Məhkəmə qərarları › İş №e-2(055)-23/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-23/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-23/2025 09.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Cavabdeh Uluxan oğlunun və onun nümayəndəsi (qardaşı) X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Uluxan oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Saatlı rayonu, H.B Zardabi küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdeh X2 idarə etdiyi "VAZ 21061" markalı, **-BB-*** dövlət qeydiyyat nişanla avtomobil. X3 idarə etdiyi "Hyundai Sonata" markalı, **-DP-*** dövlat qeydiyyat nişanlı "QAZ 3302 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, maticado sonunculan maddi ziyan dəymişdir. "VAZ 21061" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyatinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, "Hyundai Sonata markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 5000.00 manat iddiaçı tərəfindən X4 bank hesabına ödənilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(055)-362/2023 saylı qərarından YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh inzibat Xətalar Məcəlləsinin, 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddatinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh Uluxan oğlu iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC tərəfindən ziyanın məbləği həddən artıq şişirdilmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X7 cavabdehlə eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh Uluxan oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi görünür ki, “VAZ 21061” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(055)- 362/2023 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Uluxan oğlu İXM-nin 333.3-cü maddələri ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarəetmək hüququ 2 il müddətə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 1157 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, yol-nəqliyyat hadisə nəticəsində “Hyundai Sonata” markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobilə 5000 manat zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC həmin tarixində 5000 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs “Hyundai Sonata” markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X5 ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə cavabdehin etirazının “dəymiş ziyanın məbləğinin həddən artıq şişirdilməsi” barədə dəlilini araşdırma üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2024-cü il tarixdə mülki iş materiallarina əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, həmin tarixə ehtiyat hissələri ilə bağlı yerli internet saytlarında məlumat olmadığından qərardadı icrasız geri qaytarmışdır. Məhkəmə hesab edir ki, ekspertiza rəyinin verilməsi mümkün olmadığından, qüsur aktı üzrə müəyyən edilmiş zərər məbləğini əsas götürülməlidir. Bundan başqa cavabdeh zərərin məbləğinin həddən artıq şişirdilməsini bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Uluxan oğlu idarə etdiyi “VAZ 21061” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Saatlı rayonu, H.B.Zərdabi küçəsində “Hyundai Sonata” markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(055)-362/2023 nömrəli qərarına əsasən Cavabdeh Uluxan oğlu baş vermiş yol-nəqliyyat hadisəsinə əsasən İXM-nin 333.3-cü maddələri ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarəetmək hüququ 2 il müddətə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisə nəticəsində “Hyundai Sonata” markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobilə 5000 manat zərər dəymişdir. "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X5 ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödədiyi 5000 manat sığorta ödənişini Cavabdeh Uluxan oğlundan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh Uluxan oğlundan 5000 manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Uluxan oğlundan 5000 (beş min) manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar