Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-71/2025 20.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Qurbət oğlu və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı SŞ ASC) cavabdehlər Cavabdeh2 Qurbət oğlu və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Qurbət oğlundan və Cavabdeh1 “İsuzu” markalı ** JT ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və 1 ədəd 9 m.lik işıq dirəyinə dəymiş ziyana görə ödənilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Qurbət oğlu sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Vaz 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törətmiş nəticədə “ İsuzu” markalı ** JT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və "xxxx" MMC-nə məxsus 1 ədəd 9 m.lik işıq dirəyinə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta müqaviləsinin 124436 və 124475 nömrəli aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh2 Qurbət oğlunun idarə etdiyi “Vaz 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Həmin müqavilədən görünür ki, nəqliyyat vasitəsinə qanuni sahiblik edən Cavabdeh1 isə sığorta müqaviləsi üzrə sığortalı olmuşdur. Nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “İsuzu” markalı ** JT ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 14951 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 7282 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı “İsuzu” markalı ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4406 manat sığorta ödənişi həyata keçirmişdir. "xxxx" MMC tərəfindən verilmiş dəymiş ziyan barədə akta əsasən ”Bakı Abadlıq Xidməti” MMC-nə 594 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********/616655848 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı 1 ədəd 9 m.lik işıq dirəyinə görə "xxxx" MMC 594 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Qurbət oğlu nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyinə görə İXMnin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş ƏN-Vİ 247475 nömrəli etibarnamənin surətindən görünür ki, hadisə zamanı “Vaz 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Cavabdeh1dur. Bildirmək istəyirlər ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Qurbət oğlu yuxarıda qeyd etdikləri kimi sürücülük hüququ və etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 İXM-nin 335.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İşin hallarından göründüyü kimi, “Vaz 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanuni əsasla sahiblik edən Cavabdeh1 həmçinin, sığorta müqaviləsinin tərəfidir. Beləliklə, sığorta münasibətində sığortalı kimi iştirak edən Cavabdeh1 nəqliyyat vasitəsinin sığortalı olduğunu bilə-bilə onu sürücülük vəsiqəsi olmayan və dolayısı ilə nəqliyyat vasitəsini idarə etməyi bilməyən birinə etibarnamə olmadan vermişdir. Ona görə də subroqasiya qaydasında iddia tələbi məhz Cavabdeh1 qarşı da yaranmalıdır. Hesab edirlər ki, ümumilikdə ödənilmiş 5000 manat sığorta ödənişi Cavabdeh2 Qurbət oğlundan və Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəflərindən Cavabdeh2 Qurbət oğluna və Cavabdeh1 pretenziyalar göndərilsə də 5000 manat pul ödənilməmiş qalmışdır. İddia ərizəsində Cavabdeh2 Qurbət oğlu olaraq göstərilsə də, məhkəmə araşdırması zamanı və AZEMİS vasitəsi ilə şəxsi məlumatlar bölməsindən əldən edilmiş çıxarışdan görünür ki, Cavabdeh2dur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, tələb olunan məbləği ödəmək istəsə də, İddiaçının bank hesabını bilmədiyi üçün ödəniş edə bilməmişdir. May ayı da olmaqla hər ay borcundan 500 manat ödəyəcəkdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddianı qəbul edir. Lakin hər ay borcundan 100 manat ödəyə bilər. İddia ərizəsinə əlavə olunmuş İddiaçı SŞ ASC-nin nümayəndəsi Ceyhun Şahmuradov tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, keçiriləcək məhkəmə iclaslarında icraatlarında olan işlərin çoxluğu və uzaq məsafə səbəbi ilə üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini, ona görə də mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddianı qəbul edir. Lakin tələb olunan məbləği tam qaydada ödəyə bilmir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, cavabdehlərin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: PAT********** nömrəli sığorta müqaviləsinin 124436 nömrəli aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) görünür ki, hadisə zamanı Cavabdeh2 Qurbət oğlunun idarə etdiyi “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta müqaviləsinin 124475 nömrəli aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) görünür ki, Cavabdeh2 Qurbət oğlunun idarə etdiyi “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “İsuzu” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 14951 manat məbləğində zərər dəymişdir. 11 iyul 2023-cü il tarixli, 7282 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı “İSUZU” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4406 manat sığorta ödənişi etmişdir. xx.xx.2023-cü il tarixli, **********/616655848 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı 1 ədəd 9 metrlik işıq dirəyinə görə "xxxx" MMC-yə 594 manat sığorta ödənişi etmişdir. xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və 400 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 İXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçı Sığorta Şirkəti ASC-nin pretenziyadan görünür ki, cavabdehlərə ödənilmiş sığorta ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsinin zəruriliyi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatı barədə” arayışdan görünür ki, avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X1, sürücüsü Cavabdeh2 olan “VAZ 21063 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Salyan rayonunda “VAZ 21063 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “İsuzu” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili və "xxxx" MMC-yə məxsus 1 ədəd 9 m.lik işıq dirəyini zədələmiş, bu zaman o, avtomobili sürücülük hüququ və etibarnaməsi olmadan idarə etmiş, beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində inzibati xəta haqqında protokol və müvafiq inzibati tənbeh haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 oğlunun təqsiri artıq müəyyən edilmişdir. Həmçinin “VAZ 21063 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanuni sahiblik edən Cavabdeh1 olmuşdur. Eyni zamanda Cavabdeh1 İXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan başqa, bu avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobilə iddiaçı tərəfindən 4406 manat, 1 ədəd 9 m.lik işıq dirəyinə görə "xxxx" MMC-yə isə 594 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda sığortaçı ödənilmiş 5000 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırkı işdən görünür ki, Cavabdeh2 avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Mülki Məcəllənin 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. MPM-in 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər iddia tələbini qəbul etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehlər Cavabdeh2 Qurbət oğlu və Cavabdeh1 müştərək qaydada “İSUZU” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və 1 ədəd 9 metrlik işıq dirəyinə dəymiş ziyana görə ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 Qurbət oğlu və Cavabdeh1 müştərək qaydada “İSUZU” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və 1 ədəd 9 m.lik işıq dirəyinə dəymiş ziyana görə ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-71/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-71/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver