Məhkəmə qərarları › İş №e-2(049)-412/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-412/2025

04.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-412/2025 04.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomobil» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına rəsmiləşdirilmiş və mülkiyyətində olan “VAZ 2105” markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz istifadəsindən alınarq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının adına rəsmiləşdirilmiş və mülkiyyətində olan VAZ 2105 markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının atasında olan baş etibarnamə əsasında X1 idarə etməyə verilmişdir. Daha sonra bir neçə nəfər avtomobili birbirinə etibar edərək idarə etməyə vermidir. O bu barədə məlumatsız olmuşdur. Avtomobil sonuncu dəfə xx.xx.1954-cü il təvəllüdlü Lənkəran şəhəri, Şağlaküçə kənd sakini Cavabdeh etibarnamə verilmişdir və həmin etibarnamə qüvvədən düşmüşdür. xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh, İddiaçı adına rəsmiləşdirilmiş və mülkiyyətində olan VAZ 2105 markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz idarə edir. Hər dəfə o, avtomobili idarə etdikdə mülkiyyətçi kimi onun adına cərimələr hesablanır və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bunun qarşısını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəinki cavabdeh xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh avtomobili idarə edir həmçinin digər şəxslərə də avtomobili idarə etməyə verir. Bununla bağlı foto şəkillər də var. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyəərk iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AB 186986 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-LX- *** dövlət qeydiyyat nişanlı, “VAZ-21051 minik” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, **-LX-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21051 minik” markalı nəqliyyat vasitəsinə dair həmin etibarnamə Cavabdeh 08 ay 21 gün müddətinə verilib və xx.xx.2020-ci il tarixədək qüvvədədir. Lənkəran Rayon Məhkəməsinin e-16(049)-71/2024 №-li, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, VAZ 2105 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(106)-85/2024 №-li, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16(049)-71/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadı qismən, VAZ 2105 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi hissəsində ləğv edilmiş, ərizə həmin hissədə təmin edilməmiş, qərardad mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-1380/2024 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06(altı) ay müddətinə məhdudlaşdırılmışdır. “Elektron Məhkəmə” informasiya sistemində “qəbz haqqında məlumat” bölməsində ünvanlanmış sorğunun cavabından görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə mübahisə mülkiyyətin müdafiəsi kimi avtomobilin geri qaytarılması ilə bağlı yaranmış mübahisədir. Məhkəmə bununla bağlı işin hallarının qanunvericiliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülki Məcəllənin 152.1-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi vindikasiya iddia növünə aiddir. Yəni vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktik sahibliyi itirən mülkiyyətçi həmin əşyanı naturada özgəsinin (başqa şəxslərin) qanunsuz sahibliyindən geri tələb edir. Bu növ iddianın təyinatı və məqsədi mülkiyyətçinin əşyası üzərində itirilmiş sahibliyinin bərpa edilməsidir. Sahiblik hüququ çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Beləliklə, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sahiblik, istifadə, sərəncam) səlahiyyətlərinin hamısı müdafiə edilir. İddia tələbinin hazırda mərkəz hüquqi norması Mülki Məcəllənin 157.2-ci maddəsidir, həmin normada təsbit edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Mülki Məcəllənin qeyd olunan norması üzrə təhlil edilən zaman müəyyən edilir ki, geri qaytarılması tələb olunan avtomobil qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətindədir. Həmin avtomobil Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında Cavabdeh 08 ay 21 gün müddətinə verilmiş və etibarnamə xx.xx.2020ci il tarixədək qüvvədə olmuşdur. Etibarnamənin müddəti başa çatmışdır. Hazırda avtomobilə dair cavabdehin hər hansı hüququ qalmamışdır. Buna baxmayaraq avtomobil cavabdehin qanunsuz sahibliyindədir. Cavabdehin həmin avtomobildən istifadə etməsi zamanı törətdiyi inzibati xəta hadisələrinə görə tətbiq edilmiş cərimələrin onun tərəfindən ödənilməməsi nəticəsində iddiaçının İXM-nin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ 06(altı) ay müddətinə məhdudlaşdırılmışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərir ki, hazırda avtomobilin iddiaçının mülkiyyətində olması, cavabdehin isə avtomobilə hər hansı hüququnun olmaması, onun avtomobil üzərində vicdanlı əldə edən olmadığı sübuta yetirildiyindən və iş materialları ilə təsdiq edildiyindən iddiaçının mülkiyyət hüquqları müdafiə edilməli, cavabdehin qanunsuz sahibliyində olan iddiaçıya məxsus avtomobil ondan alınaraq mülkiyyətçisinə qaytarılmalıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehdən “VAZ 2105” markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pul Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “VAZ 2105” markalı, ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar