Məhkəmə qərarları › İş №e-2(050)-3245/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3245/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3245/2025 23.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 2110 manat məbləğində pulun, mediasiyaya ödədiyi 60 manat məbləğində rüsumun və 42 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2024-cü ildə Bakı şəhərində olan zaman tanış olmuşdur. Məhəmməd həmin vaxt ətir işi ilə məşğul olduğundan ona birlikdə iş qurmağı təklif etdi. O da onunla razılaşaraq 2024-cü ilin may ayında Binəqədi rayon ərazisində Məhəmmədlə görüşərək 1000 manat pulu ona vermişdir. Səhəri gün yenidən Məhəmmədlə görüşüb 1200 manat pulu ona vermişdir. Sonra xx.xx.2024-cü il tarixdə yenidən Məhəmmədin yaşadığı Qaradağ rayonunda görüşüb 600 manat, daha sonra həmin gün Məhəmmədin kartına 370 manat pul göndərmişdir. Sonuncu dəfə isə M.Əcəmi metrosu yaxınlığında xx.xx.2024-cü il tarixdə, 1300 manat pulu Məhəmmədin kartına göndərmişdir. O, ayrı-ayrı vaxtlarda Cavabdeh ümumilikdə 4470 manat məbləğində pul vermişdir. Həmin puldan Məhəmməd ona 1000 manat pul versə də, sonradan heç bir ödəniş etməmişdir. Özü biznesi işlədib gəlir əldə etməsinə baxmayaraq, ona heç bir ödəniş etməmiş, haqqı olan pulu verməmişdir. Dəfələrlə Cavabdeh ona borclu olduğu pulu qaytarmasını bildirsə də, qısa müddət ərzində verəcəyini bildirmişdir. Lakin dəfələrlə görüşməyinə baxmayaraq, Cavabdeh ona heç bir ödəniş etməmişdir. O, bu barədə mediasiya müraciət etmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən, ona xx.xx.2025-ci il tarixli Arayış verilmişdir. Həmçinin bu barədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət etsə də, mübahisənin mülki xarakterli olması səbəbindən, Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar çıxarılmışdır. Polis İdarəsinə müraciətindən sonra, Cavabdeh ayrı-ayrı vaxtlarda borcundan bir qismini qaytarmış, onun ümumilikdə 2110 manat məbləğində borcu qalmışdır. Məhəmmədin ona borclu olması barədə Whattsapp yazışmalarını sübut olaraq ərizəsinə əlavə edir. Həmçinin Məhəmmədin ona borclu olması barədə səs yazıları da mövcuddur. Cavabdeh borclu olduğunu danmır və müəyyən vaxtlarda ödənişlər etsə də, bu ödənişlər çox kiçik məbləğlərlə və uzun fasilələrlə həyata keçirilmişdir. Bu isə borcun tam həcmdə ödənilməsini təmin etmir və faktiki olaraq cavabdeh borc öhdəliyindən yayınmaq məqsədi güdür. Həmçinin, cavabdehin bu davranışı ona mənəvi və maddi çətinliklər yaratmışdır. Çünki o verdiyi pulu işgüzar məqsədlər üçün istifadə edəcəyini planlaşdırmışdır, lakin cavabdeh öhdəliyini pozduğundan maliyyə maraqlarına ciddi ziyan dəymişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin 25 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı DİN-in 102 xidmətinə zəng edərək, tanıdığı Cavabdeh ortaq iş quracağı adı ilə 3300 manat göndərməsi, lakin sonuncunun vədinə əməl etməməsi barədə məlumat vermişdir. İzahatı alınmış İddiaçı bildirmişdir ki, 2024-cü ildə Bakı şəhərində olan zaman Məhəmməd ilə tanış olmuş və Məhəmməd həmin vaxt ətir işi ilə məşğul olduğundan ona birlikdə iş qurmağı təklif etmişdir. Onunla razılaşaraq 2024-cü ilin may ayında Binəqədi rayon ərazisində Məhəmmədlə görüşərək, 1000 manat pulu ona vermişdir. Səhəri gün yenidən Məhəmmədlə görüşərək 1200 manat pulu ona vermişdir. Sonra yenidən Məhəmmədin yaşadığı Qaradağ rayonunda görüşüb 600 manat, daha sonra Məhəmmədin kartına 370 manat pul göndərmişdir. Sonuncu dəfə isə M.Əcəmi metrosu yaxınlığında 1300 manat pulu Məhəmmədin kartına göndərmişdir. Həmin puldan Məhəmməd qazanc olaraq 1000 manat versə də sonradan heç bir ödəniş etməmişdir. Araşdırma zamanı Rəhimov X3 ona 1000 manat pul göndərilməsini bildirmişdir. Qəbzlərdən görünür ki, 31 may 2024-cü il tarixdə 370 manat, 02 iyun 2024-cü il tarixdə 1300 manat pul göndərilmişdir. Cd diskdə olan “Whattsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərilmiş səs yazılarından görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona 900 manat, 1000 manat və 1300 manat pul məbləğlərinin göndərilməsini, ona 4000-5000 manat pul verəcəyini, borcunun bir aya qaytaracağını, müxtəlif vaxtlarda müxtəlif məbləğlərin göndərəcəyini, 3700 manat borcdan 3 dəfə 500 manat qaytarmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (445.7). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda iş qurmaq niyyəti ilə 4470 manat məbləğində pul vermişdir. Lakin iş alınmadığından iddiaçı verdiyi pulu tələb etmişdir. Cavabdeh ona verilmiş pulun bir qismini qaytarsa da 2210 manatı qaytarmamışdır. Belə ki, iş materiallarında olan Cd diskdə olan “Whattsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərilmiş səs yazılarında cavabdeh 3700 manat borcdan 3 dəfə 500 manat qaytarmasını bildirmişdir. Hazırda iddiaçı verilmiş puldan qalıq qalmış 2210 manatı tələb edir. Cavabdeh isə iddiaya münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yekun olaraq 4470 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin pul məbləğinin alması işin mübahisəsiz halı olduğundan, hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun tam şəkildə geri qaytarılmış olmasını sübut etmək vəzifəsini cavabdeh daşıyır. Lakin cavabdeh iddiaçıdan aldığı pulun qaytarılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin iddiaçı hazırda cavabdehin ona 2210 manat məbləğində pul verəcəyini bildirir. Cavabdeh isə 2210 manat pulun qaytarılması ilə bağlı məhkəməyə heç bir subut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci və 42 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2110 manat, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci və 42 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar