Məhkəmə qərarları › İş №e-2(054)-772/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-772/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-772/2024 03.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, Müəyyənetdim: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən barəsində qəbul edilmiş EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İş materiallarından görünür ki, ərizəçi iddia ərizəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə iddia icraatı qaydasında deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında şikayət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xəta haqqında iş üzrə qərardan hansı şəxslərin hansı yerin məhkəməsinə, hansı qaydada və müddətdə şikayət verilməsi təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi, qanunun tələbinə görə inzibati xəta haqqında iş üzrə qərarın ləğvinə dair iddia ərizəsi formasında şikayətə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə şikayətlərə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır və bunun üçün ərizəçi inzibati xəta haqqında iş üzrə icraat qaydasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən barəsində tətbiq edilən inzibati tənbeh vermə haqqında EQ 24399381 saylı qərardan şikayət ərizəsi ilə özünün yaşayış yeri və ya inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bu zaman inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verilməsi üçün prosessual müddət buraxıldığı halda, şəxs şikayətlə birlikdə həmin müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında EQ 24399381 saylı qərardan şikayətlə özünün yaşayış yeri və ya inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, qəraraaldım: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında EQ 24399381 saylı qərardan şikayətlə özünün yaşayış yeri və ya inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar