Məhkəmə qərarları › İş №e-2(056)-3087/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3087/2024

23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3087/2024 23.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində, məhkəmnin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Rabitəbank’ ASC-nin xeyrinə 279,68 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şirvan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********0944 saylı kart hesabı açılmışdır. Müştəri xx.xx.2024-cü il tarixində kart hesab balansını artırdığı zaman texniki nasazlıq səbəbinə mədaxil vəsaiti hesabına 2 dəfə yüklənmişdir. Müştəri texniki nasazlığın düzəldilərək hesabına artıq oturmuş pul vəsaitinin geri çəkilməsini gözləmədən kart hesabından ona məxsus olmayan pulu xx.xx.2024-cü il tarixində ATM-dən (Xalqlar Dostluğu metrostansiyası) nağlaşdırmışdır. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 293,03 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 14,26 manat) onun överdraft borcundan silinmişdir. Hazırda cavabdehin xx.xx.2024-cü il tarixinə 278,77 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 0,91 manat faiz borcu olmaqla, cəmi 279,68 manat borcu vardır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına cavabdehin plastik kart hesabına mədaxil etdiyi məbləğin texniki nasazlıq səbəbindən 2 dəfə köçürülməsi, həmin məbləğin cavabdeh tərəfindən nağlaşdırılması nəticəsində əsassız varlanması, bununla da banka cəmi 279,68 manat zərər dəyməsi barədə sənədlər əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları tədqiq etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən hesaba bağlı kart hesabına mədaxil etdiyi pul vəsaiti texniki nasazlıq səbəbindən 2 dəfə köçürüldüyü, cavabdeh bu halı bildiyi halda əlavə köçmüş vəsaiti də məxaric edərək cəmi 279,68 manat hesabda overdraft borcu yaratmış və həmin pulu Banka geri qaytarmamışdır. Bununla da cavabdeh Bank hesabına hüquqi əsas olmadan əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş cəmi 279,68 manat pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 309,68 (üç yüz doqquz manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar