Məhkəmə qərarları › İş №e-2(051)-637/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-637/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-637/2025 17.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkmiş şəxslər X3 az ağır dərəcəli xəsarət almasına və həmçinin 2-ci dərəcəli əlillik almasına və X4 ağır dərəcəli xəsarət almasına görə ümumilikdə ödənilmiş 4500 manat sığorta ödənişinin və ödənilmiş 65 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2013-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ‘VAZ 21154” markalı ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə X7 az ağır dərəcəli xəsarət alaraq 2-ci dərəcəli əlillik almış, həmçinin X8 isə ağır dərəcəli xəsarət almışdırlar. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta müqaviləsinin 127068,127069 və 127513 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞda sığortalanmışdır. İddiaçı Sığorta iş materiallarına əlavə edilmiş 12516 nömrəli ödəniş tapşırığına əsasən zərərçəkən X5 az ağır dərəcəli xəsarət almasına görə 1500 manat, 13587 nömrəli ödəniş tapşırığına əsasən 2-ci dərəcəli əlillik almasına görə 1500 manat və 12517 nömrəli ödəniş tapşırığına əsasən isə X6 ağır dərəcəli xəsarət almasına görə 1500 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(051)-46/2013 nömrəli hökmündən göründüyü kimi Cavabdeh CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh ilə zərərçəkmişlər X7 və X8 arasında mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Lakin zərərçəkmişlər tərəfindən sığorta ödənişinin ödənilməsi ilə bağlı sığorta tələbləri xx.xx.2023-cü il tarixdə İddiaçı Sığorta Şirkətinə ünvanlanmışdır. Buna görə də, sığorta ödənişləri xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə zərərçəkmiş şəxslərə ödənilmişdir. Beləliklə, iddiaçının subroqasiya hüququ bu andan etibarən yaranmışdır. Hesab edir ki, zərərçəkmiş şəxslərin xəsarət almalarına görə ümumilikdə ödənilmiş 4500 manat sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən zərərçəkmiş şəxslər X3 az ağır dərəcəli xəsarət almasına və həmçinin 2-ci dərəcəli əlillik almasına və X4 ağır dərəcəli xəsarət almasına görə ümumilikdə ödənilmiş 4500 manat sığorta ödənişinin və ödənilmiş 65 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2025-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da sığortalanmışdır. xx.xx.2013-cü il tarixinə icbari avtoməsuliyyət sığortası müqaviləsinin qüvvədə olub-olmaması sorğulanmış, status aktiv göstərilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(051)-46/2013 nömrəli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə göstərilmişdir ki, Cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixdə saat 21:26 radələrində tibbi müayinədən keçmiş və onun yüngül dərəcədə sərxoş olması müəyyən edilmişdir. İşdə olan X7 tərəfindən İddiaçı Sığorta Şirkətinin rəhbərinə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə Mingəçevir şəhər ərazisində sürücü Cavabdeh idarə etdiyi və İddiaçı SŞ tərəfindən sığortalanmış “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti alaraq 2-ci dərəcəli əlil olmuşdur. Sığorta hadisəsi olduğu üçün sığorta kompensasiya ödənişinə icazə verilməsi xahiş edilmişdir. İşdə olan X8 tərəfindən İddiaçı Sığorta Şirkətinin rəhbərinə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə Mingəçevir şəhər ərazisində sürücü Cavabdeh idarə etdiyi və İddiaçı SŞ tərəfindən sığortalanmış “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində mərhum atası Abbas İsmayılov az ağır, o isə ağır bədən xəsarəti almışdır. Sığorta hadisəsi olduğu üçün sığorta kompensasiya ödənişinə icazə verilməsi xahiş edilmişdir. İşdə olan 12516 nömrəli ödəniş tapşırığına əsasən X5 1500 manat, 13587 nömrəli ödəniş tapşırığına əsasən X5 1500 manat və 12517 nömrəli ödəniş tapşırığına əsasən isə X6 1500 manat İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi edilmişdir. İşdə olan 127068 nömrəli sığorta aktından görünür ki, sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X7 az ağır dərəcəli xəsarət almışdır. Sığorta məbləği 5000 manat olduğundan, X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İşdə olan 127513 nömrəli sığorta aktından görünür ki, sığortalanmış avtomobil törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X7 2-ci dərəcəli əlillik almışdır. Sığorta məbləği 5000 manat olduğundan və az ağır xəsarətə görə X3 xəsarətinə görə 1500 manat ödənildiyindən, sığorta ödənişinin məbləği qalan 1500 manat ödənilir. İşdə olan 127069 nömrəli sığorta aktından görünür ki, sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X8 ağır dərəcəli xəsarət almışdır. Sığorta məbləği 5000 manat olduğundan, X2 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə sığorta ödənişi məbləği xatırladılaraq, ondan həmin məbləği ödəmək tələb olunmuşdur. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2013-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ‘VAZ 21154” markalı ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X7 az ağır dərəcəli xəsarət alaraq 2ci dərəcəli əlillik almış və həmçinin X8 isə ağır dərəcəli xəsarət almışdırlar. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta müqaviləsinin 127068,127069 və 127513 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da sığortalanmışdır. İddiaçı Sığorta iş materiallarına əlavə edilmiş 12516 nömrəli ödəniş tapşırığına əsasən zərərçəkən X5 az ağır dərəcəli xəsarət almasına görə 1500 manat, 13587 nömrəli ödəniş tapşırığına əsasən 2-ci dərəcəli əlillik almasına görə 1500 manat və 12517 nömrəli ödəniş tapşırığına əsasən isə X6 ağır dərəcəli xəsarət almasına görə 1500 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarından aydın olur ki, xx.xx.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(051)-46/2013 nömrəli hökmündən göründüyü kimi Cavabdeh AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmişlər tərəfindən sığorta ödənişinin ödənilməsi ilə bağlı sığorta tələbləri xx.xx.2023-cü il tarixdə İddiaçı Sığorta Şirkətinə ünvanlanmışdır. Cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər X3 az ağır dərəcəli xəsarət almasına görə 1500 manat, həmçinin 2-ci dərəcəli əlillik almasına görə 1500 manat və X4 ağır dərəcəli xəsarət almasına görə 1500 manat, ümumilikdə sığorta ödənişi 4500 manat qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan icbari sığorta müqaviləsinin bağlanması nəticəsində qanundan irəli gələn subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən, həmçinin İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun xüsusi normalarının tətbiq edilməsi əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2–ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3–cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.5–ci maddəsinə əsasən bu Qanunun 52–1.1–ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Həmin Qanunun 50.1–ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ‘VAZ 21154” markalı ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X7 az ağır dərəcəli xəsarət alaraq 2-ci dərəcəli əlillik almış və həmçinin X8 isə ağır dərəcəli xəsarət almışdırlar. Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da sığortalanmışdır. xx.xx.2013-cü il tarixinə icbari avtoməsuliyyət sığortası müqaviləsinin qüvvədə olub-olmaması sorğulanmış, status aktiv göstərilmişdir. Yol–nəqliyyat hadisəsi sığorta müddətində baş vermişdir. Cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etmişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında ümumilikdə 4500 manat pul və 65 manat dövlət rüsumu alınıb iddiaçı şirkətə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284- 5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Cavabdeh 65 (altmış beş) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar