Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1156/2024 29.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi həmçinin vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verilmiş 10000 manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat və ödənilmiş hüquqi yardım xərcinin əvəzi 300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu Xankeçən kənd sakini Cavabdeh (qeyd: qəbzdə cavabdeh özü adını kiril əlifbası ilə Səlyan rayon sakini X1 yazmışdır) özünün yaşadığı evində 10000 (on min) manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borc aldığı pulu 2 (iki) ay müddətinə qaytaracağı barədə İddiaçı 11 oktyabr 2023-cü il tarixində yazılı şəkildə qəbz də vermişdir. Lakin Cavabdeh götürdüyü borc pulu vaxtında qaytarmamış və bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmışdır. Bildirirdi ki, pulu yeznəsinin işi üçün götürür və cavabdeh ona olan borc pulu 2 ay müddətinə ödəyəcəyi barədə söz vermişdir. Lakin həmin pulu ödəyə bilməmişdir. Yeznəsi ona pul verməlidir ki, oda götürdüyü borcu qaytarsın. Yeznəsi cavabdehə pul vermədiyi üçün borcu qaytara bilmir. O, Cavabdeh məhkəməyə müraciət edənədək vaxt versə də, ona dəfələrlə pulu qaytarmasını bildirsə də, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh borcunu könüllü qaytarmaq istəmədiyi üçün, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, onun İddiaçı ilə borc münasibəti olmamışdır. O, iddiaçının anası X3 cəmi 2000 manat borc pul almışdır. Sonradan borcundan 1000 manat qaytarmış, qalan 1000 manatı isə 15% ilə qaytarmağı barədə aralarında razılıq olmuşdur. 8 ay gecikməsi olmuş, daha sonra iddiaçının anası onu öz evinə çağıraraq məcburi olaraq qəbz yazdırmışdır. Qəbzi hədə qorxu altında yazmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və imzalanmış əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 10000 manat borcunun olmasını və borcu 2 ay müddətinə qaytaracağını etiraf edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh “1000 manat borclu olduğu Soltan adlı şəxsin onu öz evində hədələyərək borcun əvəzində 10.000 manat qaytarmalı olduğu barədə” barədə müraciətində göstərilən xüsusatlarda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Mülki işə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1084 saylı məhkəmə-xəttşünaslıq eksertizası ekspert rəyindən görünür ki, Cavabdeh Məhəmmədəli qızının adından olan xx.xx.2023-cü il tarixli borc qəbzinin əlyazma mətni və “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş qaydada şifahi borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı öhdəliyini yerinə yetirərək, şifahi borc müqaviləsi üzrə cəmi 10000 AZN məbləğində pul vəsaitini cavabdehə vermiş, Cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, qəbul etdiyi borc vəsaitini razılaşdırılmış 2 ay müddətinə iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər xx.xx.2023-cü il tarixdə şifahi formada bağlanmış borc müqaviləsindən irəli gəlmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 385-ci madd. əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı 10000 manat borc vəsaitini vaxtında və lazımı qaydada qaytarmamış və bununla da iddiaçı ilə bağladığı şifahi borc müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir. Ona görə də, Cavabdeh 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazının əsası kimi göstərdiyi “onu evində hədələyərək 1000 manat borcun əvəzində məcbur edib 10.000 manat borcunun mövcudluğuna dair qəbzi imzalatdırmaq” halların təsdiqinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin həmin xüsusatlar xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla da təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu əvəzi olan 120 manat və hüquqi yardım xərcinin əvəzi 300 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbləri həmin hissələrdə də əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat və hüquqi yardım xərcinin əvəzi 300 (üç yüz) manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 4/1084№-li məhkəmə- xəttşünaslıq eksertizası tədqiqatının dəyərini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış şifahi borc müqaviləsindən yaranmış 10000 (on min) manat məbləğində pul vəsaiti, həmçinin məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 120 (bir yüz iyirmi) manat və hüquqi yardım xərcinin əvəzi 300 (üç yüz) manat, ümumilikdə isə 10420 (on min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 4/1084№-li məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1156/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1156/2024
29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver