Məhkəmə qərarları › İş №e-2(056)-2226/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2226/2024

04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2226/2024 04.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «Subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı «Subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Lexus LX 570" markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 20000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən qanunsuz ələ keçirilərək idarə olunan “Mercedes GL 450” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış "Lexus LX 570" markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq 20000 manat məbləğində ziyan vurmuşdur. Dəymiş ziyanla bağlı qiymətləndirmə aktı iş materiallarına əlavə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış "Lexus LX 570" markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən 20000 manat maddi ziyan dəymişdir. "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq xx.xx.2022ci il tarixli, **********3 saylı avtomobillərin tam sığorta şəhadətnaməsinə əsasən sığortalanmış "Lexus LX 570" markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2022ci il tarixli, 110417 saylı sığorta aktına uyğun olaraq 20000 manat sığorta ödənişini xx.xx.2022-ci il tarixli 7151 saylı ödəniş tapşırığına əsasən könüllü sığortalı X5 ödənilmişdir. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi zamanı təqsirli olduğuna görə Cavabdeh qarşı sığorta ödənişinin dəyəri məbləğində, yəni 20000 manat məbləğində subroqasiya hüquqları yaranmışdır. Hesab edirlər ki, 20000 manat pul Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının nümayəndəsi Ceyhun Şahmuradov məhkəməyə elektron ərizə ünvanlayaraq iddialarını müafiə etdiklərini, iş üzrə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinadən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-73/2023 saylı hökmündən görünür ki, Cavabdeh istintaqa məlum olmayan şəxs ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ay İşığı” çimərliyinin qarşısından X2 məxsus “Mercedes GL 450” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmaqla Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən Bakı Nəqliyyat Agentliyinin qarşısında dairəvi yolda hərəkətdə olarkən X1 məxsus “Toyota Camry” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sol qabaq tərəfindən vurmuş, daha sonra hərəkətini davam etdirib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə qayıdarkən Mərdəkan-Buzovna yolunda Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edib yolun Sergey Yesenin küçəsində yerləşən üzü şəhər istiqamətində olan hissəsinə çıxmaq istəyərkən yolun kənarındakı yol hərəkətini tənzimləmək məqsədi ilə quraşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə məxsus işıqfor dirəyinə çırparaq dirəyi aşırdıb işıqforu yararsız hala salmış, daha sonra həmin yola çıxıb hərəkət edərkən önünüdə hərəkət edən X6 “Lexus” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərərçəkmiş şəxs X2 14770 manat, zərərçəkmiş şəxs X1 ümumilikdə 300 manat, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə ümumilikdə 11169,50 manat, zərərçəkmiş şəxs X6 isə ümumilikdə 20000 manat məbləğində xeyli miqdarda ziyan vurduğuna görə, Azərbaycan Respublikasının CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmışdır. Qeyd edilən hökmdə olan zərərçəkmiş şəxs X8 tərəfindən məhkəməyə ünvanlanmış elektron ərizənin məzmunundan görünür ki, o, ona vurulmuş 20000 manat zərərin "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilməsini göstərmişdir. xx.xx.2022-ci il tarixli, **********3 saylı avtomobillərin tam sığorta şəhadətnaməsindən görünür ki, "Lexus LX 570" markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkəti ASC-də tam sığortalanmışdır. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış "Lexus LX 570" markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 20000 manat maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli, 110417 saylı sığorta aktından və xx.xx.2022-ci il tarixli 7151 saylı ödəniş tapşırığından görünür ki, 20000 manat sığorta ödənişi könüllü sığortalı X5 ödənilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində Cavabdeh X2 məxsus “Mercedes GL 450” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmaqla X6 “Lexus” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərərçəkmiş şəxs X6 20000 manat məbləğində xeyli miqdarda ziyan vurmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 73/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, vurulmuş ziyanın həcmi və həmin ziyanın hazırki iddiaçı tərəfindən sığortalıya ödənilməsi həm hökmlə, həm də iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianı hadisəni törətməkdə təqsirli bilinmiş Cavabdeh münasibətdə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar Haqqında" Qanunun 25-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, mülki qanunvericilik zərər vuran şəxsə qarşı törədilmiş mülki hüquq pozuntusu ilə əlaqədar subroqasiya qaydasında tələb irəli sürülməsi hüququnu tanımış, iddiaçı da bu hüququndan istifadə edərək hazırki cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələb edilən zərərin miqdarı barədə qeyd edir ki, zərərin miqdarı məhkəmə hökmü, sığorta aktı və ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Odur ki, cavabdehdən tələb edilən həddə vurulmuş ziyan məbləğinin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh 20000 manat sığorta ödənişi məbləği və 150 manat dövlət rüsumu olmaqla, cəmi 20150 (iyirmi min bir yüz əlli) manat məbləğində vəsaiti tutularaq İddiaçı Siğorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar