Məhkəmə qərarları › İş №e-2(058)-548/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-548/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-548/2025 05.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 900 manat məbləğində sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “X4 115” markalı, 77- NB-935 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi “X4” markalı, 99-BT 355 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “X4” markalı, **- BT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitələrinin yol nəqliyyat nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə qüsur aktının surətindən görünür ki, dəymiş zərərin məbləği 900 (doqquz yüz) manat məbləği müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-ti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “X4” markalı, **-BT- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh idarə etdiyi “X4 115” markalı, **- NB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-ti tərəfindən ödənilmiş 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-548/2025 nömrəli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 131847 nömrəli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində sığortalanmış avtomobil “X4” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli 217363 nömrəli hesabatından görünür ki, “Mercedes Vito” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 900 manat məbləğində ziyan dəymişdir. İşdə olan xx.xx.2024-cü il tarixli **********9/832089869 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-ti tərəfindən AZ83AİİB******************** nömrəli hesaba 900 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:30 dəqiqədə Gəncə şəhərində Cavabdeh idarə etdiyi “X4 115” markalı, 77- NB-935 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi “X4” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “X4” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə zərər dəymişdir. İşdə olan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6614714 nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti ASC-ti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli O-AS-20242347 nömrəli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-ti tərəfindən həyata keçirilən 900 (doqquz yüz) manat sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi xahiş olunmuşdur. Zərərin məbləğinin 10 iş günü ərzində şirkətə ödənilməyəcəyi halda İddiaçı Sığorta Şirkəti ASC-ti tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumat verilmişdir. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin həqiqi hallarına uyğun gəlir və ona görə də ziyanın məbləği 900 manat həddində qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı sığortaçının subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə görə sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsinə görə könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı, və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində Cavabdeh “X4 115” markalı **-NB-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 332.1, 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. “X4” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 900 manat təşkil etmişdir. Nəqliyyat hadisəsi baş verən zaman zərərçəkənə dəymiş zərərə görə 900 manat məbləğində sığorta ödənişi İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Yəni, sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzininödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 900 manat sığorta ödənişi ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, İddiaçı Sığorta ASC-ti tərəfindən sığorta hadisəsi baş verən zaman sığorta müqaviləsinə əsasən faydalanan şəxsə sığorta ödənişi ödənildiyindən, zərərin əvəzini ödəmək tələbi (hüququ) ödənişi vermiş sığortaçı olan İddiaçı Sığorta Şirkəti ASC-nə keçdiyindən, 900 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 900 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınaraq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar