Məhkəmə qərarları › İş №e-2(053)-955/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-955/2023

29.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-955/2023 29.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsindəki 13(62) nömrəli binanın 37 nömrəli mənzilinin açıq hərracdan satılması, satışdan əldə olunacaq pulun ¾ hissədə ona, ¼ hissədə isə Cavabdeh verilməklə aralarında bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 04 aprel 2008-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə ailə münasibətlərindən 25 dekabr 2008-ci ildə Nərgiz və 29 oktyabr 2014-cü ildə Əsmər adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən Binəqədi Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulub. Fərqli ünvanlarda qeydiyyatda olmalarına baxmayaraq, 2016-cı ildən Abşeron rayonu, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsindəki 13(62) nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 82,5 kv.m, köməkçi sahəsi 37,5 kv.m olan, 3 otaqlı 37 nömrəli mənzildə yaşayırlar. Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən həmin mənzilə münasibətdə ¾ hissədə onun, ¼ hissədə cavabdehin payı müəyyən edilib. Qeyd edir ki, bir-birini görmək istəməyən və bir-birinə nifrət edən iki şəxs bu günədək həmin mənzildə yaşayır, hətta cavabdeh anasını da gətirib özü ilə saxlayır. Mənzilin bir giriş-çıxış qapısı var. Mətbəx, dəhliz və sanitar qovşağı da ümumi istifadədədir. Bu səbəbdən hər gün qarşılaşmaq məcburiyyətindədirlər. Mənzildə davranışları bir-birilərini qıcıqlandırır və bu səbəbdən cavabdehlə aralarında dəfələrlə mübahisə və dava-dalaşlar olub. Baş verənlər uşaqlarının tərbiyəsinə, sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına, bir sözlə şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Cavabdehlə, o cümlədən keçmiş qayınanası Elmira Səlimova ilə aralarında baş vermiş münaqişə ilə əlaqədar aparılmış araşdırma nəticəsində Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən 20 oktyabr 2017-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda onunla arvadı Təhminə Nəsibova və qayınanası Elmira Səlimova arasında gələcəkdə baş verə biləcək hüquqazidd hadisələrin qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınıb qabaqlayıcı-profilaktik söhbətlər aparılması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Aralarında münaqişə hal-hazıradək davam edir və hər an xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Hesab edir ki, bu vəziyyətdən yeganə düzgün çıxış yolu hər ikisinin mənzildəki payının bazar qiymətinə uyğun dəyərini almalarıdır. Mənzildə paylarının məlum olmasına, altı ilə yaxın bir müddətdə danışıqlar aparıldığına baxmayaraq, mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Cavabdehə iki il əvvəl rəsmi bildiriş göndərərək mənzili qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun satmalarını, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun şəkildə bölünməsini təklif etmiş, lakin razılığa gələ bilməmişlər. Bu səbəbdən ilk öncə mənzilin naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin mənzilin naturada bölünməsi mümkün olmadığına görə Neftçala Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd olunmuşdur. Bundan sonra öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Neftçala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bu iddia tələbi də rədd olunmuşdur. Cavabdehlə arasında olan mübahisənin həlli məqsədilə mediasiya təşkilatına da müraciət etmiş, lakin cavabdeh mediasiya iclasına gəlmədiyi üçün mübahisənin həlli mümkün olmamışdır. Göründüyü kimi cavabdeh onunla aralarında olan mübahisənin könüllü həllindən yayınır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olub. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış, eyni zamanda iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 37 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb (iddiaçı bildirir ki, müvafiq məhkəmə qətnaməsini (aşağıda göstəriləcək) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyib və bu səbəbdən çıxarışda əmlakın mülkiyyətçisi kimi, yalnız onun adı qalıb). Binəqədi Rayon Məhkəməsinin 2(001)-13873/2017 nömrəli iş üzrə 26 dekabr 2017ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş ümumi əmlakın bölünməsi» tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı adına olan, Abşeron rayonu «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsindəki 13(62) nömrəli binanın 2-ci blok, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 82,5 kv.m, köməkçi sahəsi 37,5 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin ¼ (dörddə bir) hissəsinə X1, ¾ (dörddə üç) hissəsinə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9623/2018 nömrəli iş üzrə 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-13873/2017 nömrəli iş üzrə 26 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-55/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı «ümumi əmlakdan payın naturada ayrılması» tələbinə dair iddiası rədd olunub (bu zaman məhkəmə iddiaçının mübahisəli mənzilə dair payının naturada ayrılmasının mümkün olmadığını müəyyən edib). Neftçala Rayon Məhkəməsinin 2(053)-974/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı «ümumi əmlakdan payın dəyərinin kompensasiyası» tələbinə dair iddiası rədd edilmişdir (bu zaman məhkəmə cavabdehin mübahisəli mənzildə payının cüzi olmadığını nəzərə alıb). Bunlarla yanaşı Binəqədi Rayon Məhkəməsinin 2(001)-955/2018 nömrəli iş üzrə 14 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 ilə cavabdeh İddiaçı arasında bağlanmış və Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 04 aprel 2008-ci ildə 118 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 25 dekabr 2008-ci il təvəllüdlü X5 və 29 oktyabr 2014-cü il təvəllüdlü X6 anaları X1 yanında qalmaları müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 sentyabr 2017-ci il tarixindən başlayaraq İddiaçı qazancının 1/3 hissəsi miqdarında alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Yuxarıda qeyd olunan bütün məhkəmə aktları qanuni qüvvədədir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X8 tərəfindən qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərarla İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ilə arvadı Təhminə Nəsibova və qayınanası Elmira Səlimova arasında gələcəkdə baş verə biləcək hüquqazidd hərəkətlərin qarşısını almaq məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınıb qabaqlayıcı-profilaktik söhbətlər aparılması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MM-nin 213.1 – 213.3-cü maddələrinə əsasən “İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur”, “Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər”, “Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir”. İşin faktik hallarından görünür ki, Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 13(62) ünvanında yerləşən 37 nömrəli mənzil ¾ hissədə iddiaçıya, ¼ hissədə isə cavabdehə məxsus olmaqla onların paylı mülkiyyətindədir (Binəqədi Rayon Məhkəməsinin 2(001)-13873/2017 nömrəli iş üzrə 26 dekabr 2017-ci il tarixli qətnaməsi). Azərbaycan Respublikası MM-nin 220.1 – 220.4-cü maddələrinə əsasən “Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər”, “Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər”, “Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir”, “Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə “...Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). ... Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. ... Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ... Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. ... Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda”. İşin faktik hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında münaqişə mövcuddur. Belə ki, onların ailə münasibətləri kəskinləşmiş (hətta aidiyyəti polis orqanında münaqişəli ailə kimi qeydə alınmışlar), bu səbəbdən nikahları pozulmuşdur. İddiaçının bildirdiklərindən görünür ki, hazırda da onunla cavabdehvə keçmiş qaynanası arasında qarşılıqlı nifrət hissi var və bir evdə yaşamaları mümkün deyil. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin bölünməsi, o cümlədən mənzilin satılaraq dəyərinin aralarında bölünməsi ilə bağlı da razılıq yoxdur. Bu hal işin s. faktik halları ilə yanaşı tərəflər arasında mənzillə bağlı mövcud olmuş məhkəmə mübahisələri ilə də təsdiq olunur. Eyni zamanda iddiaçı cavabdehə mənzilin bölünməsi ilə bağlı dəfələrlə şifahi müraciətlər etməklə yanaşı rəsmi məktubla da müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini qeyd edir. İddiaçı mübahisəli mənzilə olan payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, lakin bunun mümkün olmaması əsası ilə iddiası məhkəmə tərəfindən rədd olunmuşdur (Neftçala Rayon Məhkəməsinin 2(053)-55/2022 nömrəli iş üzrə 19 may 2022ci il tarixli qətnaməsi). Daha sonra iddiaçı öz payının dəyərinin (kompensasiyanın) cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin bu tələbi də rədd olunmuşdur (Neftçala Rayon Məhkəməsinin 2(053)-974/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi). Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası MM-nin yuxarıda istinad olunan 220.1 – 220.4-cü maddələrində nəzərdə tutulan bütün mərhələləri keçmiş, lakin cavabdehlə razılığa gələ bilməməsi, habelə aidiyyəti məhkəmə qətnamələri ilə iddialarının rədd olunması səbəbindən tələblərinin təmin olunması mümkün olmamamışdır. Azərbaycan Respublikası MM-nin 220.6-cı maddəsinin tələbinə görə “Bu Məcəllənin 220.3 – 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında həmçinin aşağıdakı hüquqi mövqe açıqlanır: “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3 – 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. ... Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz”. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Nəsibov X4 rayonu, Masazır kəndi, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 13(62) ünvanında yerləşən 37 nömrəli mənzilin açıq hərracdan satılmasını, satış pulunun ¾ hissədə ona, ¼ hissədə isə cavabdehə verilməsini tələb etmək ixtiyarına malikdir. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 13(62) ünvanında yerləşən 37 nömrəli mənzil açıq hərracdan satılaraq satış pulu paylara mütənasib surətdə, yəni ¾ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh verilməklə aralarında bölüşdürülsün. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar