Məhkəmə qərarları › İş №e-2(049)-2446/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2446/2024

15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2446/2024 15.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Anar Pənahov Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 964,08 (doqquz yüz altmış dörd manat sıfır səkkiz qəpik) maddi ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixində Lənkəran rayonu Şağlaküçə kəndi ərazisində idarə etdiyi dövlət nömrə nişanı olmayan yerqazan maşını ilə İddiaçı (bundan sonra İddiaçı MMC) Cənub regional filialının Lənkəran şöbəsinə məxsus FO-12 tipli optik rabitə kabelini qırmış, nəticədə rabitənin boşdayanmasından və rabitə xəttinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından İddiaçı MMC-yə 964,08 (doqquz yüz altmış dörd manat səkkiz qəpik) manat məbləğində maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı İddiaçı MMC-nin Cənub regional filialının Lənkəran şöbəsinin məsul işçilərinin və Lənkəran rayonunun Şağlaküçə kəndi üzrə icra nümayəndəsinin iştirakı ilə akt tərtib edilmişdir. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına zərərin könüllü ödənilməsi barədə bir neçə dəfə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6-cı bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1097.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Həmin qanunun 35.3-cü maddəsinə görə telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilməlidir İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etdiyini bildirib, iddia işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, cavabdehin ərizəsini və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş: “”Rabitə avadanlıqlarına zərər vurulması barədə” xx.xx.2021-ci il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran rayonu, Şağlaküçə kəndi ərazisində istismarda olan yeraltı F012 tipli kabelin 25 metr hissəsi yer qazan maşın tərəfindən kəsilmişdir. Ziyan vuran şəxs kimi Cavabdeh qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş “Lokal smeta”da dəymiş ziyanın məbləği 964,08 manat göstərilmişdir. Ziyanın ödənilməsi ilə əlaqadar İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı MMC tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessua Məcəlləsinin 106.3 maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin məcəllənin 220.4 maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azırbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh vurduğu maddi ziyana dair 964,08 (doqquz yüz altmış dörd manat, səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurduğu maddi ziyana dair 964,08 (doqquz yüz altmış dörd manat, səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar