Məhkəmə qərarları › İş №e-2(051)-529/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-529/2022

15.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-529/2022 15.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 26500 manat məbləğində maddi zərərin və 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-479/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdə bacısı qızı Ceyhunə Quliyevanın adına olan, lakin faktiki olaraq ona məxsus olan ünvan 1 ünvanını 30000 (otuz min) manata satmışdır ki, Abşeron rayonu, Xırdalan şəhərində yeni tikilən binaların birindən özünə ev alsın və gələcəkdə həmin evə köçsün. Evi satdıqdan sonra Abşeron rayonu, Xırdalan şəhərinə getmiş və orada ev alqısatqısı ilə məşğul olan şəxslərdən mənzillə maraqlanmışdır. Lakin münasib ev tapa bilmədiyi üçün Ağdam rayonu, Quzanlı kəndinə qayıtmışdır. Uzun müddət Mingəçevir şəhərində qonşusu və ailə dostu olan Cavabdeh də ev axtardığını bildirmişdir. Orxan ona zəng edərək Abşeron rayonu, Xırdalan şəhəri "AAAF" yaşayış kompleksində 57 kv/metr ev olduğunu və 25000 manata satıldığını bildirmişdir. Orxanın dediyi evin qiyməti və kvadrat metri onu qane etdiyindən o, Orxanla razılaşmış və 18 sentyabr 2018-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə getmişdir. Orxan onu avtovağzalda qarşıladıqdan sonra birlikdə Abşeron rayonu Xırdalan şəhərinə getmişlər. X1 yaşayış massivində olan evə baxmış, orada ilkin olaraq baxdığı evə 1000 manat beh vermişdir. Ümumilikdə üzərində 27500 manat pul götürmüş, həmin pulu qara rəngli əl çantasının içərisində sellofona qoymuşdur. 1000 manat behi Orxanın yanında çantasından çıxarıb ev sahibinə verərkən Orxan onun üzərində 27500 manat pul olmasını bilmişdir. Lakin evin sənədlərində problem yarandığından o, behi geri qaytarmışdır. Bundan sonra o, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksində olan və kirayə tutduğu evə Orxanla birlikdə getmişdir. Onlar gecəni orada qalmışlar. Səhəri günü, yəni 19 sentyabr 2018-ci il tarixdə oğlu Xəzər Vəliyev Bakıya gəlmiş və ona zəng vurub xahiş etmiş ki, əsgərliyə görə arayış götürmək üçün onu Maştağa qəsəbəsinə aparsın. İçərisində pul olan əl çantanı götürüb Koroğlu metrosunun yanına getmiş və orada oğlu ilə görüşüb Maştağa qəsəbəsinə getmişdir. Orada onlara demişlər ki, arayış vermək üçün 3 gün uşaq qalmalıdır. Ordan oğlu ilə birlikdə bacısıgilin yaşadığı Mərdəkan-Buzovna yolundakı evinə qayıtmışlar. Ordan lazımı əşyalar götürüb oğlu ilə yenidən Maştağa qəsəbəsinə getmiş və oğlunu orada yerləşdirmişdir. Sonra taksiyə minib Xırdalana qayıtmışdır. Yolda olanda Orxana zəng vuraraq gəldiyini demişdir. Ona görə ki, qaldıqları evin açarı cəmi bir dənə imiş ki, o da Orxanda olmuşdur. Saat təxminən 13 radələrində Orxan onu Kristal-Abşeron yaşayış kompleksinin yanında qarşılamışdır. Birlikdə evə getmişlər. Bir qədər sonra günorta yeməyi yemək üçün Orxanla birlikdə evdən çıxmış, qapını Orxan bağlamış və açar onda qalmışdır. Evin yaxınlığındakı kafedə oturub yemək yeyib yenidən evə qalxmışlar. Yorğun olduğu üçün yatmış, Orxan isə dostunun yanına getmək üçün evdən çıxıb getmişdir. Saat 17-18 radələrində Orxan evə qayıtmışdır. Bir qədər sonra ona «gedək aşağıda yemək yeyək və sonra rayona gedib əşyalarını gətirək» demişdir. Birlikdə mənzildən çıxarkən o, içərisində pul olan əl çantanı götürmək istəmiş, bu zaman Orxan onun çiynində əl çantanı çıxarıb «neynirsən bunu özünlə daşıyırsan, qoy evdə qalsın» demiş, o da Orxana qulaq asıb əl çantasını mənzildə yorğanın üstünə qoymuşdur. Birlikdə aşağıya düşüb yenidən həmin kafedə əyləşmişlər. Sifarişi verəndən bir qədər sonra hələ yemək gəlməmiş Orxan birdən ona demiş ki, onun təzyiqi düşüb başı ağrımağa başlamış, ona kofe sifariş etmiş, Orxan kofe içəndən sonra ona demiş ki,aptekə gedib təzyiqini ölçdürmək istəyir. Orxan kafedən çıxmış o isə onu gözləmişdir. Təxminən 10 dəqiqədən sonra Orxan qayıtmış, yaxınlıqda aptek olduğu üçün ondan nə üçün gec gəldiyini soruşmuş. Orxan cavabında qarnı ağrıdığı üçün evə qalxdığını bildirmişdir. Həmin vaxtı mənzilin açarı Orxanda olmuşdur. Bir qədər oturduqdan sonra Orxan ona halı düzəlmədiyini deyib getmək istədiyini bildirmişdir. Yemək yemədən kafedən çıxıb evə qayıtmışlar. Mənzilə qayıdan kimi Orxan evin içindən bir boş sellofan paket götürüb pul olan əl çantasını həmin paketin içinə qoymuş və üstünə də onun bir neçə dənə paltarlarını qoymuşdur.Həmin vaxtı ağlına da gəlmədi ki, Orxan məqsədli şəkildə əşyaları pul olan çantanın üstünə qoymuşdur. Evdən çıxıb taksiyə minib yola düşmüşlər. Taksi bir qədər hərəkət etmişdir ki, anası Orxana zəng vurmuşdur. Orxan ona demiş ki, onun xalası rəhmətə gedib təcili getməlidir. Avtovaqzala çatdıqdan sonra Orxan onu başqa bir taksiyə əyləşdirmiş və əlindən paketi alıb baqaca qoymuşdur. Paket ona verməyi ondan xahiş etsə də, ona demiş ki, «qoy qalsın burda» və çıxıb gedəndə baqacı bağlamışdır. Saat 20-21 radələrində taksi ilə Lökbatan qəsəbəsinin dairəsinin yanından keçən zaman taksidən saxlamağı xahiş etmiş, sürücü maşını saxladıqdan sonra baqacdan paketi götürüb içinə baxdıqda pulun oğurlandığını aşkar etmişdir. Dərhal Orxanın mobil telefonuna zəng etmiş və vəziyyəti ona bildirdikdə, Orxan ona demiş ki, geri qayıtsın. Yenidən geriyə, yəni Kristal Abşeronun qarşısına qayıtmış və Orxana sellofanın içində olan ağ kağızları göstərmişdir. Orxan onu sakitləşdirməyə başlamış və onu kirayə qaldığı evə aparmışdır. Gecəni yenidən həmin evdə qalmışlar. Orxan ona yalvarmış ki, bu barədə polisə məlumat verməsin, bəzi adamlarla danışmış, onun pullarını tapıb verəcəklər, 20 sentyabr 2018-ci il tarixdə saat 17 radələrinə kimi pulu gətirəcək. Həmçinin evdə olan zaman Orxan ona əlavə 1000 manat pul da verdi ki, guya həmin pulu qaz sobasının yanından tapmışdır. O, Orxanla mülayim hərəkət edirmiş ki, onun pulunu geri qaytarsın. 20 sentyabr 2018-ci il tarixdə saat 13 radələrində Orxan evdən çıxıb gedərkən saat 17 radələrinə kimi pulunu geri qaytaracağını bildirmişdir. Ona inanıb evdə oturub onu gözləmiş, saat 17 radələrinə kimi Orxanla mütəmadi olaraq telefonla əlaqə saxlamış, hər dəfə ona narahat olmamağını və gələcəyini demişdir. Lakin saat 17-dən sonra Orxanın telefonuna zəng çatmamışdır. Evin qapısını açıb çölə çıxmaq istədikdə qapının bağlı olduğunu görmüşdür. Açar isə Orxanda olduğu üçün bayıra çıxa bilməmişdir. Orxanın telefonlarına isə zəng çatmamışdır. Məcbur olub evi ona kirayə verənə zəng vurmuş və ona nə baş verdiyini danışmış. İki saatdan sonra usta göndərilmiş və gələn usta qapını qırandan sonra bayıra çıxmışdır. Sonra rayona getmişdir. Həmin gecə Orxanın atasına zəng vurmuş və nə baş verdiyini ona demiş, atası Orxanın yoldaşına zəng vurub ondan xəbər alıb deyəcəyini demişdir. Bir qədər sonra Orxanın atası ona zəng vurub bildirmişdir ki, onun oğlu Orxan Rusiyaya getmişdir. Onun danışığından başa düşmüşdür ki, oğlunun Rusiyaya getməsi barədə məlumatı yoxdur. Həmçinin atası ona demişdir ki, arvadı hazırda Sumqayıtdadır. Orxanın bu hərəkətinə görə dərhal 102 xidmətinə zəng vurmuşdur. 06 oktyabr 2021-ci il tarixdə Orxan Azərbaycana qayıtmış və polisə aparılmışdır. X2 yazmış ki, onun pulunu ödəyəcək ona görə də onu buraxmışlar. Həmin günü birlikdə onun evinə getmişlər. Gecə söhbət əsnasında Orxan ona demiş ki, pulu o, oğurlatdırıb lakin müxtəlif adlar çəkməyə başlamışdır. Pulu necə oğurlatdığını soruşanda ona demişdir ki,19-u günü guya kafeyə gedəndə o qapını kilidləməmiş və həmin adamlar gəlib evdən oğurlamışlar. Səhəri gün polisə getməli olduqları üçün Orxan evdən çıxıb aşağıda onu gözləyəcəyini desə də, o, aşağı düşəndə Orxanı tapa bilməmiş, ona dəfələrlə zəng vursa da telefonuna zəng çatmamış və onun hara getdiyini bilməmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş hökmlə sübut olunmuşdur ki, Cavabdeh ondan 26500 (iyirmi altı min beş yüz) manat pul vəsaitini gizli yolla talamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən onun məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə cavabdeh iddia ərizəsinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 1(012)– 479/2021 saylı hökmündən görünür ki, Cavabdeh tamah niyyəti ilə qeyri-rəsmi münasibətdə olduğu İddiaçı Mingəçevir şəhərində olan mənzilinin satılmasından əldə etdiyi pulun çantasında olduğunu bilib, həmin pulu oğurlamaq qərarına gəlmiş, xx.xx.2018-ci il tarixdə birlikdə kirayədə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-Abşeron 1 yaşayış kompleksi, bina 8, mənzil 177-də tək olan zaman İddiaçı əl çantasının içərisində 26500 manat pulu gizli olaraq talayıb İddiaçı xeyli miqdarda ziyan vurmaqla oğurluq etdiyindən, Cavabdeh AR CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(105)-139/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 1(012)–479/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh tamah niyyəti ilə qeyri-rəsmi münasibətdə olduğu İddiaçı Mingəçevir şəhərində olan mənzilinin satılmasından əldə etdiyi pulun çantasında olduğunu bilib, həmin pulu oğurlamaq qərarına gəlmiş, xx.xx.2018-ci il tarixdə birlikdə kirayədə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-Abşeron 1 yaşayış kompleksi, bina 8, mənzil 177-də tək olan zaman İddiaçı əl çantasının içərisində 26500 manat pulu gizli olaraq talayıb İddiaçı xeyli miqdarda ziyan vurmuşdur. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 1(012)–479/2021 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin AR CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM–in 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh cinayət hadisəsi törətməsinə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, həmçinin məhkəmənin qanuni qüvvədə olan hökmü ilə təqsirli hesab edildiyindən 26500 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 26500 manat məbləğində maddi zərər alınıb iddiaçıya verilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərə görə 26500 (iyirmi altı min beş yüz) məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 100 (yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar