Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3445/2024 18.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan və reqres qaydasında pul tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ziyan və reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RAVON R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 5136.42 manat məbləğində pulun və həmçinin törədilmiş inzibati xətalara görə 474 manat məbləğində inzibati cərimə və 77 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 10 iyul 2023-cü il tarixli, K-491A-PCC-23 №-li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən RAVON R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Cavabdeh əvvəllər öhdəliyini icra etsə də sonradan öhdəliyini icra edə bilmədiyi üçün qeyd edilən nəqliyyat vasitəsini şirkətə təhvil vermişdir. Qeyd edilən nəqliyyat vasitəsi təhvil alınarkən qüsurları olduğuna görə cəmiyyətin servis mərkəzində yoxlanılmış və aşkar edilmiş qüsurlarla bağlı akt tərtib edilmişdir. RAVON R3 SX minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı tərtib edilmiş qüsur aktına əsasən həmin nəqliyyat vasitəsi cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərzində cavabdeh nəqliyyat vasitəsinə ümumilikdə 5136,42 (beş min yüz otuz altı manat qırx iki qəpik) manat məbləğində zərər vurmuşdur. Həmçinin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən cavabdeh dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Buna görə də dövlət yol polisi tərəfindən cavabdeh barəsində çoxlu sayda inzibati xəta haqqında protokol tərtib edilmişdir. İdarə etdiyi RAVON R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi inzibati xətalara görə dövlət yol polisi tərəfindən cavabdeh ümumilikdə 474 (dörd yüz yetmiş dörd) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin cavabdeh həmin cərimələri ödəmədiyi üçün onlar məcbur qalaraq qeyd edilən cərimələri ödəmək məcburiyyətində qalmışlar. Cavabdehin yuxarıda sadalanan qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulmuş və cəmiyyətə xeyli miqdarda zərər dəymişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh vurduğu zərəri könüllü olaraq ödəməkdən imtina etmişdir. Vurduğu zərəri ödəməsi üçün dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh vurduğu zərəri ödəməkdən imtina etmişdir. Buna görə də İddiaçı MMC pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştrakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarında olan: 10 iyul 2023-cü il tarixli, K-491A-PCC-23 saylı avtomobilin müddətli satışı müqaviləsindən görünür ki, Satıcı Ravon R3 SX minik markalı və **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşını alıcıya satmağı, alıcı isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlərlə və qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə nəqliyyat vasitəsinin dəyəri 16900 manat, müqavilənin müddəti 28 ay müəyyən edilmişdir. Lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 604 manat (sonuncu ay 592 manat), ümumilikdə isə 16900 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktlarından görünür ki, avtomobilə ümumi olaraq 5136.42 manat məbləğində ziyan dəymişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, “Ravon Nexia R3 SX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 77 manat dövlət rüsumu ödəmişdir. İnzibati tənbeh vermə haqqında qərarın ödəniş sənədlərindən görünür ki, Cavabdeh istifadəsində olduğu müddətdə ayrı-ayrı vaxtlarda 474 manat məbləğində inzibati qaydada cərimə edilmişdir və həmin məbləğlər iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. (maddə 443.1). Borclu icranı kecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1. və 748-11.2.-ci maddələrinə görə lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: -lizinq obyektinin amortizasiya ödənişləri; -lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; -lizinq verənin mükafatının məbləği; -lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -lizinq verənin əlavə xidmətlərinin haqqı; -lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1. və 1096.2.-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı və qanunla müəyyən edilmiş qaydada lizing müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Bununla da iddiaçı tərəfin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Ona görə də yaranmış əsas borc məbləği cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, tədqiq olunmuş materiallardan göründüyü kimi, avtomobilə 5136.42 manat maddi ziyan dəymişdir. Həmin ziyan avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə yaranmışdır. Belə olan halda, cavabdehin qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə mövcuddur. Ona görə də 5136.42 manat maddi ziyan ödənilməlidir. Həmçinin dəymiş ziyanla hüquqa zidd hərəkətlər arasında səbəbli əlaqə mövcuddur. Belə ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməl, yəni inzibati xətalar törətmişdir. Həmin ziyanı iddiaçı ödədiyinə görə tələb hüququ yaranmışdır. Bu hal istinad edilmiş və mötəbər sübut kimi qəbul edilmiş inzibati xəta haqqında cərimələrin ödəniş sənədləri ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalı və ödənilmiş 77 məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. RAVON R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 5136.42 manat məbləğində pul və həmçinin törədilmiş inzibati xətalara görə 474 manat məbləğində inzibati cərimə pulu və 77 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-3445/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3445/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver