Məhkəmə qərarları › İş №e-2(053)-309/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-309/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-309/2024 01.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «xx.xx.2019-cu il tarixli, **********94519 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, X2 mirası cavabdehlər Cavabdeh2, X8 və Cavabdeh3 tərəfindən qəbul edildiyi üçün xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Neftçala şəhəri, M.Əsədov küçəsində istifadədə olan 0,048 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binanın, 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 59,9 kv.m. ümumi, 38,8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli, **********94519 №-li Kredit müqaviləsi üzrə borc alan X3 iddiaçı qarşısındakı 3.446,21 (üç min dörd yüz qırx altı manat 21 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 686,83 (altı yüz səksən altı manat 83 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə vaxtı keçmiş əsas borc məbləğinə illik 17% (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 81,37 (səksan bir manat 37 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsinin hesablanmış 316,39 (üç yüz on altı manat 39 qəpik) manat məbləğində penya cəmi, 4.530,80 (dörd min beş yüz otuz manat 80 qəpik) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 (ǝlli bir manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə göra 65,31 (altmış beş manat 31 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X7 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, iddiaçı ASC "xxxx" Bankı ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********94519 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Borc alana 48 ay müddətinə, illik 20% (iyirmi faiz) ödənilməsi şərtilə 10.000 (on min) manat məbləğində kredit verildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə ASC "xxxx" Bankı ilə X6 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Neftçala şəhəri, M.Əsədov küçəsində istifadəsində olan 0,048 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 59.9 kv.m. ümumi, 38.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi (bundan sonra “İpoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Borc alan R.A.Əhmədov Kredit müqaviləsinin 2.3-cü vǝ 2.4-cü bəndlərinə və həmin müqavilənin 1 №-li əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Borc alan və eyni zamanda ipoteka qoyan X5 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Rövşən Əhmədovun vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmış, kreditin qaytarılması müddətinin bitməsinə baxmayaraq əsas borc məbləğinin mühüm hissəsi banka qaytarılmamış və əsas borca hesablanmış faizlərin bir hissəsi ödənilməmişdir. Bu səbəbdən iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklǝ, kreditləşmə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə mərhum borcalan Rövşən Əhmədovun Kreditor qarşısında ümumi borcu 4.133,04 (dörd min bir yüz otuz üç manat 04 qəpik) manat təşkil edir ki, bunun da 3.446,21 (üç min dörd yüz qırx altı manat 21 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 686,83 (altı yüz səksən altı manat 83 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin qaytarılması gecikdirildiyi üçün Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 316.39 (üç yüz on alu manat 39 qəpik) manat təşkil edir. Rövşən Əhmədovun vəfatından sonra Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş ipoteka hesabına təmin etmək hüququ yaranmışdır. Bank tərəfindən mərhum borc alan Rövşən Əhmədovun mümkün vərəsələrinin dairəsinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmi müraciətlər və sorğular edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Neftçala rayon Notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum X1 qalan mirasa görə onun vərəsələrinə - arvadı Cavabdeh2, oğulları Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə 2V-168 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin Neftçala Rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 09/1 nömrəli arayışdan görünür ki ünvan 1 ünvanında X10 oglu, Cavabdeh2 və Cavabdeh1 yaşayırlar. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhum borc alan və ipoteka qoyan Rövşən Əhmədovun vərəsələri olduqlarını nəzərə alaraq iddiaçı tərərfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, onlara İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli, NC-XO-9.8.2023-001 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, NC-XO-15.8.2023-006 nömrəli ərizə ilə Azərbaycan Respubıilası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsinə müraciət edilmişdir. İddiaçı tərəfindən cavabdehllərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi ücün kifayət qədər vaxt verilməsinə baxmayaraq bu günə kimi borcun ödənilməsi üçün cavabdehlǝr tərəfindən heç bir əməli addım atılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 3 (üç) aydan artıq müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər (digər istehlak krediti növü) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi. AR Mərkəzi Bankının ..Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 17 % təşkil edir. İstehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatları nəzərə alaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında həmin faiz dərəcəsini (17%) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün bu məbləğ 81,37 manat təşkil edir. Eyni zamanda qeyd edir ki, keçən iclasda cavabdehlərlə razılaşma ilə bağlı banka müraciət etmələri tövsiyyə olunmuşdu. Problemli kreditlərdən aldığı məlumata görə Hazırda ödənişlərlə bağlı dəqiqləşdirmə verə bilmir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında iddianı qismən qəbul edərək iddiaçı ASC "xxxx" Bank ilə mərhum Rövşən Əhmədov arasında həqiqətən də 06 dekabr 2019-cu ildə **********94519 nömrəli kredit müqaviləsi bağlandığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, cavabdehin vərəsələri olaraq onlar banka bu ilin fevral ayından hər ay 100 manat, cəmi 500 manat ödəmişlər. Həmin qəbzləri məhkəməyə təqdim edir. Əlavə ödəniş etməyə maddi imkanları çatmır. İddianın qismən təmin olunmasını xahiş edir. Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, onlar gəlməmiş, Cavabdeh2 məhkəməyə məlumat göndərərək 01 iyul 2024-cü il tarixində keçiriləcək məhkəmə iclasında özü və Cavabdeh3 üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, lakin oğlu Cavabdeh1 iştirak edəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasına gəlməməsini üzrlü saymış, bunu və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, işə həmin cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı ASC "xxxx" Bankı ilə cavabdeh X5 arasında 06 dekabr 2019-cu ildə bağlanmış **********94519 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik 20% ödənilməsi şərtilə 10.000 manat məbləğində kredit verilmışdır. Kredit öhdəliyinin təminatı olaraq iddiaçı ilə cavabdeh X5 arasında 09 dekabr 2019cu ildə bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdeh X5 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini iddiaçı ASC "xxxx" Bankının Neftçala filialının xeyrinə ipoteka ilə yüklü edilib. (qeydiyyat tarixi: xx.xx.2024) “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə “Durğunluq ürək çatmamazlığı” səbəbindən Neftçala şəhərində ölmüşdür. xx.xx.2023-cü il tarixli bildirişin məzmunundan görünür ki, borcalan X3 ehtimal olunan vərəsələrinə (hazırkı cavabdehlərə) ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında ASC "xxxx" Bankının “Neftçala” filialı tərəfindən bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ASC "xxxx" Bankının “Neftçala” filialı tərəfindən DƏDKR PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizə göndərilmişdir. Neftçala rayon Notariat ofisinin notariusunun ASC "xxxx" Bankının “Neftçala” filialına göndərdiyi 11 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 qalan mirasa görə onun vərəsələri arvadı -Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti ünvanında qeydiyyatda olan Cavabdeh2 (FİN: xxxxxxx), oğlu Neftçala rayonu, Neftçala şəhəri, X13 küçəsi, ev 3, mənzil 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 (FİN: xxxxxxx), oğlu - Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti ünvanında qeydiyyatda olan Cavabdeh3 (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdə 2V-168 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşə əlavə olunmuş DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1 13 mart 1997-ci ildə, Cavabdeh3 oğlu xx xxxxx 1994-cü ildə Neftçala şəhərində, Cavabdeh2 xx xxxx 1973-cü ildə Neftçala rayonu, Xoltəzəkənd kəndində doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin e-2(053)-309/2024 nömrəli iş üzrə 07 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə Məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraata müvafiq rəy verilənədək dayandırılmışdır. 14 may 2024-cü ildə müvafiq ekspert rəyi məhkəməyə daxil olmuş və Məhkəmənin 15 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında borcalan X3 ASC "xxxx" Bankına 26 yanvar 2024-cü il tarixinə olan borcu əsas borc üzrə 0.00 manat, vaxtı keçmiş borc üzrə 3.446,21 manat, hesablanmış adi faiz borcu 686,83 manat, cərimə faizləri üzrə borcu 316,39 manat, kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2024) illik 17% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda olmaqla göstərilir. İddiaçı ASC "xxxx" Bankı tərəfindən X3 vərəsələrinə bildirişlər göndərərək kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirməsi tələb edilmiş, əks təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəlməsi barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçı cavabdehlərə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş göndərmiş, müvafiq ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri PHŞ-nin 13 saylı Şirvan şəhər ərazi idarəsində qeydə alınmışdır. İş üzrə bir dəfə Məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib. Bununla əlaqədar 01 may 2024-cü ildə verilmiş 9/22xx-xx/2342 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «birinci sual üzrə: Yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2019-cu ildə mövcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, eləcə də məlumat bazası olmadığından Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən 3 nömrəli binanın, 3 saylı mənzilinin 2019-cu il üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən 3 nömrəli binanın, 3 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 31000.0 manat məbləğində müəyyən olunmuşdur». Rəyə 2 vərəqdən ibarət internet məlumatları əlavə edilir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Məhkəmə hesab edir ki, borc məbləği müəyyən olunarkən iş üzrə yuxarıda qeyd olunan (01 may 2024-cü il tarixli, 9/22xx-xx/2342 nömrəli) rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə «…kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda istinad olunan qərarında belə nəticəyə gəlmişdir ki, «Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı itlə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır… Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Beləliklə, kredit müqaviləsində nəzərdə tutulan faizlərin ödənilməsi, yalnız həmin müqavilədə bilavasitə nəzərdə tutulmuş müddət üzrə tələb oluna bilər. İşin faktiki hallarından isə görünür ki, iddiaçı müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün də faizlərin ödənilməsini müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının “kredit müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 17 faiz dərəcəsi ilə hesablanan 81,37 manat məbləğində zərərin (əldən çıxmış fayda)”nın cavabdehlərdən tutulması hissəsi əsassız olduğuna görə rədd edilməlidir. İddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı 172 (yüz yetmiş iki) manat 30 (otuz) qəpik məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən girov ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə isə girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 317-ci maddəsinə əsasən «Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414 – 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir». Beləliklə, iddiaçı MM-nin yuxarıda qeyd olunan, habelə 319, 414–416-cı maddələrində əsasən cavabdehlərin ipoteka predmeti olan əmlakının açıq hərracdan satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Müqavilənin 3-cü bəndindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yaşayış sahəsinin dəyəri tərəflərin razılığı ilə 20.000 manat, likvit dəyəri isə 18.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin işin məhkəmə araşdirması zamanı tərəflər arasında ipoteka predmetinin dəyəri ilə bağlı mübahisə yandığından iş üzrə Məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və təqdim edilmiş rəylə yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2019-cu ildə mövcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, eləcə də məlumat bazası olmadığından Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən 3 nömrəli binanın, 3 saylı mənzilinin 2019-cu il üçün bazar qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin ipoteka predmeti olan Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən 3 nömrəli binanın, 3 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 31.000.0 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının digər tələbi ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və həmin əmlakın satılması ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən «İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar…». Cavabdehlərin yuxarıda göstərilən məzmunlu ərizə verməsi halı işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunmalıdır. Məhkəmə cavabdehlərdən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün çəkilmiş 51 manat məbləğində xərcin tutulmasını da mümkün sayır. İddiaçı məhkəməyə müraciət edərkən 65 manat 31 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri isə ümumilikdə 100 manatdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddianın qiyməti dövlət rüsumunun məbləği istisna olmaqla 4.530,80 manat təşkil edir. İddiaçının ödənilmiş tələbi 4.305,34 manat olacaqdır ki, bu da iddia qiymətinin 95,03 faizini təşkil edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun 95,03 faizi (62,06 manat) cavabdehlərə, 4,97 faizi isə (3,25 manat) iddiaçıya aid edilməlidir. Bununla yanaşı, ekspertiza tədqiqatlarının dəyərinin 95,03 faizi (95,03 manat) cavabdehlərə, 4,97 faizi isə (3,25 manat) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3.446 (üç min dörd yüz qırx altı) manat 21 (iyirmi bir) qəpik məbləğində əsas borc, 686 (altı yüz səksən altı) manat 83 (səksən üç) qəpik məbləğində faiz borcu, 172 (yüz yetmiş iki) manat 30 (otuz) qəpik məbləğində dəbbə pulu borcu, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün çəkilmiş 51 (əlli bir) manat məbləğində xərcin, həmçinin məhkəməyə iddia ilə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 65 (altmış beş) manat 31 (otuz bir) qəpiyin 62 (altmış iki) manat 06 (altı) qəpiklik hissəsi tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçı ASC "xxxx" Bankının özünə aid edilsin. Yuxarıda qeyd olunan məbləğlərin ödənişi X1 miras qalmış, Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən 3 nömrəli binanın, 3 saylı yaşayış sahəsinə yönəldilsin və ipoteka predmeti açıq hərracda satılsın. Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən 3 nömrəli binanın, 3 saylı mənzilinin açıq hərracdan hazırki orta bazar qiymətlərinə uyğun dəyəri yuxarıda göstərilən daşınmaz əmlak üçün 31.000 (otuz bir min) manat olmaqla müəyyən edilsin. İddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə rədd olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 95 (doxsan beş) manat 03 (üç) qəpiklik hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 3 (üç) manat 25 (iyirmi beş) qəpiklik hissəsi isə iddiaçı ASC "xxxx" Bankından tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar