Məhkəmə qərarları › İş №e-2(055)-919/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-919/2023

25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-919/2023 25.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 9000 manat məbləğində zərərin, 116 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardım ücün vəkilə ödənilmiş 520 manat pulun, cəmi 9636 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, pilot layihə üzrə yeni inşa olunmuş binada ona məxsus 1-ci blok 50 №-li, sahəsi132 kv.m olan mənzilin tam təmir işlərini xx.xx.2022-ci il tarixində internetdə tanış olduğu Cavabdeh şifahi razılaşma əsasında həvalə etmiş, cavabdeh isə 11500 manat müqabilində 2022-ci il sentyabr ayının 15-dək işlərin yerinə yetirilməsi barədə ona vəd vermişdir. xx.xx.2022-ci il tarixində mənzildə təmir işlərinə başlanaraq hörgü, döşəmənin beton, isitmə xətləri, santexnika, elektrik, suvaq və tavanın alçipan işləri yerinə yetirilmiş, iş görülən müddətdə şəxsən Cavabdeh xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat,xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 800 manat,xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022ci il tarixdə 1600 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, cəmi 8600 manat nağd pul vermişdir.2022-ci ilin iyul ayının 31-də mənzilə gəlib işlərə diqqət yetirəndə cox böyük səhvlərin buraxılmasını, işlərin olduqca keyfiyyətsiz və natamam görüldüyü aşkar olunmuşdur. Bu səbəbdən də mənzilin sahəsi 132 kv.m-dən 125 kv.m-ə qədər azalmış, divarların hamarlılığını profillə yoxladıqda kələ-kötürlərin ölçüləri 2-4 sm arasında dəyişdiyi, tavanın alçipan vurulduqdan sonrakı hamarlığını profillə yoxladıqda isə orada olan kələkötürlülüyün 28 sm-dən 58 sm-dək olduğu məlum olmuşdur. Səhəri gün mənzildə cavabdehlə görüşüb nöqsanları göstərdikdə cavabdeh nöqsanların olmasını qəbul edib razılaşmış və avqust ayına kimi qüsurları aradan qaldıracağına söz vermişdir. Lakin qüsurlar aradan qaldırılmamışdır.Cavabdeh ikinci dəfə avqustun 10-a qədər, üçüncü dəfə isə avqustun 15-ə qədər qüsurların aradan qaldırılmasına söz versə də, heç nə etməmişdir. Üç dəfə söz verib yerinə yetirmədiyinə görə avqustun 16-da cavabdehdən dəymiş ziyanı ödəməsini tələb etmiş, cavabdeh avqustun 19-da sms-lə xəbər göndərərək pulu qaytaracağını bildirmiş, lakin yenə də qaytarmamışdır.O da avqustun 20-də məcburiyyətdən kənardan işçilər tutub ödəniş edərək bütün suvaqları və tavanı söküb mənzildən çıxartmış, mənzili tam şəkildə yenidən təmir etdirmişdir.Daha sonra cavabdeh şirkətə işə düzəldiyini deyibəvvəlcə sentyabrın ayının 5-də, daha sonra sentyabrın 20-də 7-10 gün ərzində pulu qaytaracağına söz versə də, yenə də vədlərinə əməl etməmişdir.Bununla bağlı bir neçə dəfə polisə müraciət etmiş, mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.Sonradan Cavabdeh xx.xx.2023-ci il tarixdə iltizam yazıb hər ayın 10-u 400 manat ödəyəcəyini və 10 iyul 2023-cü il tarixində isə qalan pulu tam şəkildə ödəyəcəyini bildirsə də, yenə də onu aldadıb ziyanı ödəməmişdir. Bildirir ki, əslində cavabdehin ona vurduğu ziyan iddia tələbində göstərdiyi məbləğdən olduqca yüksəkdir. Lakin cavabdehə güzəşt edib 9000 manat kimi göstərmişdir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyniməzmunlu izahat verdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də, iddiaçıya məxsus, 1-ci blok 50 №-li, sahəsi132 kv.m olan mənzilin tam təmir işlərini 11500 manat müqabilində 2022-ci il sentyabr ayının 15-dək yerinə yetirəcəyi barədə öhdəlik götürmüş və xx.xx.2022-ci il tarixində mənzildə təmir işlərinə başlanaraq hörgü, döşəmənin beton, isitmə xətləri, santexnika, elektrik, suvaq və tavanın alçipan işləri yerinə yetirilmişdir. İş görülən müddətdə iddiaçı ona xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat,xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 800 manat,xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1600 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, cəmi 8600 manat nağd pul vermişdir. Görülmüş işlərin lazımı keyfiyyətdə olmadığını və iddiaçıya ziyan dəydiyini qəbul edir. Lakin bu hal işçilərin işinə nəzarət etməməsi və iş görülməsi prosesində istifadə olunan tərəzinin əyri göstərməsi ilə bağlı olmuşdur. xx.xx.2023-ci il tarixli iltizamdakı imza ona məxsudur və həmin iltizamda iddiaçıya 9000 manat pul qaytarmalı olduğunu, hər ayın 10-u 400 manat ödəyəcəyini və 10 iyul 2023-cü il tarixində isə qalan pulu tam şəkildə qaytaracağını öz imzası ilə təsdiq etmişdir.Lakin maddi imkanı olmadığından pulu tam şəkildə ödəyə bilməmişdir.Bununla yanaşı, güman edir ki, onun hesablamalarına görə iddiaçı keyfiyyətsiz görülmüş işləri 3000 manat müqabilində aradan qaldıra bilərdi. Odur ki, cəmi 3000 manat pulun qaytarılmasına razıdır.Sonda iddianın qeyd olunan formada təmin olunmasına etirazı olmadığını bildirdi. İşdə olan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı məxsus mənzildə görülmüş işlərin keyfiyyətsiz olması və nəticədə iddiaçıya 9000 manat ziyan dəyməsini öz imzası ilə təsdiq etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. . Həmin Məcəllənin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765.1-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin yuxarıda göstərilən halları tərəflər arasında 2022-ci ildə podrat münasibətlərinin yaranmasını təsdiq edir. İddia tələbinin əsaslılığına gəlincə isə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbi üzrə əsas mübahisəli hal işlərin keyfiyyətsiz görülməsi nəticəsində dəymiş ziyanın məbləği ilə bağlıdır. Cavabdeh izahatında iddiaçıya dəymiş ziyanın 9000 manat olması barədə qəbzə imza atdığını qəbul etsə də, güman edir ki, onun hesablamalarına görə iddiaçı keyfiyyətsiz görülmüş işləri 3000 manat müqabilində aradan qaldıra bilərdi. Odur ki, cəmi 3000 manat pulun qaytarılmasına razıdır. Məhkəmə cavabdehin qeyd olunan dəlili ilə bağlı göstərir ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir.Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə dəymiş ziyanın məbləğinin 9000 manat deyil, 3000 manat olması hissəsində sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu halı məhkəmədə sübuta yetirə bilməmiş, qeyd olunan dəlili güman olaraq irəli sürmüşdür. Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Podratçı tərəfindən görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olması məsələsinə gəlincə, məhkəmə diqqətə çatdırır ki, cavabdeh özü də məhkəmə iclası zamanı verdiyi izahatında görülmüş işlərin lazımı keyfiyyətdə olmadığını qəbul etmiş, lakin bu halın işçilərin işinə nəzarət etməməsi və iş prosesində istifadə olunan tərəzinin düzgün işləməməsi ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, bu hal cavabdehin mülki məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 9000 manat pul alınaraq İddiaçı verilməlidir. İddiaçı həmçinin cavabdehin əməllərində Azərbaycan Respublikası CM-nin 192-ci maddəsində nəzərdə tutulmuş qanunsuz sahibkarlıq cinayətinin tərkib əlamətləri olduğundan xüsusi qərardad çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı cavabdehin hərəkətlərində cinayətin əlamətləri olmadığından xüsusi qərardad çıxarılmasına zərurət yoxdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 116 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 116 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hüquqi yardım üçün vəkilə ödənilmiş 520 manata gəlincə, məhkəmə qeyd edir ki, bu barədə təsdiqedici sənəd olmadığından həmin xərc cavabdehdən tutula bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 116 (bir yüz on altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mir çıxarış İş № 2(055)-919/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 25 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 116 (bir yüz on altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar