Məhkəmə qərarları › İş №e-2(051)-1357/2022

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(051)-1357/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1357/2022 06.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 5700 (beş min yeddi yüz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 87 manat pulun, cəmi 5787 (beş min yeddi yüz səksən yeddi) manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, təxminən 2018-ci ildən sahibkarlıq fəaliyyəti ilə, əsasən lombard fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə rəhbərlik etdiyi Mingəçevir şəhərində yerləşən 1-İNCİ lombarda Mingəçevir şəhər sakini Cavabdeh gələrək ərizə ilə müraciət edərək Mingəçevir şəhərində yerləşən başqa bir “İnternatioanl” adlı lombarda girov qoyulmuş qızıllarını çıxardıb onun rəhbərlik etdiyi lombarda qoymaq üçün 6820 manat borc pul istədi. Lakin cavabdehin istədiyi qədər pul olmadığına görə ona 5700 manat pul verdi və “İnternatioanl” adlı lombarda girov qoyulmuş qızıllarını alıb onun rəhbərlik etdiyi lombarda girov qoyacağına söz verdi. Lakin bundan sonra məlum oldu ki, cavabdeh onu aldadıb. Bununla bağlı Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdi. Mingəçevir ŞPŞ bu barədə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etdi və məhkəməyə müraciət etməli olduğunu bildirdi. Cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanmağa çalışılsa da onunla əlaqə yaratmaq mümkün olmamışdır. Cavabdeh həmin pulu ödəməkdən yayınır. İddianın təmin olunmasını, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 87 manat pulun, cəmi 5787 (beş min yeddi yüz səksən yeddi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçını dinləyib, toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. İşə əlavə olunmuş Cavabdeh ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə 5700 manat pulu iddiaçıdan təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 5700 manat pul almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin olunmalı, cavabdehdən 5700 manat pul alınıb iddiaçıya verilməlidir. Mülkü Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 87 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 238-253-cü maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 5700 (beş min yeddi yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 87 (səksən yeddi) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar