Məhkəmə qərarları › İş №e-2(051)-2603/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2603/2023

03.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2603/2023 03.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi: "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi ASC-nin Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ASC mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və 24 ay müddətinə hər ay 70 (yetmiş) manat olmaqla, alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ASC-nin nümayəndəsi X3 məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Maraqlı şəxs Ərizəçi ASC-də işləyir. İşlədiyi müddətdə əmək funksiyalarını düzgün şəkildə icra etmədiyinə və işində yol verdiyi pozuntulara görə ümumilikdə müəssisəyə 1700 manat maddi ziyan vurmuşdur. Əvvəlcə, o, Maraqlı şəxs ilə bu məsələni öz aralarında həll etməyə çalışsalar da, müsbət nəticə əldə edə bilməmişlər. Bu səbəbdən qarşılıqlı razılıq əsasında mediasiya təşkilatına müraciət etdilər və həmin məbləğin qaytarılmasına dair mediasiyada qarşılıqlı razılığa gələrək 25 may 2023-cü il tarixində Barışıq Sazişi bağlamışlar. 25 may 2023-cü il tarixində Maraqlı şəxs ilə bərabər könüllü şəkildə Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində olmuşlar. Aralarında bağlanan xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi Açıq Səhmdar Cəmiyyətinə vurduğu 1700 (bir min yeddi yüz) manat maddi ziyanı 24 ay müddətinə hər ay 70 (yetmiş) manat olmaqla ödəmək öhdəliyini öz üzərinə götürür. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilir ki, saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və imzalandığı gündən 10 gün müddətinə könüllü şəkildə icra olunmalıdır. Eyni zamanda, Sazişin bəndlərinə əsasən tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər. Məhz bu məsələ ilə bağlı mediasiyada onlara ətraflı məlumat verildi, bütün məsələlər izah olundu və hər ikisi sərbəst şəkildə imza etməklə razılıqlarını, iradə ifadələrini bildirmişlər. Lakin qarşı tərəf Tağıyev X4 Sazişini icra etmir və həmin Sazişin icrasından imtinasını da əsaslandırmır, heç bir əsaslı səbəb göstərmir. İlk vaxtlar cavabdeh həmin pulun vaxtında qaytarılmasına söz verdi. Lakin cavabdeh verdiyi sözə əməl etmədi. Maraqlı şəxs pulun qaytarılmasını dəfələrlə xahiş və tələb etsə də, o, müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Hətta iki dəfə ondan yazılı şəkildə möhlət vermilməsini xahiş etsə də, yenə də öz öhdəliyini icra etməmişdir. Tağıyev X4 sazişinin tələblərini, xüsusilə də qeyd edilən 1-ci bəndin şərtlərini kobud surətdə pozmuş və icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məlumat verilmiş lakin o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hesab edir ki, MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli Ərizəçi Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs işlədiyi müddətdə əmək funksiyalarını düzgün şəkildə icra etmədiyinə və işində yol verdiyi pozuntulara görə ümumilikdə müəssisəyə 1700 manat maddi ziyan vurmuşdur. Həmin borcun 24 ay müddətinə hər ay 70 (yetmiş) manat olmaqla, ondan alınaraq Ərizəçi Açıq Səhmdar Cəmiyyəti verilməsi qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs qanunda nəzərdə tutulmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə Ərizəçi ASC ilə Maraqlı şəxs arasında bağlanmış 24 ay müddətinə hər ay 70 (yetmiş) manat alınaraq ərizəçiyə ödənilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ASC və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli mediasiya reyestrində MŞM/MT032/2023/00574 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə (xxxxxxx000100) əsasən İkinci tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1985) Birinci tərəf "xxxx" ASCnin səlahiyyətli nümayəndəsi və direktoru (3QT6Y1N000104, Sərəncam № 16/K) X3 ilə işlədiyi ərzində müəssisəyə vurduğu ziyana görə 1700 (bir min yeddi yüz) manat satış üzrə borcun ödənilməsi tələbi üzrə aşağıdakı şərtlər daxilində razılığa gəlirlər. İkinci tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi xx.xx.1985) Birinci tərəf "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi və direktoru (3QT6Y1N000104, Sərəncam № 16/K) X2 (AZE№ 17802267; FİN:3QT6Y1N; Doğum tarixi: xx.xx.1988) əmək müqaviləsinə əsasən işlədiyi müddət ərzində müəssisəyə vurduğu ziyana görə yaranmış 1700 (bir min yeddi yüz) manat satış üzrə borcunu 24 (iyimi dörd) ay müddətinə hər ay 70 (yetmiş) manat olmaqla ödəməyi öz üzərinə öhdəlik götürür. Borcun ödənilməsi xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay növbəti ayın 15-nə kimi İkinci tərəfin açdığı bank hesabına ödəniləcək. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar