Məhkəmə qərarları › İş №e-2(051)-2450/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2450/2022

21.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2450/2022 21.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, ** KZ *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh idarə etdiyi ** KZ *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı sığortalı avtonəqliyyat vasitəsi ilə ** BG *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Tərtib olunmuş MN0436161 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi ilə bağlı ** BG *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün ** BG *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 345 (üç yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 345 (üç yüz qırx beş) manat məbləğində sığorta ödənişi zərərçəkən X1 təqdim etdiyi hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. 345 (üç yüz qırx beş) manat məbləğində vəsaitin, 30 (otuz) manat dövlət rüsumunun, 0.4 (qırx qəpik) manat bank xidməti xərcinin Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, MN0436161 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ** KZ *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsini idarə edərkən Mingəçevir şəhəri, Şəhriyar küçəsi ilə M.Ə.Sabir küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş, ** BG *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə ilə ** KZ *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi 1 il müddətində "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci ildir. İşə əlavə olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər cəmi 345 manat təşkil edir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, sığorta hadisəsi nəticəsində ** BG *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 345 manat təşkil edir. Zərərçəkmiş şəxs X2r. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsi ilə X1 hesabına 345 manat köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 345 (üç yüz qırx beş) manat sığorta ödənişi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.4 (qırx qəpik) manat xidmət haqqının Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh 345 (üç yüz qırx beş) manat sığorta ödənişi, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul və 0.4 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar