Məhkəmə qərarları › İş №e-2(049)-818/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-818/2023

17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-818/2023 17.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə dəymiş ziyana görə ödənilmiş 2000 (iki min) manat pulun və 40.40 manat məbləğində dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Sorento” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə məxsus maneəyə zərər yetirmişdir. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə məxsus maneəyə 2000 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. 2000 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: 20 noyabr 2019-cu il tarixli, 075406 saylı sığorta aktından görünür ki, «KİA Sorento» markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də 55000 manat dəyərində sığortalanmış, sığortanın başlanma tarixi 04 avqust 2018-ci il, bitmə tarixi isə 04 avqust 2019-ci il kimi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 38.5-ci maddəsi tətbiq edilməklə xitam verilmişdir. xx.xx.2019-cu il tarixli 11551 saylı ödəniş tapşırığından görünür ki, zərərçəkənə 2000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 21 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx.xx.1996-ci il tarixdə Beyləqan rayonun Təzəkənd kəndində doğulmuş Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 13 yanvar 2023-cü il tarixli hökümət ödəniş portalından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 40.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış «KİA Sorento» markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə məxsus maneəyə zərər yetirmişdir. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə məxsus maneəyə 2000 manat sığorta ödənişi həyata keçirmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsinin təqsirli şəxs Cavabdeh olması müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə 2000 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2019-cu il tarixli 11551 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 2000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində verilmiş sığorta ödənişinin məbləği və 40.40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar