Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-247/2024 13.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı Pərviz oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə. İddiaçı Pərviz oğlunun Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Pərviz oğlu Cavabdeh qarşı atası X2 məxsus olan “İVECO” markalı, “OTOYOL YÜK” nəqliyyat vasitəsi, istehsal ili 2005, **-BE-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Pərviz oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, atası X7 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Atasının adına bir neçə avtomaşın-əmlaklar olmuşdur. Bu barədə Sumqayıt şəhərinin xüsusi notariusuna Azərbaycan Respublikasının Baş X8 İdarəsinin Sumqayıt regional qeydiyyat imtahan və Texniki baxış şöbəsi məlumat vermişdir. Bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Atası ölməmişdən onun tərəfindən Cavabdeh “İVECO” markalı “OTOYOL YÜK” nəqliyyat vasitəsi, istehsal ili 2005, **-BE-*** qeydiyyat nişanlı avtomobil sürülmək hüquq ilə istifadəsinə verilmişdir. Nəqliyyat vasitəsinin istifadə müddəti bir neçə aylıq olmuşdur. Etibarnamə xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi qüvvədə olmuşdur. Həmin vaxt avtomobili geri qaytarılması üçün bir neçə dəfə müraciət etmiş, lakin cavabdehi tapa bilməmişdir. Hazırda da tapa bilmir. Bu səbədən də atasının vərəsəsi olaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman həmin nəqliyyat vasitəsinin texniki pasportu cavabdehdə olduğu üçün bu əmlaka onun mülkiyyət hüququ qeydə alınmamışdır. Bu səbəbdən də o, mülkiyyət hüququndan məhrum olmuşdur. Hazırda atasına məxus olan bu nəqliyyat vasitəsinin atasının vərəsəsi kimi ona qaytarılmasını istəyir. Lakin cavabdeh onun telefon zənglərinə cavab vermir. Bu əmlakı qaytarmaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı Pərviz oğlu iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə maşın alanda tanış olmuşdur. Bu zaman cavabdeh yük daşınmalarını icra edərkən əlavə qazanc əldə etdiyini ona bildirmişdir. Bundan sonra aralarında olan razılaşmaya əsasən mülkiyyət hüququ ilə atasına məxsus olan avtomobili cavabdehin 3 aylıq istifadəsinə vermişdir. Əldə ediləcək gəlir təxmini hesablanmaqla cavabdehlə aralarında borc müqaviləsi bağlanmışdır. Cavabdehin ödəyəcəyi borc məbləği 6840 manat təşkil etmişdir. Maşını sonuncu dəfə 2016-cı ildə görmüş, hazırda harada olmasına dair məlumatı yoxdur. Dəfələrlə cavabdehdən avtomobili tələb etsə də, onu geri qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Avtomobil xx.xx.2016-cı ildə 3 ay müddətinə Cavabdeh istifadə hüququ ilə verilmişdir. xx.xx.2016-cı ildə etibarnamə qüvvədən düşmüş və cavabdeh avtomobili sürmək hüququ olmadan istifadə edə bilmədiyindən onu sahibinə geri qaytarmışdır. 2016-cı ildən iddianın verildiyi tarixədək keçən uzun müddət ərzində tərəflər arasında avtomobilin geri qaytarılmasına dair iddia qaldırılmamış olması da sübut edir ki, avtomobil cavabdehdə olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci ildə 6840 manat borcun ödənilməsinə dair xəbərdarlıq bildirişi ünvanlanmışdır. Bildirişin məzmununda avtomobilə dair hər hansı tələb olmamışdır. Bu da bir daha sübut edir ki, avtomobil cavabdehdə deyil, əgər cavabdehdə olsa idi, yaranmış borcu tələb etdiyi kimi, avtomobili də rəsmi şəkildə tələb edərdi. Bundan başqa Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının bu tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı Pərviz oğlunun onda heç bir maşını yoxdur. Onun tələb etdiyi maşına dair idarə etmək üçün ona Sumqayıt şəhərində xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixədək 3 (üç) ay müddətinə etibarnamə vermiş və o da həmin müddət bitdikdən sonra maşını ona qaytarmışdır. Buna görə də iddiaçının tələbi əsasızdır. Məhkəmənin nəzərinə onu da çatdırmışdır ki, iddiaçı ilə aralarında borc müqaviləsi olub və faizlə şərtləşdirilmişdir. Bu müqavilə xx.xx.2016-ci il tarixində 18 ay müddətə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2018-ci il tarixində bitmişdir. Belə olan halda iddiaçının əmlak tələb etmə müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Göründüyü kimi iddiaçı başqa əqdi pərdələmək üçün belə iddia qaldırmışdır. Qeyd edilənləri və iddia müddətinin keçməsini nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Pərviz oğlu Cavabdeh xx.xx.2018ci il tarixədək yaranmış 6840 manat məbləğində borc öhdəliyinin ödənilməsinə dair bildiriş göndərməklə xəbərdarlıq etmişdir. Sumqayıt şəhəri 3 nömrəli notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 29 avqust 2016-cı il tarixdə təsdiq edilmiş ƏN-İİİ seriyalı 873595 nömrəli etibarnamənin məzmunundan görünür ki, İddiaçı Pərviz oğlu “İVECO OTOYOL YÜK” markalı 07BE479 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh 3 aylıq müddətə, yəni 29 noyabr 2016-cı il tarixə qədər olan müddət üçün verilmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilməz. 13 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Pərviz oğlu müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi iddiaçı mülkiyyət hüququ ilə atasına məxsus olmuş “İVECO OTOYOL YÜK” markalı, 07BE479 qeydiyyat nişanlı avtomobili Cavabdeh 3 ay müddətinə sürülmək hüquq ilə istifadəsinə vermişdir. Etibarnamə xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi qüvvədə olmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən ona qaytarılmadığını iddia edir. Məhkəmə iddia tələbinə münasibətdə ilk növbədə onu qeyd edir ki, Cavabdeh avtomobilə dair etibarnamə əsasında istifadə hüququnu xx.xx.2016-cı ildə vermiş və etibarnamənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Göstərilən müddət ərzində, yəni təxmini 7 ildən artıq müddət ərzində iddiaçı tərəfindən Cavabdeh qarşı hər hansı tələb irəli sürülməmişdir. Bundan əlavə avtomobilin mülkiyyətçisi X4 xx.xx.2018-ci ilədək, yəni vəfat etdiyi tarixədək cavabdehə qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılmasına dair tələb irəli sürməmişdir. Bunun əksi olaraq Cavabdeh avtomobilin ona etibarnamə əsasında üç aylıq istifadə üçün verildiyini və etibarnamənin müddəti bitdikdın sonra iddiaçıya geri qaytardığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar real olduğu təqdirdə avtomobilin mülkiyyətçisi mərhum X1 və İddiaçı Pərviz oğlunun 7 ildən artıq müddət ərzində hüquq mühafizə orqanlarına müraciət etməməsi ağlabatan deyil. Həmçinin iddiaçı avtomobilin Cavabdeh qanunsuz sahibliyində olmasına dair məhkəməyə əlavə sübut təqdim etməmişdir. Belə olan halda avtomobilin cavabdehdə olması öz təsdini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddia əsassız hesab olunduğu üçün, iddia müddətinin keçməsi ilə bağlı cavabdehin etirazına hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Pərviz oğlunun Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-247/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-247/2024
13.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver