Məhkəmə qərarları › İş №e-2(049)-226/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-226/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-226/2025 07.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 ölümünə görə ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi, 70 manat dövlət rüsumu və 56 qəpik bank xidmət haqqının xeyirlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" arayışına (forma 4) əsasən, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi "VAZ 21074" markalı, ** BP *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə piyada X3 vuraraq sonuncunun ölmünə səbəb olmuşdur. PAT********** nömrəli sığorta müqaviləsindən, 128542 nömrəli aktından və icbari sığorta bürosundan çıxarışdan (İSB) göründüyü kimi hadisə zamanı Cavabdeh1 idarə etdiyi "VAZ 21074" markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012ci ildən xx.xx.2013-cü ilə qədər "xxxx" SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Lənkəran rayon Məhkəməsinin 1(049)-21/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmiş və "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikasının 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. "İcbari Sığorta Haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. 2590 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC vəfat etmiş X2 ölümünə görə arvadı Məmmədova Tamilla Canəli qızına 5000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2012-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 yuxarıda qeyd edildiyi kimi Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona və atası - Cavabdeh2 qarşı subroqasiya hüquqları yaranmışdır. İş materiallarına əlavə olunmuş etibarnamədən görünür ki, hadisə vaxtı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyində olmuşdur. 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin maddənin tələbindən aydın olur ki, subroqasiya hüququnun sığortalıya və ya sığorta olunana qarşı yaranması üçün iki hal mövcud olmalıdır: 1.Sığortalı əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməlidir. 2. Sığortalı şəxs bu barədə məlumatlı və ya məlumatlı olmağa borclu olmalıdır. İşin hallarından göründüyü kimi, "VAZ 21074" markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanuni əsasla (etibarnamə) sahiblik edən Cavabdeh2 həmçinin, sığorta müqaviləsinin tərəfidir. Beləliklə, sığorta münasibətində sığortalı kimi iştirak edən Cavabdeh2 nəqliyyat vasitəsinin sığortalı olduğunu bilə-bilə onu sürücülük vəsiqəsi olmayan və dolayısı ilə nəqliyyat vasitəsini idarə etməyi bilməyən birinə etibarnamə olmadan vermişdir. Ona görə də subroqasiya qaydasında iddia tələbi məhz Cavabdeh2 qarşı da yaranmalıdır. "xxxx" SŞ ASC ilə sığorta ödənişi almış Məmmədova Tamilla Canəli qızı arasında sığorta ödənişi həyata keçirilənədək hər hansı bir öhdəlik münasibəti olmamışdır. Cavabdeh1 ilə X4 arasında mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Lakin, vəfat etmiş X2 ölümünə görə arvadı Məmmədova Tamilla Canəli qızı tərəfindən "xxxx" SŞ ASC-yə sığorta ödənişinin ödənilməsi ilə bağlı sığorta tələbi xx.xx.2023-cü il tarixdə ünvanlanmışdır. Buna görə də, sığorta ödənişi xx.xx.2024-cü il tarixində tərəfə ödənilmişdir. Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmçinin, Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Sığorta ödənişi faydalanan şəxsin ərizəsi ilə xx.xx.2024-cü ildə ödənildiyindən "xxxx" SŞ ASC-nin subroqasiya hüququ məhz bu tarixdən başlanır. Hesab edirlər ki, 5000 manat məbləğində sığorta ödənişi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəflərindən Cavabdeh1 və Cavabdeh2 pretenziya məktubu göndərilsə də, 5000 manat məbləğində pul ödənilməmiş qalmışdır. Cavabdehlər iddiaya qarşı etiraz verərək etirazlarının onunla əsaslandırmışlar ki, onlar verilmiş iddia tələbini qəbul etmirlər. Belə ki, xx.xx.2012-d il tarixdə Cavabdeh1 idarə etdiyi və Cavabdeh2 məxsus "VAZ 21074" markalı, ** BP *** döviət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə piyada X3 vurmuş və bu hadisə nəticəsində sonuncu ölmüşdür. Lənkəran Rayon Məhkəməsinin 1 (049)-21/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmünə əsasən Cavabdeh1 bu əməli törətməkdə təqsirli bilinmiş və cəzaya məhkum edilmişdir. Lakin bundan 11 il sonra “Atəşgah" Sığorta Şirkəti ASC vətat etmiş X2 ölümünə görə avadı Məmmədova Tamilla Canəli qızna 5000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hesab edirlər ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ölümünə görə onun arvadı Məmmədova Tamilla Canəli qızına 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi müddət ötdüyü üçün qanunsuz olmuşdur və əslində həmin ödənişin həyata keçirilməsindən imtina olunmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun hazırki sığorta hadisəsi baş verən tarixdə qüvvədə olan 74-cü maddəsində göstərilmişdir ki, sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında və xüsusi olaraq 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinin öhdəliyin xitamının bir əsası olduğu qeyd olunmuşdur. Həmin Məcəllənin 550-ci maddəsində nəzərdə tutulmuşdur ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bundan əlavə də, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.2-ci maddəsində qeyd olunur ki, öhdəlik, müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi iddiaçının müddət keçdikdən sonra sığorta ödənişi üzrə öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və bu hüququndan istifadə etmədiyindən, onun bu hüququ, yəni müddəti bitdikdən sonra icra etdiyi sığorta ödənişi üzrə tələbi bizə nisbətdə qüvvəsini itirmişdir və icra etdiyini bizdən geri tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci madddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin,qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyinmühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri- müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarəlmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi iddiaya qarşı verilmiş etiraza mülahizə verərək mülahizəsini onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi "VAZ 21074" markalı, ** BP *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə piyada X3 vuraraq onun ölümünə səbəb olmuşdur. X1 arvadı olmuş Məmmədova Tamilla Canəli qızı ərinin ölümü ilə bağlı zərərvuranın idarə etdiyi avtomobilin icbari sığorta növü ilə sığortalamış sığortaçısı "xxxx" Sığorta Şirkəti ASC-yə müraciət etmiş və "İcbari Sığorta Haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edildiyi üçün 2590 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortaçı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 23.1.6-ci maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Cavabdehlər etirazda sığorta ödənişin verilməsi ilə bağlı “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsini əsas gətirmiş, lakin həmin maddə qanundan çıxarılmışdır. X1 arvadı olmuş Məmmədova Tamilla Canəli qızı tərəfindən "xxxx" SŞ ASC-yə sığorta ödənişinin ödənilməsi ilə bağlı sığorta tələbi xx.xx.2023-cü il tarixdə ünvanlanmış və bu səbəbdən sığorta ödənişi xx.xx.2024-cü il tarixində tərəfə ödənilmişdir. Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmçinin, Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Sığorta ödənişi faydalanan şəxsin ərizəsi ilə xx.xx.2024-cü ildə ödənildiyindən "xxxx" SŞ ASC-nin subroqasiya hüququ məhz bu tarixdən başlanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasınında cavcabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda iddiaya qarşı verdikləri etirazda yazılanlara uyğun izahat verib, iddia müddətini tətbiq etməklə iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. MƏHKƏMƏ İCLASİNDA TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: İş materiallarına əlavə edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" arayışından görünür ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi "VAZ 21074" markalı, ** BP *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə piyada X3 vuraraq onun ölmünə səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta müqaviləsindən, 128542 nömrəli aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə zamanı Cavabdeh1 idarə etdiyi "VAZ 21074" markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə qədər "xxxx" SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Məhkəməsinin 1(049)- 21/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmiş və "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikasının 50-ci maddəsinin 1-ci hissəinin tələblərini pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. İş materiallarına əlavə olunmuş Lənkəran rayonu, Şilavar kənd inzibati ərazu dairəsi üzrə nümayəndəliyinin 24.07.20-23-cü il tarixli arayışının surətindən görünür ki, X1 vəfat etdiyi tarixədək arvadı Məmmədova Tamilla Canəli qızı və2010-ci il təvəllüdlü qızı Zəhrəxanım ilə birlikdə Şilavar kəndində yaşamışdır. İş materiallarına əlavə olunmuş Məmmədova Tamilla Canəli qızının “Atəşgah" Sığorta Şirkəti ASC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə baş vermiş YNH-i nəticəsində əri X4 vəfat etdiyindən, sığorta hadisəsi ilə bağlı ona sığorta kompensasiya ödənişinin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 2590 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC vəfat etmiş X2 ölümünə görə arvadı Məmmədova Tamilla Canəli qızına 5000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli pretenziyalardan görünür ki, iddaçı tərəflərindən Cavabdeh1 və Cavabdeh2 pretenziya məktubu göndərilərək mübahisənin məhkəmədənkənar həll edilməsinə cəhd göstərmişdir. İş materiallarında olan, istifadə və imtina olunmayan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaşı hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün 70 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı iddiasını Azərbaycan Resublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 936.2, 1096.2, 1097.1, 1108.1-ci maddələri ilə, cavabdehlər isə etirazlarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 14 may 2013-cü il tarixli 649-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilmiş 74, Azərbaycan Resublikası Mülki Məcəlləsinin 383, 367.1, 550, 551, 554.1, 554.2-ci maddələri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair», «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli və Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarları ilə əsaslandırmışlar. Məhkəmə mübahisəyə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisələndirləməyən hal ondan ibarətdir ki, xx.xx.2012-ci il tarixdə sürücülük hüququ olmayan Cavabdeh1 etibarnamə olmadan atası Cavabdeh2 məxsus nəqliyyat vasitəsini idarə edərək piyadanı vurmuş və nəticədə sonuncu ölmüşdür. Lənkəran Rayon Məhkəməsinin 1(049)-21/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmü ilə o, həmin əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, göründüyü kimi, sığorta hadisəsi piyadanın ölümü ilə nəticələnən xx.xx.2012-ci il tarixdə baş vermişdir. Sığorta hadisəsi baş verdiyi zaman “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olmuş və 14 may 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmiş 74-cü maddəsinə əsasən sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Sığortadan faydalanan X1 arvadı Məmmədova Tamilla Canəli qızının sığorta şirkətindən 03 il müddətində, yəni xx.xx.2015-ci il tarixədək ərinin ölümü ilə bağlı sığorta ödənişinin tələb etmək hüququ olmuşdur. Lakin o, həmin müddəti ötürmüş və bundan 08 il sonra sığorta şirkətinə müraciət etmiş, sığorta şirkəti, sığorta hadisəsi baş verdiyi zaman qüvvədə olmuş və hazırda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xaric edilmiş 74-cü maddəsinə istinad etməklə həmin sığorta ödənişini ödəməkdən imtina etmək hüququna malik olduğuna baxmayaraq həmin ödənişi etmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır. Belə ki, Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.2 ci maddəsinə əsasən isə öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Göründüyü kimi, iddiaçının xx.xx.2012-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı müddətin keçməsi il əlaqədar iddiaçının sığorta ödənişi etməsindən imtina etmək hüququ olmuş və o, həmin müddətin keçməsinə baxmayaraq həmin ödənişi etmişdir. Belə olan halda, onun Mülki Məcəlləsinin 554.2-ci maddəsinə əsasən mərhumun arvadına ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ qalmır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası əsassızdır və təmin olunmamlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar