Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-282/2022 07.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus, ümumi dəyəri 9678 manat olan cehiz əşyalarının və ümumi dəyəri 4100 manat olan qızıl zinət əşyalarının, həmin əmlaklar olmadıqda isə onların dəyərinin və ödənilmiş 131 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə bir müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların münasibətləri pisləşmiş və bundan sonra ayrı yaşamağa başlamışlar. Onların münasibətlərinin pozulmasına səbəb isə cavabdehin dəfələrlə əsassız yerə ailə daxilində münaqişə yaratması olmuşdur. Buna görə də, o, nikahın məhkəmə qaydasında pozulması üçün Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. O, ailə qurarkən el adəti üzrə anası X2 tərəfindən ona cehiz qismində ev əşyaları hədiyyə edilmişdir. Cavabdeh və onun ailə üzvləri tərəfindən isə ona nişan və toy hədiyyəsi olaraq qızıl zinət əşyaları hədiyyə edilmişdir. O, cavabdehlə birgə yaşadığı evi tərk edib gedərkən cavabdehdən münaqişəli şəkildə ayrıldığından əmlaklarını və qızıl zinət əşyalarını götürə bilməmişdir. Hazırda ona məxsus qızıl zinət əşyaları və cehiz əmlakları cavabdehin yaşadığı mənzildə qalmış və cavabdeh ona məxsus olan həmin əmlakları qaytarmaqdan imtina edir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq əmlak tələbi barədə iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, cavabdeh və onun ailə üzvləri tərəfindən ona hədiyyə olaraq verilmiş cəmi 4100 manat dəyərində qızıl zinət əşyaları - 750 əyarlı 1080 manat dəyərində 9 qram çəkidə bir ədəd qızıl boyunbağı, 840 manat dəyərində 7 qram çəkidə bir ədəd qızıl bilərzik, 600 manat dəyərində 5 qram çəkidə bir cüt qızıl sırğa, 480 manat dəyərində 4 qram çəkidə bir ədəd qızıl üzükdən ibarət dəst, 750 əyarlı 350 manat dəyərində 2 qram çəkidə bir ədəd ağ qızıl üzük, 750 əyarlı 750 manat dəyərində 4,5 qram çəkidə bir ədəd ağ qızıldan nişan üzüyü, öz anası tərəfindən verilmiş cehiz əşyaları - 286 manat dəyərində bir ədəd “Samsung” markalı tozsoran, 100 manat dəyərində bir ədəd “Braun” markalı ütü, 40 manat dəyərində bir ədəd ütü stolu, 200 manat dəyərində bir ədəd “Panasonic” markal ət çəkən maşın, cəmi 250 manat dəyərində 5 ədəddən ibarət tefal qazan dəsti, cəmi 240 manat dəyərində 6 ədəddən ibarət qazan dəsti, 100 manat dəyərində bir ədəd saç qurudan fen, cəmi 100 manat dəyərində bir ədəd saç buran və ütü feni, 150 manat dəyərində bir ədəd “Toshiba” markalı mikro soba, 750 manat dəyərində bir ədəd “Samsung” markalı elektrik sobası, cəmi 48 manat dəyərində 12 ədəddən ibarət qaşıq dəsti, cəmi 20 manat dəyərində tort qabı dəst, cəmi 120 manat dəyərində 12 ədəddən ibarət bohema bakal dəsti, 100 manat dəyərində bir ədəd “Panasonic” markalı blender, cəmi 60 manat dəyərində dörd ədəd şokolad qabı, cəmi 70 manat dəyərində 8 ədəddən ibarət bıçaq dəsti, cəmi 8 manat dəyərində ədviyyat qabı dəsti, cəmi 8 manat dəyərində iki ədəd külqabı, cəmi 10 manat dəyərində iki dəst limon qaşığı, cəmi 36 manat dəyərində 12 ədəddən ibarət armudu stəkan dəsti, cəmi 36 manat dəyərində üç ədəd ləpə qabı, cəmi 30 manat dəyərində məcməyi (padnos) dəsti, 120 manat dəyərində dörd ədəd bohema meyvə qabı, 40 manat dəyərində bir ədəd böyük vaza, cəmi 20 manat dəyərində iki ədəd mürəbbə qabı, cəmi 24 manat dəyərində altı ədəd dondurma qabı, cəmi 16 manat dəyərində iki ədəd çaynik, cəmi 30 manat dəyərində salat qabı dəsti, cəmi 50 manat dəyərində iki ədəd 6 nəfərlik fincan dəsti, cəmi 140 manat dəyərində 48 ədəddən ibarət 12 nəfərlik boşqab dəsti, 50 manat dəyərində bir ədəd qazan, 5 manat dəyərində bir ədəd ələk, 40 manat dəyərində bir ədəd kofemolka, 20 manat dəyərində bir ədəd ləpə üyüdən, 15 manat dəyərində bir ədəd meyvəyuyan, cəmi 18 manat dəyərində üç ədəd ləyən, 3 manat dəyərində bir ədəd süzgəc, cəmi 110 manat dəyərində 6 ədəddən ibarət büllur stəkan dəsti, 250 manat dəyərində bir ədəd samovar, cəmi 70 manat dəyərində çaydan-çaynik dəsti, 10 manat dəyərində bir ədəd çörək qabı, cəmi 200 manat dəyərində beş dəst yataq üzlüyü (yorğanüzü-mələfə), cəmi 250 manat dəyərində beş ədəd süfrə, cəmi 64 manat dəyərində səkkiz ədəd dəsmal, cəmi 72 manat dəyərində 18 ədəd çay dəsmalı, cəmi 60 manat dəyərində on iki ədəd mətbəx dəsmalı, cəmi 32 manat dəyərində dörd ədəd əl dəsmalı, cəmi 60 manat dəyərində altı ədəd hamam dəsmalı, cəmi 150 manat dəyərində üç ədəd yay yorğanı, 120 manat dəyərində dəvə yunundan bir ədəd iki nəfərlik döşək, 100 manat dəyərində dəvə yunundan bir ədəd bir nəfərlik döşək, 90 manat dəyərində dəvə yunundan bir ədəd iki nəfərlik yorğan, 25 manat dəyərində bir ədəd döşəməsilən, 140 manat dəyərində bir ədəd kiçik xalça, 400 manat dəyərində bir ədəd böyük xalça, 484 manat dəyərində bir ədəd “Emsan” yataq dəsti, cəmi 90 manat dəyərində altı ədəd yastıq, 3500 manat dəyərində yataq otağı mebeli dəsti (taxt çarpayı-matras, paltar dolabı, güzgülü çəkməcə-dolab, çarpayı yanı tumba), həmin əmlaklar olmadıqda isə onların dəyərini cavabdehdən tələb edir. İddiaçı iştirak etdiyi sonuncu məhkəmə iclasında öz iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərməklə yanaşı göstərdi ki, ailə qurduqdan sonra cavabdehin öz evində təmir işləri həyata keçirildiyindən o, cavabdehin valideynlərinin evinə gəlin köçmüş və onlar müvəqqəti olaraq orada yaşamağa başlamışlar. O, ailə quran zaman adətənənəyə uyğun olaraq ona öz anası tərəfindən zəruri istifadəyə aid hər cür ev və məişət əşyaları cehiz verilmişdir. Ona verilmiş cehiz əşyalarının nədən ibarət olmasını anası Afaq Allahyarova və xalası Gülşən Süleymanova da təsdiq edə bilərlər. Anasının ona cehiz əşyası kimi aldığı mebel dəstindən taxt çarpayı-matras, güzgülü çəkməcə-dolab, çarpayı yanı tumba bağlamadan açılaraq cavabdehin valideynlərinin evində quraşdırılmış, mebelin paltar dolabından ibarət hissəsi iri həcmli olduğundan açılmadan cavabdehin öz evinə - Yeni Yasamal ərazisindəki Akvariumun binası adlanan binaya, həmin binanın birinci blokunda ikinci mərtəbədə yerləşən mənzilə aparılmışdır. Həmçinin, o və cavabdeh təmirdən sonra öz evlərinə köçməli olduqlarından onun cehiz kimi apardığı ev-məişət əşyalarının əksəriyyəti, o cümlədən, elektrik avadanlıqları da cavabdehin valideynlərinin məsləhəti ilə həmin evə yığılmış, lakin heç biri açılmamışdır. Cavabdehin anası onun gəlin köçdüyü mənzildə zəruru istifadə üçün lazımi ev-məişət əşyalarının olduğunu dediyi üçün o həmin evə elektrik avadanlıqları, qab-qacaq, xalça, dəsmal və digər bu kimi əşyalar aparmamış, yalnız özlərinin istifadəsi üçün bir dəst yorğan-döşək saxlamaqla, qalan yataq ləvazimatları (yorğan, balınc və sair) da cavabdehə məxsus digər mənzilə daşınmışdır. Hazırki iddia tələbində mebel dəstinin dəyərini cəm şəklində 3500 manat qeyd etsə də, həmin dəstə aid olan bir ədəd taxt çarpayı-matras 1050 manat dəyərində, bir ədəd güzgülü çəkməcədolab (termo) 700 manat dəyərində, bir ədəd tumba 50 manat dəyərində və bir ədəd paltar dolabı 1700 manat dəyərindədir. Mebel dəstini onun öz anası və xalası seçib almış, ancaq həmin mebel əşyaları cavabdehin mənzilinə yerləşdiriləcəyindən mağazadan təhvil alınanda cavabdeh tərəfindən təhvil götürülərək aparılmışdır. Cavabdeh və ailə üzvləri tərəfindən ona hədiyyə olaraq verilmiş qızıl zinət əşyalarını da o və cavabdehin anası birlikdə gedib univermaqdan almışlar. Həmin qızıl zinət əşyaları onun özünün iştirakı ilə alınmış olsa da, o, qızıl zinət əşyalarının əyarını, çəkisini və qiymətini dəqiq bilmədiyindən hazırda həmin qızıl zinət əşyalarının əyarının, çəkisinin və qiymətinin cavabdehin dediklərinə uyğun olaraq qəbul olunmasına etiraz etmir. Ancaq ona hədiyyə verilmiş qızıl dəstində üzük olmadığı barədə cavabdehin qeyd etdikləri həqiqətə uyğun deyildir. Həmin dəstin içərisində üzüyün də mövcud olması, toy məclisində çəkilmiş fotoşəkillər, videogörüntü ilə də təsdiq edilir. 2022-ci ilin fevral ayında onun səhhətində problemlər olduğu zaman cavabdeh və ailə üzvləri onu anasının evinə göndərmişlər və o, müalicə olunduğu dövrdə öz anasının evində qalmışdır. Müalicə olunaraq cavabdein yaşadığı evə qayıdandan bir neçə gün sonra cavabdehin qardaşı ilə mübahisəsi yarandığına görə cavabdeh ona acıqlanaraq təqsiri onda görmüş, 2022-ci ilin mart ayının 1-də isə gecə saat 2-3 radələrində cavabdeh, həmçinin, anası və qardaşı onun guya evdən pul oğurladığını deyərək ondan evdən çıxmasını tələb etmişlər. Həmin gecə cavabdeh evdən pul oğurlandığını ona deyəndə cavabdehin atası onun anasına zəng edərək məsələni aydınlaşdırmaq üçün gəlməsini xahiş etmiş, daha sonra cavabdehin qardaşı telefonla onun anası ilə danışıb gəlib onu aparmasını təkidlə tələb etmişdir. Anası gecə vaxtı gəlmək imkanı olmadığını, səhər gələ biləcəyini demişdir. Bundan sonra cavabdeh və ailə üzvləri onu məcburi şəkildə anasının yaşadığı ünvana aparmışlar. Evdən çıxarkən o, qızıl zinət əşyalarını özü ilə götürmək istəmiş, lakin cavabdeh və onun qardaşı qızıl zinət əşyalarını özləri aldıqlarını deyərək həmin əşyaları onun əlindən almışlar. Bu zaman o, cavabdehə hədiyyə alınmış üzüyün də onun özü tərəfindən alındığını demiş, bundan sonra cavabdeh həmin üzüyü ona qaytarmışdır. Həmin üzük hazırda da onun özündədir. Cavabdehin qardaşı onun barmağındakı nişan üzüyünü də dartıb çıxararaq ondan almışdır. O, cavabdehlə birgə yaşadığı evdən gedərkən bir-iki paltar, kosmetika əşyaları və saç üçün olan fenlərini götürmüş, özü ilə başqa heç bir əmlak aparmamışdır. Cavabdeh və onun ailə üzvləri ona çanta, çamadan və digər geyim əşyalarını aparmağa imkan verməmiş, qalan geyim əşyalarını ertəsi gün göndərəcəklərini desələr də, sonradan verməmişlər. Cavabdeh və ailə üzvləri, o, pulu verməyəcəyi təqdirdə, cehiz əşyalarını da qaytarmayacaqlarını demişlər. Bir neçə gün sonra cavabdehin anası onlara zəng edərək yenə pul tələb etmiş, bundan sonra o, nikahın pozulması üçün mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya təşkilatının çağırışına gəlməmiş, o, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin ərəfədə cavabdeh sosial şəbəkələrdə onun və anasının barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli və təhqiramiz ifadələr yazmış, bundan sonra onlar xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə də məhkəməyə müraciət etmişlər. Onunla cavabdeh arasında bağlanmış nikah artıq məhkəmə qaydasında pozulmuşdur. Ancaq dəfələrlə xahiş etməsinə baxmayaraq cavabdeh ona məxsus əmlakları qaytarmaqdan imtina etmişdir. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda o, iddia tələbində qeyd etdiyi, cavabdeh və ailə üzvləri tərəfindən ona nişan və toy məclislərində hədiyyə olaraq verilmiş qızıl zinət əşyalarını, həmçinin, ona öz anası tərəfindən verilmiş cehiz əmlaklarını, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iddia tələblərini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələblərin məzmununa uyğun izahat verərək göstərdi ki, son zamanlar iddiaçı ilə cavabdeh arasında ciddi narazılıqlar yaranmış və ailə münasibətləri kəskinləşmişdir. İddiaçı xeyli vaxtdır ki, cavabdehdən ayrı yaşayır. Onlar arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus cehiz və qızıl zinət əşylarını iddiaçıya verməkdən imtina edir və hətta ona məxsus bəzi əşyaların da iddiaçı tərəfində götürüldüyünü iddia edir. Cavabdeh qeyd olunan əmlakları könüllü şəkildə iddiaçıya vermədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən hazırki iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan davam etdiirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan davam etdiirilməsini qərara almışdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəməyə təqdim etdiyi yazılı qeydlərinə uyğun izahat verərək göstərmişdir ki, o, iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurandan sonra iddiaçı onun valideynlərinə məxsus olan evə köçərək onunla birlikdə yaşamağa başlamışdır. O, ailəsi ilə birgə yaşadığı üçün iddiaçıdan yalnız evdə olmayan zəruri məişət əşyaları, yataq otağı üçün ləvazimatlar və qonaq gələndə istifadə etmək üçün zəruri qab-qacaq gətirməsini istəmişdir. Qızıl zinət əşyalarını isə iddiaçı və onun özünün anası birlikdə almışlar. Həmçinin, iddiaçıya hədiyyə edilən qızıl-zinət əşyaları 750 əyarlı deyil, 585 əyarlı türk qızılı olmuş, həmin əşyaların alınmasına cəmi 2400 manat ödənilmişdir. Həmin qızıl dəstinin üzüyü də olmamış, eyni zamanda, iddiaçı evdən gedərkən bütün qızıl zinət əşyalarını da özü ilə aparmışdır. İddiaçı ilə ayrılmalarına səbəb iddiaçının ondan və qardaşından cəmi 17.800 manat pul oğurlaması olmuşdur. Bunu bildikdən sonra o, iddiaçıya heç bir təsir və təzyiq göstərmədən pulları qaytarmasını tələb etmiş, lakin iddiaçı pulların onda olmadığını, pulu anasının borcları üçün götürdüyünü və işləyib geri qaytaracağını demişdir. Bununla bağlı mobil telefona qeyd edilmiş səs yazıları da vardır. İddiaçı anası ilə telefonda danışdıqdan sonra anasının evinə getmək və boşanmaq istədiyini bildirmişdir. Bundan sonra iddiaçı əşyalarını bağlamalara (sellofan kisələrə) yığmağa başlamış və 6 bağlama əşya toplamışdır. İddiaçıya məxsus paltarlar, kosmetika əşyaları, ətirlər, saatlar, telefon üçün aksessuarlar, habelə, iddiaçının qızıl zinət əşyalarını saxladığı qırmızı rəngli qutu da həmin bağlamaların içərisində olmuşdur. Həmçinin, bu bağlamalarda onun özünə məxsus olan 500 manat dəyərində nişan üzüyü və 900 manat dəyərində toy üzüyü, 70 manat dəyərində bir ədəd telefon üçün Power Bank, 480 manat dəyərində bir ədəd “Apple watch 3” markalı saat, 300 manat dəyərində bir ədəd gümüş təsbeh olmuşdur. İddiaçını anasının evinə o, qardaşının idarə etdiyi avtomobillə, öz qardaşı və anası ilə birlikdə aparmışdır. Eyni zamanda, ona məxsus 180 manat dəyərində bir ədəd üz qırxan aparat, 85 manat dəyərində bir ədəd “Xiaomi” markalı diş təmizləmə aparatı, 200 manat dəyərində bir ədəd dəri çanta, 1300 manat dəyərində bir ədəd “Lenovo ideapad 3202” markalı notebook da hazırda iddiaçıdadır və iddiaçı onları qaytarmaqdan imtina edir. Həmçinin o, Oğuz rayonundan olmaqla, həmin ərazinin adət-ənənəsinə uyğun hərəkət edərək toydan əvvəl iddiaçıya 650 manat yun pulu vermiş, mebel əşyaları üçün lazım olan məbləğin 3000 manatdan ibarət hissəsini də o özü ödəmişdir. Cəmi 3500 manat dəyərində olan mebel dəstinin 500 manatdan ibarət hissəsini isə iddiaçı əvvəlcədən beh kimi vermişdir. Sonradan o, 500 manat beh məbləğini də iddiaçıya qaytarmışdır. Həmin mebel dəstini o və ailə üzvləri öz evlərində müvəqqəti istifadə etmək üçün, sonradan qardaşına veriləcəyi niyyəti ilə almışlar. Belə ki, o, özünə məxsus mənzili təmir edilənədək iddiaçı ilə birgə müvəqqəti olaraq özünün valideynlərinə məxsus evdə yaşamalı olduğundan qardaşı üçün aldıqları mebeldən müvəqqəti istifadə etmək qərarına gəlmişlər. Mebel əşyalarının dəyərinin onun tərəfindən ödənildiyi onunla iddiaçı arasında olan yazışmalara dair “Whatsapp” sosial şəbəkəsindən çıxarılan qeydlərlə də təsdiq edilir. Ona görə də həmin mebel əşyalarının iddiaçıya hər hansı aidiyyəti yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi 59 adda cehiz əşyasından yalnız 46 adda müxtəlif sayda və çeşiddə əşyalar hazırda ona məxsus mənzildədir Ancaq iddia tələbində qeyd edilən əşyalardan bir ədəd “Samsung” markalı elektrik sobası, bir ədəd “Panasonic” markalı ət çəkən maşın, bir ədəd “Toshiba” markalı mikrodalğalı soba, bir ədəd kofemolka, 5 ədəddən ibarət bir ədəd tefal qazan dəsti, 6 ədəddən ibarət qazan dəsti, bir ədəd qazan, bir ədəd çaydan-çaynik dəsti, bir ədəd böyük xalça, üç ədəd yay yorğanı iddiaçı tərəfindən cehiz əşyası kimi gətirilməmiş və ümumiyyətlə, mövcud olmamışdır. İddia tələbində qeyd edilən digər əşyalardan şokolad qabının iki ədədi, bohema meyvə qabının iki ədədi, süfrənin iki ədədi, dəsmalın dörd ədədi, çay dəsmalının on iki ədədi, mətbəx dəsmalının səkkiz ədədi, əl dəsmalının iki ədədi, hamam dəsmalının dörd ədədi, yastığın iki ədədi faktiki olduğu saydan artıq yazılmış, iki dəst yataq üzlüyünü (yorğanüzü-mələfə) isə iddiaçının anasıgildə qalmağa gedəndə oraya aparmışlar və həmin əşyalar orada da qalmışdır. İddia tələbində qeyd edilən digər əşyalardan bir ədəd saç qurudan fen, bir ədəd saç buran və ütü fenini isə iddiaçı evdən gedərkən özü ilə aparmışdır. İddia tələbində qeyd edilən digər ev-məişət əşyaları isə hazırda da ona məxsus mənzildə olmaqla, iddiaçı ona məxsus əşyaları qaytaracağı təqdirdə, o da həmin əşyaları iddiaçıya qaytarmaqdan imtina etmir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. İddiaçı cavabdehlə ailə quran zaman iddiaçıya hədiyyə şəklində verilən cehiz əşyalarının əksəriyyətini o özü, bir qismini isə bacısı Gülşən Süleymanova almışdır. Mebel dəsti üçün lazım olan 3500 manatı o özü vermiş, əvvəlcə 500 manat beh, sonra isə qalan məbləği ödəmişdir. Cehiz əşyalarının içərisində qab-qacaq, elektrik avadanlıqları, yorğan-döşək, yastıq, süfrə, dəsmallar, xalça və hazırki iddia tələbində qeyd edilən sair əşyalar olmuşdur. Çatışmayan xırda məişət əşyalarının alınması üçün də cavabdehə əlavə olaraq 200 manat və 200 ABŞ dolları vermişdir. Cehiz əşyaları bacısı Gülşənin və qardaşının arvadının müşayiəti ilə cavabdehin göndərdiyi avtomobillə onun özünün yaşadığı evə aparılmışdır. Qızıl zinət əşyalarını iddiaçı və cavabdehin anası birlikdə almışdır. Buna görə də, onun həmin qızıl zinət əşyalarının çəkisi, əyarı və qiyməti barədə dəqiq məlumatı yoxdur, ancaq qızının deməsinə görə qızıl dəstinə, təxminən, 3000 manat pul verilmişdir. Həmin qızıl zinət əşyalarını cəmi bir dəfə - qızının toy məclisində onun üzərində görmüşdür. xx.xx.2022-ci il tarixdə gecə vaxtı cavabdehin atası ona zəng edərək onlara gəlməli olmasını demiş, o nə baş verdiyini soruşaraq telefonu cavabdehə verməsini xahiş etmişdir. Bu zaman cavabdeh telefonu götürərək ona qızının evdən pul oğurladığını demiş, daha sonra gəlib qızını aparmasını ondan tələb etmişdir. O, gecə vaxtı olduğundan gələ bilməyəcəyini demiş, bir qədər sonra gecə saat 4-5 radələrində cavabdeh və ailə üzvləri qızını onun evinə gətirmişlər. Qızı onun evinə qayıdarkən üzərində hər hansı qızıl zinət əşyası olmamış, o, ev geyimində gəlməklə əlində yalnız kosmetika əşyaları və saç üçün olan fenlərini gətirmişdir. Qızı üçün zəruri geyim əşyalarını bacısı Gülşənin qızları vermişlər. Cavabdeh və ailə üzvləri iddiaçını məcburi şəkildə evdən çıxardıqları zaman onun əşyalarını verəcəklərini bildirsələr də, sonradan həmin əşyaları verməkdən imtina etmiş, dəfələrlə onlardan pul tələb etmiş, verməyəcəkləri təqdirdə, cehiz əşyalarını qaytarmayacaqlarını bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, iddiaçı onun bacısının qızıdır. İddiaçıya hədiyyə şəklində verilən cehiz əşyalarının seçilib alınmasında yaxından iştirak etmişdir. İddiaçı cavabdehlə ailə quran zaman ona öz ailə üzvləri tərəfindən hədiyyə şəklində verilən cehiz əşyalarının cavabdehin yaşadığı evə aparılaraq evin bəzədilməsində də şəxsən iştirak etmiş, evi o və qardaşı arvadı birlikdə bəzəmişlər. Cehiz əşyaları cavabdehin yaşadığı evə aparıldıqdan sonra cüzi bir hissəsi- əsasən yataq otağı ləvazimatları, həmçinin mebel dəstinin paltar dolabından başqa digər predmetləri həmin evin iddiaçı və cavabdeh üçün ayrılmış otağına yerləşdirilmişdir. Paltar dolabı isə iri həcmli olmaqla, heç açılmamış, sonradan cehiz əşyalarının qalan hissəsi, o cümlədən elektrik avadanlıqları ilə birlikdə cavabdeh tərəfindən onun özünə məxsus olan digər mənzilə aparılmışdır. Həmin mebel dəstini “Riad” Ticarət Mərkəzindən bacısı ilə birgə seçib almışlar. İddiaçıya verilən digər cehiz əşyalarının əksəriyyətinin alınmasında da o özü şəxsən iştirak etmiş, həmin cehiz əşyalarının bir qismini isə o özü almışdır. O özü iddiaçıya bir ədəd xalça da alıb hədiyyə etmişdir. O, iddia tələbində qeyd edilən ev və məişət əşyalarının hamısının iddiaçıya hədiyyə verilən cehiz əşyaları olmasını təsdiq edir. Məhkəmə tərəfindən sonuncu məhkəmə iclasında iddiaçı və cavabdehin toy məclisinin fotoşəkillərinə və videogörüntülərinə baxış keçirilmişdir. Baxış zamanı iddiaçının hazırda cavabdehdən tələb etdiyi qızıl zinət əşyalarının iddiaçının üzərində olduğu, iddiaçıya hədiyyə şəklində verilən qızıl dəstinin yerləşdirildiyi qutuda qızıl üzüyün də olduği müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi əşyaların iddia tələbində göstərilən dəyəri həmin əşyaların mütəxəssis tərəfindən qeyd edilən qiymətləndirilməsinə uyğun olaraq qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli AZ İİ 461381 nömrəli nikah haqqında şəhadətnamənin surəti, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflər qısa müddət ərzində birlikdə yaşadıqdan sonra faktiki olaraq ayrılmışlar. Tərəflər hazırda da ayrı yaşayırlar və onlar arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh iddiaçının əmlak tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı ilə hər hansı məsələdə razılığa gəlməmiş və barışıq sazişi bağlamamışdır. İddiaçı mediasiya prosesində 50 manat məbləğ, məhkəməyə müraciət etmək üçün isə 131 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdeh və ailə üzvləri tərəfindən ona hədiyyə şəklində verilmiş qızıl zinət əşyalarının, mebel dəstinin və cehiz əşyalarının, həmin əmlaklar olmadıqda isə onların dəyərinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 131 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. İddiaçı öz iddia tələbini əsaslandırdığı hallar kimi şahid ifadələrinə, fotoşəkillərə, videogörüntülərə və mütəxəssis rəyinə istinad edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir, iddia tələbinin qəbul etmədiyi hissəsinə etirazlarının əsası olaraq iddiaçının evdən gedərkən qızıl zinət əşyalarını özü ilə apardığını, qızıl dəstin içərisində üzük olmadığını, mebel dəstinin onun öz ailə üzvləri tərəfindən qardaşı üçün alınmaqla iddiaçının cehiz əşyalarına aid olmadığını, iddia tələbində qeyd edilən ev-məişət əşyalarından bəzilərinin iddia ərizəsində göstərilən sayda olmadığını, bəzilərinin isə, ümumiyyətlə, olmadığını bildirir. Cavabdeh etirazlarını əsaslandırdığı hallar kimi iddiaçı ilə aralarında olan yazışmalara dair “Whatsapp” sosial şəbəkəsindən çıxarılan qeydlərə və fotoşəkillərə istinad edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər- arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, hədiyyə verən şəxs yalnız hədiyyə qəbul edilənədək onu hədiyyə alan şəxsdən geri götürə bilər. Hədiyyə faktiki olaraq verildiyi andan sonra onun geri götürülməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbində qeyd edilən qızıl zinət əşyaları ilə bağlı cavabdehin etiraz qeydlərində və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının dəlilləri, iş materialları və işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi qızıl zinət əşyaları iddiaçıya hədiyyə kimi verilən əmlaklar olmuşdur. Həmin əşyaların nişan və toy məclislərində iddiaçıya hədiyyə şəklində verildiyi iddiaçının izahatı ilə yanaşı, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə və videogörüntülərlə təsdiq edilmiş, iddiaçıya nişan və toy məclislərində hədiyyə şəklində qızıl zinət əşyaları verildiyini cavabdeh özü də inkar etməmişdir. Cavabdeh izahatında qızıl dəstinin içərisində qızıl üzüyün olmadığını qeyd etsə də, məhkəmə iclasında fotoşəkillərə və toy məclisinin videogörüntülərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıya hədiyyə şəklində verilən qızıl dəstinin yerləşdirildiyi qutuda qızıl üzük də olmuşdur. Eyni zmanda, cavabdeh izahatında iddiaçının evdən gedərkən bütün qızıl zinət əşyalarını özü ilə apardığını qeyd etsə də, işin faktiki halları, iddiaçının evdən getdiyi vaxt (gecə yarısı, həm də cavabdeh və onun ailə üzvlərinin təkidli tələbi ilə), iddiaçının evdən çıxarılmasına səbəb olaraq cavabdehin iddiaçı tərəfindən törədildiyini iddia etdiyi əməl (iddiaçı cavabdeh və onun qardaşına məxsus iri məbləğdə pulların oğurlanması adı ilə evdən çıxarıldığı halda), həmin zaman mövcud olan şəraitdə tərəflər arasındakı qarşılıqlı münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, belə bir şəraitdə iddiaçının evdən gedərkən bütün qızıl zinət əşyalarını özü ilə aparması, habelə, cavabdeh və ailə üzvlərinin də bununla razılaşması ağlabatan deyildir və işin faktiki hallarına uyğun gəlmir. İddiaçının cavabdeh və ailə üzvləri ona məxsus qızıl zinət əşyaları özləri tərəfindən alındığına görə həmin əşyaları onun əlindən aldıqdan sonra onun da cavabdehə aldığı qızıl üzüyü sonuncudan alması, həmin üzüyün hazırda da onda olması barədə etirafı işin faktiki hallarına və həmin vaxt tərəflər arasında yaranmış mövcud vəziyyətdən yarana biləcək hərəkətlərə uyğun olduğundan məhkəmə qızıl zinət əşyaları ilə bağlı iddiaçının dəlillərini mötəbər sübut kimi qəbul edir. Məhkəmə cavabdehin qızıl zinət əşyalarının iddiaçı tərəfindən aparıldığı barədə etirazında göstərdiyi xüsusatlara tənqidi yanaşır və həmin xüsusatları əsassız hesab edir. Qeyd olunan əsaslara və işin faktiki hallarına görə məhkəmə tərəflərin izahatlarında qeyd etdiklərini, iddiaçı və cavabdehin toy məclisinin fotoşəkillərinə və video görüntülərinə məhkəmə iclasında baxış keçirilməsinin nəticələrini əsas götürərək hesab edir ki, iddiaçıya hədiyyə kimi verilən qızıl zinət əşyaları, o cümlədən, cavabdehin qızıl dəstində mövcud olduğunu inkar etdiyi üzük, həmin əmlaklar olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddiaçıya qaytarılmalı olan qızıl zinət əşyalarının əyarını, çəkisini və qiymətini müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində qızıl zinət əşyalarının 750 əyarlı olduğunu qeyd etsə də, məhkəmə iclasında etiraf etdi ki, o, qızıl zinət əşyalarının əyarını, çəkisini və qiymətini dəqiq bilmir və hazırda həmin qızıl zinət əşyalarının əyarının, çəkisinin və qiymətinin cavabdehin dediklərinə uyğun olaraq qəbul olunmasına da etiraz etmir. Qızıl zinət əşyalarının dəyəri ilə bağlı cavabdehin özünün izahatından isə görünür ki, cavabdeh iddiaçıya hədiyyə verilən qızıl zinət əşyalarının 750 əyarlı deyil, 585 əyarlı olduğunu qeyd etsə də, qızıl zinət əşyalarının çəkisini mübahisələndirməmiş, ümumi çəkisi 27,5 qram olan qızıl zinət əşyalarının dəyərinin cəmi 2400 manat təşkil etdiyini bildirmişdir. Bu baxımdan qızıl zinət əşyalarının bir qramının dəyəri, təqribi olaraq, 87 manat təşkil edir. Həmin əsaslara görə məhkəmə iddiaçıya qaytarılmalı olan qızıl zinət əşyalarının əyarının 585, qiymətinin bir qramı 87 manatdan olmaqla, çəkisinin isə iddia tələbində qeyd edildiyinə uyğun olaraq müəyyən edilməsini qanunauyğun hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin qızıl zinət əşyalarına dair hissəsi qismən təmin edilməklə 585 əyarlı 783 manat dəyərində 9 qram çəkidə bir ədəd qızıl boyunbağı, 609 manat dəyərində 7 qram çəkidə bir ədəd qızıl bilərzik, 435 manat dəyərində 5 qram çəkidə bir cüt qızıl sırğa, 348 manat dəyərində 4 qram çəkidə bir ədəd qızıl üzükdən ibarət qızıl dəst, 585 əyarlı 174 manat dəyərində 2 qram çəkidə bir ədəd ağ qızıl üzük, 585 əyarlı 391,5 manat dəyərində 4,5 qram çəkidə bir ədəd ağ qızıldan nişan üzüyü, həmin əmlaklar olmadıqda isə onların dəyəri cavabdehdən alınraq iddiaçıya verilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçının cavabdehlərdən tələb etdiyi mebel əşyaları, İddiaçı və Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurduqları ərəfədə alınaraq evin onlara aid edilmiş otağına yerləşdirilmişdir. Həmin mebel əşyaları bilavasitə İddiaçı və Cavabdeh istiadəsində olmuşdur. Məhkəmə cavabdehin ondan tələb edilən mebel əşyalarının qardaşı üçün onun öz vəsaiti hesabına alındığı, yeni alınmış mebel əşyalarının iddiaçıya hədiyyə kimi verilmədiyi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, mebel əşyalarının, iddiaçı və cavabdehin toyu ərəfəsində alınması, həmin mebel əşyalarının, bir ədəd paltar dolabı istisna olmaqla, iddiaçının gəlin köçdüyü evin iddiaçı və cavabdehə aid edilmiş otağına yerləşdirilməsi və bilavasitə onların istiadəsində olması, bir ədəd paltar dolabının isə açılmadan cavabdehin özünə aid olan digər mənzilə aparılması bir daha sübut edir ki, həmin mebel əşyaları məhz iddiaçı üçün alınmış və ona hədiyyə şəklində verilmişdir. Cavabdeh özü də etiraz qeydlərində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mebel əşyalarının alınması üçün iddiaçı əvvəlcədən 500 manat beh vermişdir. İddia tələbində qeyd edilən mebel əşyaları, cavabdehin qeyd etdiyi kimi, onun qardaşı üçün alındığı halda, iddiaçı və ya onun anasının həmin mebel əşyalarına görə beh olaraq 500 manat verməsi inandırıcı deyildir və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Cavabdehin izahatında qeyd etdiyi kimi, adət-ənənəyə uyğun olaraq mebel əşyalarının dəyəri onun özü tərəfindən ödənilmiş olsaydı belə, bu həmin əşyaların iddiaçıya aid olmadığını deməyə əsas vermir. Məhkəmə tərəflərin dəlillərini iş materialları və işin faktiki halları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi mebel əşyaları, həmin əşyaların dəyərinin kim tərəfindən ödənilməsindən asılı olmayaraq, tərəflərin qarşılıqlı razılığına əsasən, uzun illərdən bəri təşəkkül tapan və formalaşan adət-ənənəyə görə toy ərəfəsində iddiaçıya hədiyyə kimi verilən əmlaklar olmuşdur. Mebel əşyalarının iddiaçıya qaytarılmadığını, hazırda da cavabdehin evində olduğunu cavabdeh özü də inkar etməmişdir. Eyni zamanda, həmin mebel əşyalarının çeşidi (mebel dəstinin tərkibinin hansı əşyalardan ibarət olması), 3500 manat dəyərində olması da cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan mebel əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mebel əşyalarının çeşidi və dəyəri ilə bağlı tərəflər arasında fikir ayrılığı olmadığına görə məhkəmə iddiaçıya hədiyyə şəklində verilmiş mebel əşyalarının dəyərinin, əlavə araşdırmaya ehtiyac olmadan, iddia tələbində qeyd edilənlərə uyğun olaraq müəyyən edilməsini qanunauyğun hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin mebel əşyalarına dair hissəsi təmin edilməklə 1050 manat dəyərində bir ədəd taxt çarpayı-matras, 700 manat dəyərində bir ədəd güzgülü çəkməcə-dolab (termo), 50 manat dəyərində bir ədəd tumba və 1700 manat dəyərində bir ədəd paltar dolabından ibarət mebel dəsti, həmin əmlaklar olmadıqda isə onların dəyəri cavabdehdən alınraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus olan cehiz əşyaları ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, cavabdeh iddiaçıya məxsus olan cehiz əşyalarının onların yaşadığı evdə olduğunu və hazırda həmin əşyaların iddiaçıya qaytarılmasına etiraz etmədiyini, lakin iddia tələbində qeyd edilən ev-məişət əşyalarından bəzilərinin iddia ərizəsində göstərilən sayda olmadığını, bəzilərinin isə, ümumiyyətlə, olmadığını bildirir. İddiaçı da özünə məxsus olan cehiz əşyalarının məhz iddia tələbində qeyd edilən sayda və çeşiddə olması ilə bağlı məhkəməyə əlavə mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin ifadələrindən də görünür ki, onlar da iddia ərizəsində göstərilən əşyaların dəqiq sayı və çeşidi ilə əlaqədar müfəssəl məlumatlara malik deyillər. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçıya məxsus olmuş və hazırda cavabdehdə olmaqla iddiaçıya qaytarılmalı olan cehiz əşyalarının sayının və çeşidinin iddia tələbində qeyd edildiyinə uyğun olması faktını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından sübuta yetirilməmiş hesab edir və qərara gəlir ki, iddia tələbinin iddiaçıya məxsus olmuş və ona qaytarılmalı olan cehiz əşyaları ilə bağlı hissəsi cavabdehin etiraf etdiyi həcmdə sübuta yetirilmiş hesab edilməli və həmin hissələrdə təmin edilməli, digər əmlaklara dair hissələrdə isə təmin edilməməlidir. Məhkəmə iddiaçıya məxsus olmuş və ona qaytarılmalı olan cehiz əşyalarının dəyərini müəyyən edərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini, hazırda mövcud olan əmlakların dəyəri ilə bağlı tərəflər arasında da fikir ayrılığı olmadığını, habelə, qeyd edilən əşyalar hazırda da cavabdehin evində olmaqla, cavabdehin həmin əşyaları iddiaçıya naturada vermək imkanlarının olduğunu və buna iddiaçının da etiraz etmədiyini, ona görə də həmin əşyaların hansı dəyərə uyğun müəyyən edilməsinin hazırki iş üçün mühüm bir əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq iddiaçıya məxsus olmuş və ona qaytarılmalı olan cehiz əşyalarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə uyğun qiymətləndirilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 131 manat dövlət rüsumu məbləğinin 113,44 manatdan ibarət hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, dövlət rüsumu məbləğinin qalan 17,56 manatdan ibarət hissəsinin, həmçinin, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğin iddiaçının özünə aid edilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 585 əyarlı 783 manat dəyərində 9 qram çəkidə bir ədəd qızıl boyunbağı, 609 manat dəyərində 7 qram çəkidə bir ədəd qızıl bilərzik, 435 manat dəyərində 5 qram çəkidə bir cüt qızıl sırğa, 348 manat dəyərində 4 qram çəkidə bir ədəd qızıl üzükdən ibarət qızıl dəst, 585 əyarlı 174 manat dəyərində 2 qram çəkidə bir ədəd ağ qızıl üzük, 585 əyarlı 391,5 manat dəyərində 4,5 qram çəkidə bir ədəd ağ qızıldan nişan üzüyü, 1050 manat dəyərində bir ədəd taxt çarpayımatras, 700 manat dəyərində bir ədəd güzgülü çəkməcə-dolab (termo), 50 manat dəyərində bir ədəd tumba və 1700 manat dəyərində bir ədəd paltar dolabından ibarət mebel dəsti, 286 manat dəyərində bir ədəd “Samsung” markalı tozsoran, 100 manat dəyərində bir ədəd “Braun” markalı ütü, 40 manat dəyərində bir ədəd ütü stolu, cəmi 48 manat dəyərində 12 ədəddən ibarət qaşıq dəsti, cəmi 20 manat dəyərində tort qabı dəst, cəmi 120 manat dəyərində 12 ədəddən ibarət bohema bakal dəsti, 100 manat dəyərində bir ədəd “Panasonic” markalı blender, cəmi 30 manat dəyərində iki ədəd şokolad qabı, cəmi 70 manat dəyərində 8 ədəddən ibarət bıçaq dəsti, cəmi 8 manat dəyərində ədviyyat qabı dəsti, cəmi 8 manat dəyərində iki ədəd külqabı, cəmi 10 manat dəyərində iki dəst limon qaşığı, cəmi 36 manat dəyərində 12 ədəddən ibarət armudu stəkan dəsti, cəmi 36 manat dəyərində üç ədəd ləpə qabı, cəmi 30 manat dəyərində məcməyi (padnos) dəsti, 60 manat dəyərində iki ədəd bohema meyvə qabı, 40 manat dəyərində bir ədəd böyük vaza, cəmi 20 manat dəyərində iki ədəd mürəbbə qabı, cəmi 24 manat dəyərində altı ədəd dondurma qabı, cəmi 16 manat dəyərində iki ədəd çaynik, cəmi 30 manat dəyərində salat qabı dəsti, cəmi 50 manat dəyərində iki ədəd 6 nəfərlik fincan dəsti, cəmi 140 manat dəyərində 48 ədəddən ibarət 12 nəfərlik boşqab dəsti, 5 manat dəyərində bir ədəd ələk, 20 manat dəyərində bir ədəd ləpə üyüdən, 15 manat dəyərində bir ədəd meyvəyuyan, cəmi 18 manat dəyərində üç ədəd ləyən, 3 manat dəyərində bir ədəd süzgəc, cəmi 110 manat dəyərində 6 ədəddən ibarət büllur stəkan dəsti, 250 manat dəyərində bir ədəd samovar, 10 manat dəyərində bir ədəd çörək qabı, cəmi 120 manat dəyərində üç dəst yataq üzlüyü (yorğanüzü-mələfə), cəmi 100 manat dəyərində iki ədəd süfrə, cəmi 32 manat dəyərində dörd ədəd dəsmal, cəmi 24 manat dəyərində 6 ədəd çay dəsmalı, cəmi 20 manat dəyərində dörd ədəd mətbəx dəsmalı, cəmi 16 manat dəyərində iki ədəd əl dəsmalı, cəmi 20 manat dəyərində iki ədəd hamam dəsmalı, 120 manat dəyərində dəvə yunundan bir ədəd iki nəfərlik döşək, 100 manat dəyərində dəvə yunundan bir ədəd bir nəfərlik döşək, 90 manat dəyərində dəvə yunundan bir ədəd iki nəfərlik yorğan, 25 manat dəyərində bir ədəd döşəməsilən, 140 manat dəyərində bir ədəd kiçik xalça, 484 manat dəyərində bir ədəd “Emsan” yataq dəsti, cəmi 60 manat dəyərində dörd ədəd yastıq, həmin əmlaklar olmadıqda isə onların dəyəri, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 131 manat dövlət rüsumu məbləğinin 113,44 manatdan ibarət hissəsi alınaraq İddiaçı verilsin. İddia tələbi 200 manat dəyərində bir ədəd “Panasonic” markal ət çəkən maşın, cəmi 250 manat dəyərində 5 ədəddən ibarət tefal qazan dəsti, cəmi 240 manat dəyərində 6 ədəddən ibarət qazan dəsti, 100 manat dəyərində bir ədəd saç qurudan fen, cəmi 100 manat dəyərində bir ədəd saç buran və ütü feni, 150 manat dəyərində bir ədəd “Toshiba” markalı mikro soba, 750 manat dəyərində bir ədəd “Samsung” markalı elektrik sobası, cəmi 30 manat dəyərində iki ədəd şokolad qabı, 60 manat dəyərində iki ədəd bohema meyvə qabı, 50 manat dəyərində bir ədəd qazan, 40 manat dəyərində bir ədəd kofemolka, cəmi 70 manat dəyərində çaydan-çaynik dəsti, cəmi 80 manat dəyərində iki dəst yataq üzlüyü (yorğanüzü-mələfə), cəmi 150 manat dəyərində üç ədəd süfrə, cəmi 32 manat dəyərində dörd ədəd dəsmal, cəmi 48 manat dəyərində 12 ədəd çay dəsmalı, cəmi 40 manat dəyərində səkkiz ədəd mətbəx dəsmalı, cəmi 16 manat dəyərində iki ədəd əl dəsmalı, cəmi 40 manat dəyərində dörd ədəd hamam dəsmalı, cəmi 150 manat dəyərində üç ədəd yay yorğanı, 400 manat dəyərində bir ədəd böyük xalça, cəmi 30 manat dəyərində iki ədəd yastıqdan ibarət əmlaklara dair hissədə təmin edilməsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 131 manat dövlət rüsumu məbləğinin 17,56 manatdan ibarət hissəsi, həmçinin, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğ İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-282/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-282/2022
07.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver