Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-806/2025 22.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 24 iyun 2024-cü il tarixli, MŞS/MT023/2024-01179 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onunla Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 24 iyun 2024-cü il tarixli, MŞS/MT023/2024-01179 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından 02 dekabr 2022-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin 01 iyul 2024-cü il tarixdən başlanaraq hər ayın 1-dən 30-a qədər Maraqlı şəxs tərəfindən ona ödənilməsi barədə razılaşmışlar. Maraqlı şəxs alimenti onun bank kart hesabına və ya poçt vasitəsi ilə köçürülüməsini öhdəlik olaraq üzərinə götürmüşdür. Qeyd edilən barışıq sazişinin şərtlərində göstərilir ki,saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək hüququ vardır. Maraqlı şəxs isə barışıq sazişin şərtlərini pozaraq alimentin ödənilməsinə dair götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən də “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, ərizəsinin təmin edilməsi və ödəmiş olduğu 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı mediasiya təşkilatında mediatorun iştirakı ilə birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında bağlanan 24 iyun 2024-cü il tarixli, MŞS/MT023/2024-01179 saylı barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:
1. Mediasiya sesiyası zamanı birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı birgə nikahlarından 02 dekabr 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tələb etdi. 1.1 Mediasiya sesiyası zamanı aparılmış proflaktik söhbətlərin nəticəsi olaraq ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi tələbini qəbul etdi. 1.2 İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi 01 iyul 2024-cü il tarixdən başlanaraq hər ayın 1-dən 30-a qədər alimentin verilməsinə razılaşmışlar. 1.3 İkinci tərəf Maraqlı şəxs birinci Ərizəçi birgə nikahlarından 02 dekabr 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimenti birinci tərəfin bank kart hesabına və ya poçt vasitəsi ilə köçürülüməsini öhdəlik olaraq üzərinə götürdü. 1.4 Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs bir-birlərinə qarşı başqa tələb və şikayətləri olmadı və barışıq sazişini könüllü olaraq imzaladılar. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər və sair. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında aliment ödənilməsi ilə bağlı barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişi imzalandığı gündən 10 gündən artıq müddətdə icra edilmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Məhkəmə baxışında işdə iştirak edən şəxsin izahatı və tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesində birgə nikahlarından doğulmuş bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin ödənilməsinə razılaşmışlar. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi və maraqlı şəxs arasında 24 iyun 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 may 2025-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə ərizənin verilməsinə görə ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi: Ərizə təmin edilsin. 24 iyun 2024-cü il tarixdə mediatorun iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT023/2024-01179 saylı barışıq sazişi tərəflərin birgə nikahlarından 02 yanvar 2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 01 iyul 2024-cü il tarixdən başlanaraq hər ayın 1-dən 30-a qədər Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi hissəsində təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Məhkəmədə ərizə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.