəcəkdir. Hazırki tələb üzrə cavabdeh qismində məhkəməyə çağırıldıqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 xx.xx.2023cü il tarixdə onun adına olan bank kartı hesabından 8000 manat pul çıxarmışdır. Həmin müddət üzrə bank hesabından çıxarışları əldə etmiş və hazırda məhkəməyə təqdim etmişdir. Eyni zamanda, Cavabdeh2 onu və başqa şəxsləri bu kimi digər hallarla aldadaraq pullarını ələ keçirməsi faktları ilə bağlı hazırda Lənkəran şəhər-rayon Polis Şöbəsində istintaq aparılır və bu barədə müvafiq sənəd də məhkəməyə təqdim edilmişdir. Məhkəmə baxış iclasında Cavabdeh3 vəkili Vəkil2 da cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmişlər, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh1 iddia tələbinin mahiyyəti ilə bağlı məhkəməyə göndərdiyi etirazında qeyd etmişdir ki, digər Cavabdeh2 onun oğludur. İddia tələbinin ona və övladına qarşı hissədə heç bir əsası olmadığına, eləcə də, onlara qarşı qeyd edilənlər həqiqətə uyğun olmadığına görə iddia tələbinin onlara qarşı hissəsini əsassız hesab edir. Belə ki, iddiaçını tanımır, nə mərhum əri Rasim Rəhimov tərəfindən, nə də o və ya oğlu Cavabdeh2 tərəfindən iddiaçıdan hər hansı miqdarda pul vəsaiti alınmamışdır. Bununla yanaşı, Rasim Rəhimovun iddia tələbində əmisi oğlu kimi qeyd olunan Cavabdeh3 adlı qohumu yoxdur. Rasim Rəhimov heç vaxt Cavabdeh3 adlı şəxslə birlikdə işləməmişdir. İddiaçının iddia tələbində Rasim Rəhimovun guya iddiaçını işə düzəltməyə köməklik göstərməsi ilə bağlı qeyd etdiklərinin də heç bir əsası yoxdur. Belə olduğu təqdirdə iddiaçının onu və oğlu Cavabdeh2 iddia ərizəsində cavabdehlər kimi qeyd etməsinin səbəbi ona məlum deyildir. Çünki onların iddiaçı ilə heç bir əlaqələri və tanışlıqları yoxdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin ona və oğlu Cavabdeh2 qarşı olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı Cavabdeh3 məhkəməyə şifahi vəsatət təqdim edərək öz adına olan "xxxx"a aid bank kartı hesabından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Respublika ərazisində olan ATM-lərdən pul vəsaitinin kim tərəfindən çıxarılması ilə bağlı video və foto görüntülərin "xxxx" ASC-dən əldə edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Onun vəsatəti əsasında Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Respublika ərazisində olan ATM-lərdən pul vəsaitinin kim tərəfindən çıxarılması ilə bağlı video və foto görüntülərin əldə edilməsi ilə bağlı qərardad qəbul edilərək "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda həmin dövrdə bankomatlarla aparılmış əməliyyata dair görüntülərin saxlanma müddəti bitdiyindən onların təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, "xxxx" ASC-də Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə çıxarışlar, Lənkəran şəhər-rayon Polis Şöbəsində araşdırılan HK-1/4756 nömrəli material üzrə Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Əliağa Hüseynovun xx.xx.2024-cü il tarixli arayışından, vəkilə xidmət haqqı ödənilməsinə dair xx.xx.2023-cü il tarixli və dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri ilə müəyyən edildi ki, Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabından xx.xx.2023-cü il tarixdə cəmi 8000 manat (300 manat və 7700 manat) vəsait çıxarılmışdır. Cavabdeh2 Cavabdeh3 və başqa şəxsləri işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməsi faktları ilə bağlı X1 müraciəti əsasında Lənkəran şəhər-rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 105 manat dövlət rüsumu, həmçinin 150 manat vəkil haqqı ödəmişdir. Hazırda iddiaçı əsassız varlanmaya görə 8000 manat, məhkəməyə müraciət edərkən ödənilmiş 105 manat dövlət rüsumu, vəkilə ödənilən 150 manat xərc - cəmi 8255 manat məbləğin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələblərinin əsası kimi həmin miqdarda vəsaitlərin ödənilməsinə dair ödəniş qəbzlərinə, Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabından çıxarışlara və mərhum Rasim Rəhimovla aralarında olmuş şifahi danışıq və razılaşmalara istinad edir. Cavabdeh3 ona qarşı olan iddia tələbini qəbul etmir, 8000 manat vəsaitin onun adına olan "xxxx"a aid bank kartı hesabına ödənildiyini etiraf etsə də, iddia tələbinə etirazlarının əsası olaraq öz adına olan bank kartını digər Cavabdeh2 verdiyini, həmin vəsaitin də onun bank hesabından Cavabdeh2 tərəfindən çıxarıldığını bildirir. Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Digər Cavabdeh1 məhkəməyə göndərdiyi etirazında iddia tələbinin ona və oğlu Cavabdeh2 qarşı hissədə heç bir əsası olmadığını, iddiaçını tanımadıqlarını, nə mərhum əri Rasim Rəhimov tərəfindən, nə də o və ya oğlu tərəfindən iddiaçıdan hər hansı miqdarda pul vəsaiti alınmadığını qeyd etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən - Cavabdeh3 münasibətdə təmin edilməli, digər cavabdehlərə münasibətdə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cəmi 8000 manat vəsait Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabına ödənilmiş və qeyd olunan miqdarda vəsait həmin tarixdə də bank hesabından çıxarılmışdır. Cavabdeh3 öz adına olan "xxxx"a aid bank kartını hazırki iş üzrə digər Cavabdeh2 verdiyini və 8000 manat pul vəsaitinin də sonuncu tərəfindən çıxarılmış olduğunu iddia etsə də, həmin halları sübuta yetirə bilməmiş, qeyd olunan xüsusat məhkəmə araşdırması nəticəsində də müəyyən olunmamışdır (bankomatlarla aparılmış əməliyyata dair görüntülərin əldə edilməsi mümkün olmadığından). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1 və 1092.1.2-ci maddələrinin məzmununa görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 8000 manat vəsait iddiaçı tərəfindən Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabına ödənildiyi andan sonuncu iddiaçının hesabına varlanmışdır. Həmin məbləğ Cavabdeh3 adına bank kartı hesabına hər hansı hüquqi əsasa söykənmədən daxil olduğu və onun bu məbləğ üzərində sərbəst şəkildə sərəncam vermək imkanı yarandığı andan etibarən Cavabdeh3 iddiaçının hesabına əsassız varlanmış şəxs hesab olunur. Əsassız varlanma predmeti olan vəsaitin bank hesabının aid olduğu şəxs tərəfindən deyil, onun adına olan kart vasitəsilə digər şəxs tərəfindən çıxarıldığını, başqa sözlə, həmin vəsaitdən faydalanmaqla əsassız varlanan şəxsin digər şəxs olduğunu və ya əsassız varlanmış şəxs olaraq artıq varlı olmadığını sübut etmək vəzifəsi isə bank hesabının aid olduğu şəxsin üzərinə düşür. Hazırki işdə 8000 manat vəsaitin xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabına ödənildiyi və sonradan hesabdan çıxarıldığı inkar olunmadığından, cavabdeh özü də həmin faktı təsdiq etdiyindən qeyd olunan vəsaitin onun adına olan kartdan kim tərəfindən çıxarılmasını və istifadə edilməsini və ya hər hansı digər səbəbdən artıq varlı olmadığını sübuta yetirmək də məhz Cavabdeh3 vəzifəsidir. Cavabdeh3 isə həmin halları sübuta yetirə bilmədiyi, eyni zamanda, 8000 manat vəsaitin özgəyə aid olmaqla, onun özünün şəxsi vəsaiti olmadığını etiraf etdiyi üçün məhkəmə hesab edir ki, Cavabdeh3 iddiaçının hesabına əsassız varlanan şəxsdir və iddiaçı tərəfindən Cavabdeh3 adına olan "xxxx"a aid kart hesabına ödənilmiş 8000 manat vəsaitin qaytarılmasına görə Cavabdeh3 özü maddi məsuliyyət daşıyır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabına ödənilmiş cəmi 8000 manat vəsaitin hazırki iş üzrə Cavabdeh2 tərəfindən bank hesabından çıxarılmış olması sübuta yetirilməmiş, Cavabdeh3 də bununla bağlı dəlillərini və iddiaya etirazlarını sübut edə bilməmişdir. Həmçinin, həmin məbləğin Cavabdeh2 atası - mərhum Rasim Rəhimov tərəfindən bank hesabından çıxarılmış olması da öz təsdiqini tapmamış, nə iddiaçı, nə də cavabdehlər belə bir xüsusat irəli sürməmişlər. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 8000 manat vəsaitin qaytarılmasına görə nə bilavasitə, nə də mərhum Rasim Rəhimovun hüquq varisi olaraq maddi məsuliyyət daşımır. Eyni zamanda, iddiaçıya aid 8000 manat vəsaitin mərhum Rasim Rəhimov tərəfindən bank hesabından çıxarılmış olması təsdiqini tapmadığından məhkəmə hesab edir ki, digər Cavabdeh1 da 8000 manat vəsaitin qaytarılmasına görə mərhum Rasim Rəhimovun hüquq varisi olaraq maddi məsuliyyət daşımır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçıya aid olmuş və xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına olan "xxxx"a aid bank kartı hesabına ödənilmiş cəmi 8000 manat vəsait yalnız Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dair hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin yalnız Cavabdeh3 münasibətdə təmin edildiyi və ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 105 manat dövlət rüsumu da yalnız Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin zəruri, çəkilmiş və ağlabatan olduğu, habelə, iddia tələbinin yalnız Cavabdeh3 münasibətdə təmin edildiyi nəzərə alınmaqla iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 150 manat məbləğ də Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 əsassız varlanmaya görə 8000 manat, məhkəməyə müraciət edərkən ödənilmiş 105 manat dövlət rüsumu, vəkilə ödənilən 150 manat xərc - cəmi 8255 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dair hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-138/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-138/2024
28.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver