Məhkəmə qərarları › İş №e-2(051)-139/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-139/2023

25.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-139/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq Cavabdeh onun avtomobilinə vurduğu maddi ziyana görə 9300 (doqquz min üç yüz) manat, mənəvi zərərə görə isə 1000 (min) manat, dövlət rüsumuna görə 121 manat, ümumilikdə 10421 (on min dörd yüz iyirmi bir) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsinin onunla əsaslandırmışdır ki, Cavabdeh 9 dekabr 2021-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində idarə etdiyi “Mercedes Benz 300D" markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydalarını pozmuş və nəticədə onun təqsiri ucbatından yol-nəqliyyat hadisəsi baş vermiş, idarə etdiyi avtomaşın ona məxsus olan vətəndaş X3 idarə etdiyi "KİA Sportage" markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ciddi ziyan dəymiş, həmçinin "KİA Sportage" markalı avtomobilin sürücüsü Q.Ç.Məhərrəmlinin sağlamlığına yüngül dərəcəli, həmin avtomobildə olan sərnişinlər X1 az ağır dərəcəli, digər sərnişinlər X7 və X2 dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdılar. Zərərçəkimiş şəxs X9 ehtiyatsızlıqdan baş vermiş yol nəqliyyat hadisəsinin təqsirkarı olmuş sürücü Cavabdeh qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığından, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsaslar olduğundan, sürücü Cavabdeh barəsində Səbail rayon polis idarəsinin 31 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə cinayət təqibinin başlanması rədd edilmişdir, Cavabdeh «X12» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİnin DYPŞ-yə göndərilmişdir Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurduğu maddi ziyanı ödəmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin təqsiri ucbatından onun avtomobilinə real olaraq 9300 (doqquz min üç yüz) manat məbləğində ziyan dəymiş, həmin məbləğ sığorta şirkəti tərəfindən ödənilmişdir. Deməli cavabadehin ona 9300 (doqquz min üç yüz) manat manat məbləğində borcu qalmışdır. Həmçinin cinayət işi üzrə hadisənin baş verməsi ilə bağlı o,n mənəvi iztirab və əsəb gərginliyi keçirmişdir. Bu səbəbdən ona vurulmuş mənəvi zərəri 1000 (min) manat məbləğində qiymətləndirir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədiyini və dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənildiyini qeyd edərək iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı Viddadi qızı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinin və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli PPA ********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan dövlət qeydiyyat nişanı **-BD-***, “Mersedes Benz” markalı, model 300D, ban nömrəsi WDB1241301A621828, mühərrik nömrəsi **********3353 olan avtomobil 5000 manat məbləğində sığorta edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsində xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyat nişanı **-ER-*** olan zərəçəkmiş şəxs İddiaçı məxsus olan Kia Sportage minik markalı avtomobilə dəymiş 4317,41 manat sığorta ödənişi mütənasib qaydada zərərçəkənin təqdim etdiyi hesaba köçürülmüşdür. İşdə olan 17 mart 2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-ER-*** dövlət nömrə nişanlı, “Kia Sportage ” markalı avtomobilə 6831 manat dəyərinə ziyan dəymişdir. İşdə olan Bakı Şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(009)- 685/2022 saylı qərarından görünür ki, Cavabdeh AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh 9 dekabr 2021-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində idarə etdiyi “Mercedes Benz 300D" markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydalarını pozmuş və yol-nəqliyyat hadisəsi baş vermiş, idarə etdiyi avtomaşın vətəndaş X4 idarə etdiyi "KİA Sportage" markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə iddiaıçıya məxsus avtomaşın yararsız vəziyyətə düşmüşdür. Ona görə də Cavabdeh AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən, işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi miqdarda vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı konkret sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı cavabdehdən onun avtomobilinə dəymiş ziyana görə 9300 manat tələb etmişdir. Lakin işdə olan sənədlərə baxış keçirirkən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə dəymiş zərərin ümumi həcmi 6831 manat müəyyən edilmişdir ki, həmin məbləğdən də 4317,41 manat sığorta ödənişi mütanasib qaydada zərərçəkənin təqüdim etdiyi hesaba köçürülmüşdür. Bu halda iddiaının yenidən cavabdehdən əlavə ödəniş tələb etməsinin heç bir hüquqi əsasları mövcud deyildir. Bununla bağlı iddiaçı tərəf hər hansı mötəbər sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə dəymiş maddi zərərin 2514,41 manat məbləğdə tutulmasını daha ağlabatan hesab edir. Həmçinin məhkəmə iddia tələbinin mənəvi zərərə görə 1000 (min) manat manatı tələb etməsi hissəsinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İddiaçı tələbin qeyd olunan hissəsində mənəvi zərərin mövcudluğunu məhkəmə də hər hansı mötəbər faktla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qəza nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsini sübutetmə yükü iddiaçının, lakin avto qəza nəticəsində dəymiş həmin maddi ziyanın mövcud olmadığnı sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2514,41 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumu 45,14 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 2514,41 (iki min beş yüz on dörd) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 45,14 manat məbləğində pul alınıb iddiaçı İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar