Məhkəmə qərarları › İş №e-2(057)-1609/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1609/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1609/2024 02.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi Vəkil Məhəmmədəli oğlunun iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onlardan aldığı 17000 (on yeddi min) manat məbləğində pulun, vəkilə ödənilmiş 300 manat məbləğində pulun və 146 manat məbləğində dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh onlardan 17000 manat məbləğində pulu alaraq geri qaytarmamışdır. Bununla bağlı Qaradağ RPİ-nin 10-cu PŞ-nə müraciət etmişlər. Cavabdeh PŞ-nə gələrək pulu aldığını etiraf etmiş, lakin PŞ-də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və onlara məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Onlar da, öz növbələrində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Onlarla cavabdeh arasında mülki hüquq münasibətləri yaranmışdır. Bu hal isə cavabdehin onlara qarşı qərəzli, hiss olunan dərəcədə hüquqlarımı pozan hərəkətlərinin mövcudluğunu sübut edir. Cavabdehin onlardan heç bir üstünlüyü olmadığı üçün və Azərbaycan Respublikasının qanunlarına tabe olduqları üçün, qanunun tələbinə əsasən ona dəymiş zərər cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə və “AZEMİS” vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrələrə “AZEMİS” vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçılardan pul almış, lakin qaytarmamışdır. Polis İdarəsinə müraciət edilmiş, həmin şikayət üzrə cavabdehin izahatı alınmış, cavabdeh izahat verərək onlara olan borcunu etiraf etmişdir. İddiaçılarla cavabdeh arasındakı razılığa əsasən cavabdeh kartof satışı ilə məşğul olaraq qazanc əldə edərək iddiaçıların borcunu ödəməli olsa da, lakin vədinə əməl etməmişdir. Cavabdeh iddiaçılardan 17000 manat dəyərində mal almış, lakin pulunu verməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə İddiaçı2 nümayəndəsi Vəkil izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı Mehvalı Rzayevin 08 mart 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı2 izahatında bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında bibisi oğlu İddiaçı1 vasitəsi ilə Fərid Dadaşzadəni tanımış, həmin vaxt “Meyvəli” Ticarət Mərkəzində kartof satışı ilə məşğul olmuşdur. X1, qardaşı Səid Dadaşzadə və atası Dadaş Dadaşzadə ilə birlikdə şərikinə alver etmək üçün görüşüb söhbət etmişlər. Aralarında olan şifahi razılıq əsasında o, pul vəsaitini qarşılayacaq, Fəriddə qardaşı və atası ilə kartof alıb meyvəli bazarda satacaqdır. Qazanc və ziyan isə onlar arasında tam yarı bölünəcəkmiş. Bu məqsədlə bir dəfə mal alıb satıb əldə etdikləri gəliri yarı bölmüşlər. İkinci dəfə isə onlar 17000 manat dəyərində kartof almışlar. Lakin bu dəfə aldıqları kartofu sata bilməmişlər. Bundan sonra Dadaş Dadaşzadə ona həmin kartofu aparıb rayonda satmağı təklif etmiş, oda Dadaş Dadaşzadə ilə razılaşmışdır. Dadaş Dadaşzadə qeyd olunan kartofu yaşadığı Biləsuvar rayonuna aparmış və orada satışını həyata keçirmişdir. Lakin ona pul ödəməmişdir. Dadaş hər dəfə ona malı nisyə verdiyini lakin pulu ala bilmədiyi üçün ona ödəniş edə bilmədiyini demişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı2 müraciətində göstərdiyi 17000 manat nisyə pulun qalması faktı təsdiq etsə də o, həmin 17000 manat puldan bir qismini onlara borclu olan müştərilərdən yığaraq, 2350 manat “Ford Transit” markalı avtomaşının təmirinə, 2400 manatı isə qeyd olunan avtomaşın üçün icarə haqqı olaraq götürdüyünü, həmçinin həmin kartofun 2000 manat dəyərində olan hissəsinin xarab olduğu üçün çölə atıldığını və 1000 manatını isə təhqiqat dövründə İddiaçı2 ödənilməsi üçün təqdim etdiyini, yerdə qalan borcluların gələcəkdə hissə-hissə yığaraq İddiaçı2 verəcəyini bildirmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı2 aldığı 17000 manata kartof almışdır. Cavabdeh Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PŞ-də verdiyi izahatında iddiaçıdan 17000 manat pul alıb kartof aldığını təsdiq etsə də, İddiaçı2 9250 (doqquz min iki yüz əlli) manat borcunun qaldığını bildirmişdir. Sözügedən qərardan şikayət verilməmiş, hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı2 aldığı 17000 manat pula kartof alıb satsa da satdığı kartofun pulunu İddiaçı2 qaytarmamışdır. 17000 manat pula alınmış kartofun satışından əldə edilmiş puldan 2350 manat “Ford Transit” markalı avtomaşının təmirinə, 2400 manatı avtomaşın üçün icarə haqqı olaraq götürdüyünü, həmçinin həmin kartofun 2000 manat dəyərində olan hissəsinin xarab olduğu üçün məhv olduğunu və 1000 manatını isə təhqiqat dövründə İddiaçı2 ödənilməsi üçün təqdim edilmişdir. Göründüyü kimi, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 9250 manat məbləğində pul əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı2 aldığı 17000 manata kartof almışdır. Cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də verdiyi izahatında iddiaçıdan 17000 manat pul alıb kartof aldığını təsdiq etsə də, İddiaçı2 9250 (doqquz min iki yüz əlli) manat borcunun qaldığını bildirmişdir. Sözügedən qərardan şikayət verilməmiş, hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı2 aldığı 17000 manat pula kartof alıb satsa da satdığı kartofun pulunu İddiaçı2 qaytarmamışdır. 17000 manat pula alınmış kartofun satışından əldə edilmiş puldan 2350 manat “Ford Transit” markalı avtomaşının təmirinə, 2400 manatı avtomaşın üçün icarə haqqı olaraq götürdüyünü, həmçinin həmin kartofun 2000 manat dəyərində olan hissəsinin xarab olduğu üçün məhv olduğunu və 1000 manatını isə təhqiqat dövründə İddiaçı2 ödənilməsi üçün təqdim edilmişdir. Göründüyü kimi, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 9250 manat məbləğində pul əldə etmişdir. Tərəflərin iddia tələbi üzrə mübahisələndirdikləri halların həlli ilə bağlı məhkəmə həmçinin aşağıdakıları qeyd edir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı2 gördükləri iş müqabilində verdiyi 17000 manat puldan hazırda ona heç bir məbləğin qaytarılmadığını, cavabdeh isə həmin pulun 7750 manatını qaytarılmasını sübut etməlidir. İddiaçı aralarında işlə bağlı olan münasibətlərdən sonra 17000 manat məbləğində pulun qaytarılmalı olmasının sübutu kimi Cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də verdiyi izahatına istinad edir. Cavabdeh isə həmin pulun 2350 manatını “Ford Transit” markalı avtomaşının təmirinə, 2400 manatını avtomaşın üçün icarə haqqına, 2000 manat dəyərində kartofun məhf olduğunu və 1000 manatını isə təhqiqat dövründə İddiaçı2 ödənilməsini qeyd etmişdir. Doğrudur, cavabdeh avtomobilin təmirinə, avtomobilin icarə haqqına, kartofun bir hissəsinin məhf olmasına və 1000 manatını isə qaytarmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Qaradağ RPİ-nin 10cu PŞ-nin təhqiqatçısı Mehvalı Rzayevin 08 mart 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən olunmuş xüsusatlarla razılaşmışdır. Qərardan şikayət verilməmiş, hazırda qüvvədədir. Odur ki, məhkəmə işdə mövcud olan sübutların məcmusuna əsaslanmaqla hesab edir ki, cavabdehdən İddiaçı2 xeyrinə 9250 (doqquz min iki yüz əlli) manat məbləğində pul tutulmalıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 112.50 (yüz on iki manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9250 (doqquz min iki yüz əlli) manat və 112.50 (yüz on iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı2 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh hüquqi xidmətə görə ödənilmiş 300 manat pulun əvəzi tutularaq İddiaçı2 ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9250 (doqquz min iki yüz əlli) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 112.50 (yüz on iki manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh hüquqi xidmətə görə ödənilmiş 300 manat pulun əvəzi tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 33.50 (otuz üç manat əlli qəpik) manatı iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar