Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-395/2023 14.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Masallı rayonu, Kolatan kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2006-cı ildə tikilmiş 2 mərtəbəli, 180 kv/m fərdi yaşayış evinə dair ½ hissədə payın müəyyən edilərək naturada bölünməsinə, mülkiyyət hüququnun elementi kimi həmin evə onun və övladlarının yerləşdirilməsinə, həmin evə dair ½ hissədə onun sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 avqust 2002-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 27 iyun 2005-ci il təvəllüdlü X3, 25 yanvar 2008ci il təvəllüdlü X5 və 19 dekabr 2009-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. 17 oktyabr 2022-ci il tarixində cavabdehlə aralarında bağlanmış 17 avqust 2002-ci il tarixli nikahın pozulması, azyaşlı övladları 27 iyun 2005-ci il təvəllüdlü X3, 25 yanvar 2008-ci il təvəllüdlü X5 və 19 dekabr 2009-cu il təvəllüdlü X1 onun himayəsində qalmaları və yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 579 manat məbləğində onun xeyrinə aliment tutulmasına dair məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin iş Masallı Rayon Məhkəməsinin icraatındadır. Cavabdehlə birgə nikah dövründə bir sıra daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Həmin əmlaklara Masallı rayonu, Kolatan Bələdiyyəsi tərəfindən verilmiş Masallı rayonu, Kolatan kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2006-cı ildə cavabdehlə birgə nikah dövründə tikilmiş 2 mərtəbəli, 180 kv/m fərdi yaşayış evi vardır. O və övladları daim həmin evdə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Lakin bir neçə aydır ki, Cavabdeh onu və övladlarını yaşadıqları evə buraxmır, onlara həmin evdə yaşamağa, evdən istifadə etməyə imkan yaratmır. Həmin evə dair hüquq müəyyənedici sənədin olmaması, onun həmin evdən sahiblik və istifadə hüquqlarını məhdudlaşdıra bilməz. Bunula bağlı fikrini və hüquqlarını dəfələrlə cavabdehə bildirsə də, nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Masallı rayonunun Kolatan kəndində 0,06 ha həyətyanı torpaq səhəsində birgə nikah dövründə yəni, 2006-cı ildə inşa etdikləri 2 mərtəbəli, 180 kv/m sahəsi olan fərdi yaşayış evinə onun və övladlarının istifadə hüquqlarının tanınaraq həmin fərdi yaşayış evinə köçürülmələrinə, cavabdehin və digər şəxslərin onun və övladlarının həmin fərdi yaşayış evindən istiadəsinə törədilən maneənin aradan qaldırılmasına və həmin maneənin törədilməsinin cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsni xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədə səhhəti ilə əlaqədar olaraq məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini, iddia tələblərini müdafiə etdiklərini, hazırlıq iclasında vermiş olduqları izahatlarını məhkəmə çıxışı kimi qəbul edərək, məhkəməyə təqdim edilmiş sübutlar və izahatları əsasında iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməyini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 2002-ci ilin avqust ayında el adəti qaydasında toy etməklə evlənmiş, 17 avqust 2005-ci ildə isə nikahlarını rəsmləşdirmişlər. Birgə nikahlarından 27 iyun 2005-ci il təvəllüdlü X3, 25 yanvar 2008-ci il təvəllüdlü X5 və 19 dekabr 2009-cu il təvəllüdlü X4 adlı üç nəfər uşaqları olmuşdur. Sonradan aralarında olan narazılığa görə Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Sözü gedən ev onların birgə nikahı dövründə onun valideynlərinin vəsaiti hesabına tikilmişdir. Həmin ev nə ona, nədə ki, iddiaçıya məsusdur. Onun bundan sonra iddiaçı ilə birlikdə həmin evdə yaşaması qeyri mümkündür. Lakin, uşaqlarının istədiyi vaxt gəlib onunla birlikdə yaşamasına etirazı yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah qeydi Masallı RİHB-nin Kolatan kənd ərazisi üzrə nümayəndəliyi tərəfindən 17 avqust 2005-ci il tarixdə, 27 sayla bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan 27 iyun 2005-ci il təvəllüdlü X3, 25 yanvar 2008-ci il təvəllüdlü X5 və 19 dekabr 2009-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cu il tarixli, 2(050)-105/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Masallı RİHB-nin Kolatan kənd ərazisi üzrə nümayəndəliyi tərəfindən bağlanmış 17 avqust 2005-ci il tarixli, 27 saylı nikahın pozulması, Cavabdeh 27 iyun 2005-ci il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsi, 27 iyun 2005-ci il təvəllüdlü X3, 25 yanvar 2008-ci il təvəllüdlü X5 və 19 dekabr 2009-cu il təvəllüdlü X4 adlı uşaqların anaları İddiaçı yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 120 manat olmaqla, üç uşaq üçün 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Böyük Kolatan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 22 saylı arayışdan görünür ki, Böyük Kolatan kənd sakini Cavabdeh 0.06 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2006-cı ildə tikilmiş 2 mərtəbəli, 180 kv/m fərdi yaşayış evi vardır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin 17 yanvar 2023-cü il tarixli, **********77 saylı məktubundan görünür ki, Cavabdeh adına Masallı rayonu ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş yaşayış məntəqəsi torpağı və ya fərdi yaşayış evinə dair məlumat aşkar edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı 2002-ci ilin avqust ayında el adəti qaydasında toy etməklə evlənmiş, 17 avqust 2005-ci ildə isə nikahlarını rəsmləşdirmişlər. Tərəflərin birgə nikahlarından üç nəfər uşaqları anadan olmuşdur. Tərəflərin birgə nikah dövründə, yəni 2006-cı ildə Masallı rayonu, Böyük Kolatan kəndində iki mərtəbəli, 180 kv/m fərdi yaşayış evi vardır. Nikahları pozulanadək birilkdə orada yaşamışlar. Daha sonra münasibətləri pozulduğundan ayrılmalı olmuşlar. Ayrıldıqdan sonra cavabdeh iddiaçını həmin fərdi yaşayış evindən çıxarmışdır. İddiaçıya məxsus cehiz əmlaklar və digər zəruri əşylar hazırda həmin evdə yerləşir. Həmçinin fərdi yaşayış evi dövlət qeydiyyatından keçməməklə qanunsuz tikilidir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan üç nəfər yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evə köçmək istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qanunvericiliyin göstərilən müddəalarının mənasından göründüyü kimi hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah dövründə əldə edilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 180 kv/m olan fərdi yaşayış evi özbaşına tikili olsa da, birgə nikah dövründə tərəflərin vəsaiti (qazancı) hesabına əldə edilmişdir və bu səbəbdən də həmin əmlak onların ümumi birgə mülkiyyətinə daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci hal mübahisəsizdir. Yəni iddiaçı köçmək istədiyi evdə uzun illər yaşamışdır. 2-ci hala münasibətdə qeyd edilməlidir ki, şəxs hazırda yaşamış olduğu evə daxil ola bilmir. Buna səbəb cavabdehin yaratmış olduğu maneələrdir. Bu isə mahiyyət etibarı ilə yaşadığı yerdən məhrum edilməyə bərabərdir. 3-cü halın mövcudluğuna dair isə qeyd edilməlidir ki, cavabdeh və iddiaçı mübahisəli fərdi yaşayış evinə münasibətdə eyni hüquqa malik şəxslərdir. Belə ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə tikilmiş, həmçinin ev rəsmi reyestrdə qeydiyyatdan keçməmişdir. Hazırki vəziyyətdə cavabdeh mübahisəli evdə yaşamaq hüququnun olduğunu hesab edirsə, o zaman bərabərlik prinsipi baxımından iddiaçının da həmin evdə yaşamasına mane olmamalıdır. Odur ki, məhrum etmə qanuni deyildir. Bundan başqa qeyd edilməlidir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Hazırki iş üzrə iddiaçının uşaqları ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, o, mübahisəli evə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının himayəsində olan 3 nəfər uşaqlar 18 yaşına çatmamış fiziki şəxslərdir. Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(050)-105/2023 saylı qətnaməsindən də görünür ki, tərəflər arasında olan nikah pozularkən uşaqlar analarının himayəsində saxlanılmışdır. Bu isə o deməkdi ki, həmin şəxslərin yaşayış yeri hazırda sağ olan valideynləri, yəni analarının yaşayış yeri sayılır. İddiaçı isə mübahisəli evə köçürüldüyündən, onun himayəsində olan üç nəfər azyaşlı uşaqları da onunla birlikdə qeyd olunan evə köçürülməli və həmin fərdi yaşayış evindən onların istiadəsinə törədilən maneələr cavabdeh və digər şəxslərə qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı uşaqları 27 iyun 2005-ci il təvəllüdlü X3, 25 yanvar 2008-ci il təvəllüdlü X5 və 19 dekabr 2009-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh istifadəsində olan Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 180 kv/m olan fərdi yaşayış evinə köçürülsün və həmin fərdi yaşayış evindən onların istiadəsinə törədilən maneələr cavabdeh və digər şəxslərə qadağan edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-395/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-395/2023
14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver