Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3037/2024 29.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" MMC-i kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMCyə vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1770 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmin kiçik iddiaya qarşı etiraz vermiş, buna görə də iş iddia icraatına keçirilmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə daşınmaz əmlak üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Eyni tarixli “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 346k saylı əmrlə işdən azad edilmişdir. İddiaçı MMC ilə “X3” MMC arasında xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 4.2-ci maddəsinin f bəndinə əsasən, amortizasiya istisna olmaqla, sahədə və binada əməkdaşlarının təqsiri üzündən baş verən dağıntıları və ya nasazlıqları özünün təmin etdiyi şəxslər və avadanlıqlarla öz hesabına aradan qaldırmalıdır. Cavabdeh iş vaxtı ərzində İddiaçı MMC-nin faktiki icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi Bakı şəhəri, Xocalı pr., 55 ünvanında yerləşən “Ağa” Biznes Mərkəzinin şüşə giriş-çıxış qapısını qırmışdır. İcarə müqaviləsinin yuxarıda qeyd olunan maddəsinə əsasən, “X3” MMC 1770 manat məbləğində vurulmuş ziyanı İddiaçı MMC-dən almışdır. Cavabdeh tərəfindən borc etiraf edilmiş, lakin bu günə qədər ödənilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X2 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh həqiqətən də şüşə qapısı ilə çərçivəsi arasında sıxılıb qalmış pişiyi xilas etmək məqsədilə şüşə qapını sındırmışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, işlədiyi İddiaçı MMC-dən işdən çıxdığı üçün əmək kitabçasını almaq məqsədilə İddiaçı MMC-nin icarəyə götürdüyü obyektə getmişdir. Bu zaman plastmas çərçivə ilə şüşədən olan qapı arasında pişik ilişib qalmışdır. O, orada olan texniki işçidən pişiyi qapı arasından çıxarmaq məqsədilə texniklərin dəvət etməsini xahiş etmişdir. Lakin texniki işçi onun xahişini yerinə yetirməmiş, pişiyin boğularaq öləcəyini görüb bir necə dəfə şüşədən olan qapını dirsəyi ilə vurmuş, nəticədə şüşə qapı sınmış və pişik tələf olmaqdan qurtulmuşdur. Şüşəni qırdığı üçün ona əmək kitabçasını verməkdən imtina etmişlər. Buna görə də onu məcbur etmişlər ki, “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”ni imzalasın. Onu həmin müqaviləni imzalamağa məcbur etsələr də, o, onların hərəkətlərindən hərhansı bir orqana şikayət etməmişdir. İddiaçı şüşənin qiymətini şişirdmiş, gələn məhkəmə iclasında şüşə qapının real qiyməti barədə sübutunu təqdim edəcəkdir. Hazırki məhkləmə iclasında da cavabdeh eyni məzmunda izahat vermiş, lakin şüşə qapının real qiyməti barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Tətqiq olunmuş sübutlar: İddiaçı MMC ilə “X3” MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 343 №-li icarə müqaviləsindən və ona əlavə edilmiş ƏLAVƏ 1-dən görünür ki, icarəyə verən “X3” MMC-i Bakı şəhəri, Xocalı pr., 55 ünvanında yerləşən “AGA Center”-də göstərilmiş ofis sahəsini, binanın 2.3 və 4-cü mərtəbələrində yerləşən 1785 kv.m. olan sahəni İddiaçı MMC-ə icarəyə verir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədədir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən tərəflərdən biridigərinə icarə müddətinin bitməsinə ən azı 60 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidir. Əks halda müqavilənin müddəti 01 il daha uzadılmış hesab olunur. İddiaçı MMC ilə “X3” MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Xidmət müqaviləsindən 2.1-ci bəndinə əsasən Bu Müqavilə ilə "İcraçı” "Sifarişçi"»in sifarişi əsasında, bu müqaviləyə əlavə olunan iş və xidmətlərin təsnifatı və Qiymətlərin razılaşdırılması Protokolunda (Müqaviləyə İ nömrəli Əlavə) göstərilən iş və xidmətləri yerinə yetirir. Sifarişçi isa sifariş etdiyi iş və xidmətləri qəbul edir və onun dəyərini ödəyir. İş və xidmətlərin təsnifatı və Qiymətlərin razılaşdırılması Protokoldan görünür ki, montaj və demontaj daxil olmaqla qapının yenilənməsinin məbləği ƏDV olmaqla 1770 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixdə bağlanmış 343 №-li icarə müqaviləsinə edilmiş dəyişiklik haqqında xx.xx.2029-cu il tarixli ƏLAVƏ 2-dən görünür ki, icarəyə verən “AGA Center”in 4-cü mərtəbələrində yerləşən 66 kv.m. olan ofis sahəsini İddiaçı MMC-ə icarəyə verir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında” Müdiasiya Şurasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçının nümayəndəsi iştirak etsə də, cavabdeh mediasiya sessiyasında iştirak edilməmiş, iddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, cavabdeh daşınmaz əmlak üzrə kiçik mütəxəssis vəzifəsinə 01 il müddətə qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “X2” haqqında müqaviləsindən görünür ki, cavabdedeh tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il il tarixdə 346k saylı əmrlə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabeh 167 manat iddiaçıya ödəmiş, onun iddiaşıya 2000 manat borc öhdəliyi qalmışdır. Tərəflər arasında bağlanmış və həmin tərixdən qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”sindən görünür ki, cavabdeh kiçik mütəxəssisi kimi işlədiyi zaman şirkətə vurduğu ziyana görə 2000 manat borcun yarandığını tam etiraf etmiş, xx.xx.2023-cü il tarixindən başlayaraq 2000 manatı 12 ayda 167 manat ödəməklə tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 1096.1 -cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı müəssisədə daşınmaz əmlak üzrə kiçik mütəxəssis vəzifəsinə işləməsi, onun təqəfindən iddiaçının icarəyə götürdüyü ofisin şüşə qapısını sındırması, bunu həmin şüşə qapı ilə çərçivəsi arasında sıxılıb qalmış pişiyi azad etmək üçün etdiyi, iddiaçı tərəfindən icarə verənə vurduğu ziyanı ödəməsi mübahisələndirlməyən haldır. Mübahisələndirlən hal isə ondan ibarətdir ki, cavabdeh sındırdığı şüşə qapıya görə vurulmuş ziyanın məbləğinin şişirdildiyini göstərməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı cavabeh tərəfindən onlara vurduğu ziyanı 2000 manat məbləğində qiymətləndirmiş, lakin cavabdehən bundan da az məbləğdə 1770 manat tələb etmiş, tələbinin əsasları kimi maliyyə arayışı, “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”, Xidmət müqaviləsi, Qiymətlərin razılaşdırılması Protokola istinad etmişdir. Lakin, cavabdeh xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında sındıqdığı şüşə qapının real qiyməti barədə sübutunu məhkəməyə təqdim edəcəyini göstərsə də, təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçıya vurulmuş ziyaının əvəzi olaraq 1770 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təmin edildiyindən iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 manat rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 1770 manat və iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 manat rüsum, cəmi 1830 (bir min səkkiz yüz otuz) manat alınaraq, iddiaçı "xxxx" MMC-nə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-3037/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3037/2024
29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver