Məhkəmə qərarları › İş №e-2(060)-126/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-126/2023

27.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-126/2023 27.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X1, Cavabdeh nümayəndələri, Vəkil2 və Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 267 000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 il bundan qabaq cavabdehin adına ünvan 2-in rəsmiləşdirilməsi üçün həmin mənzilin sahibi X7 150 000 manat pul ödəmişdir. O, həmin pulu ödədikdən sonra X10 mənzili cavabdehin adına sənədləşdirib. Həmin mənzilin təmiri xərclərini də iddiaçı çəkmişdir. İddiaçı ustalara və təmir üçün materiallara görə ümumilikdə 35 000 manat pul ödəmişdir. Bundan başqa iddiaçı 30 000 manat vəsait sərf edərək Sumqayıt yolunda yerləşən “X18”ndən cavabdehin adına rəsmiləşdirilən həmin mənzilə 2 yataq dəsti, 1 qonaq otağı dəsti və 1 mətbəx dəsti mebel, 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan almışdır. Qeyd edilən mənzilin əldə edilməsi, təmiri və mebelin alınması xərclərindən əlavə 2021-ci ildə iddiaçı cavabdehin adına “FAW Bestune T77” markalı ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin əldə olunması üçün 42 000 manat, ** SR *** dövlət qeydiyyat nişanının əldə olunması üçün isə 10 000 manat pul ödəmişdir. Ümumilikdə cavabdeh onun ödədiyi pul vəsaitləri hesabına 267 000 manat dəyərində əmlaklara sahib olmaqla varlanıb. O, cavabdehdən yaranmış 267 000 manat pulu tələb etsə də, cavabdeh pul vəsaitinin olmamasını bəhanə edərək pulunu qaytarmaqdan imtina edib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdeh ünvan 2-in yerləşdiyi binada başqa bir mənzildə 9 il kirayədə yaşayıb. O, cavabdehlə həmin mənzildə birgə yaşamışdır. Onlar cavabdehlə faktiki ailə münasibətlərində olmuşlar. Münasibətdə olduqları dövrdə o, cavabdehə mənzil və avtomobil alıb vermişdir. Həmin ünvan 2-i binanın komendatı vasitəsi ilə tapmışdır. Evin keçmiş sahibi ilə tanış olmuş, pulun bir qismini ona beh şəklində, digər qismini isə notariat ofisində rəsmiləşdirməklə vermişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə həmin mənzili təmir etdirmiş, oraya əsaslı xərclər çəkmişdir. Cavabdeh aldığı əmlakların pulunu ona qaytaracağını bildirmişdir. Cavabdehin ona xəyanət etməsindən sonra cavabdehlə ayrılmışlar. İndi isə ona ödədiyi pulları, habelə çəkilən digər xərcləri tələb edir. Sözügedən mənzilin alınması üçün pulu şəxsən vermişdir. Onlar həmin mənzildə cavabdehlə birlikdə yaşamışdır. O, avtomobili "xxxx"dan almışdır. Pulu şəxsən orada da özü ödəmiş, avtomobili isə cavabdehin adına rəsmiləşdirmişdir. Mənzilin alınması üçün keçmiş mənzil sahibinə 60 000 manat pulu ilkin olaraq beh şəklində onun öz evində vermişdir. Pulu ödədiyi zaman orada ondan başqa mənzilin sahibi, onun həyat yoldaşı, övladı və cavabdeh də olub. Həmin pul məbləğini sadə qəbzlə təqdim etmişdir. 90 000 manat isə mənzilin keçmiş sahibinə müvafiq notariat ofisində rəsmi şəkildə ödəmişdir. Orada cavabdeh də iştirak etmişdir. Mebelləri Sumqayıt şəhərində yerləşən mağazadan almışdır. Qəbzlər isə onda yoxdur. Orada qəbz yox, yalnız qaimə verirlər. Avtomobili alan zaman orada satıcı, menecer, müdir, özü və cavabdeh iştirak edib. Avtomobilin pulunu əlbəəl cavabdehə vermiş, o isə kassaya ödəmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında bildirdi ki, cavabdeh iddiaçının pul vəsaitlərindən istifadə edərək əsassız varlanıb. Hazırda tərəflər arasında birgə yaşayışla bağlı hansısa bir razılıq yoxdur. İddiaçı ödədiyi pulları, xərclədiyi vəsaitləri geri tələb edir. Söhbət burda mənzilin, avtomobilin alınmasından, mənzilin təmirinə çəkilən xərclərdən və sairədən gedir. Məhkəməyə sübut kimi audio-disk təqdim edilmişdir. Hansı ki, audio-diskdə cavabdehin öz anası ilə olan telefon danışıqları əks olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında bildirdi ki, əmlakların alınması ilə bağlı imzalanan müqavilələrdə iddiaçının adı qeyd olunmayıb. Müqavilənin bir tərəfi cavabdeh olub. Tərəflərin faktiki ailə münasibətlərində olmasını iddiaçı özü də etiraf edir. Bu halın əsassız varlanma ilə heç bir əlaqəsi yoxdur. İddia tələbi əsassızdır. Şahid ifadələrini isə mötəbər sübut kimi qiymətləndirmək olmaz. Belə ki, iddiaçı özü inşaat sahəsində işləyib və məhkəmədə ifadə verən şahidlərlə tanışlığı var. Bu səbəbdən şahidlər onun xeyrinə ifadə verməkdə maraqlıdırlar. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, Vəkil1 məhkəmə iclasında bildirdi ki, iddia tamamilə əsassızdır. Belə ki, cavabdeh şəxsi pul vəsaitləri hesabına müəyyən əmlaklar əldə edib. İddiaçı isə iddia edir ki, özünün ödədiyi pul vəsaitləri hesabına cavabdeh əsassız varlanıb. Bununla bağlı isə məhkəməyə mötəbər sübutlar təqdim edilməyib. Belə ki, hazırkı mübahisənin əsassız varlanma ilə heç bir əlaqəsi yoxdur. Cavabdehin anası ilə danışıqlarını əks etdirən səs yazısı isə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, bu onların birbaşa şəxsi ailə həyatının toxunulmazlığı hüquqlarını pozur. Hətta cavabdehin anası orada nəyisə etiraf edibsə, bunun cavabdehə heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1989-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli arayışına əsasən cavabdeh 2011-ci ilin may ayından etibarən "xxxx" MMC-də mühasib vəzifəsində çalışır və aylıq əmək haqqı 650 manatdır. "xxxx" MMC ilə cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “FAW Bestune T77” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobil cavabdeh tərəfindən 42000 manata alınmışdır. AD seriyalı, 990853 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FAW Bestune T77” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdehdir. xx.xx.2020-ci il tarixli, AN-İ 083111 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh ünvan 2-i X5 90 000 manat məbləğində almışdır. İş materiallarına həmin ödənişi təsdiq edən FJB**********604 nömrəli mədaxil qəbzi əlavə edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzə əsasən cavabdeh “Kontakt Home 43”-dən dəyəri 1899,99 manat olan 1 ədəd “LG” markalı soyuducu, dəyəri 1089,99 manat olan 1 ədəd “Samsung” markalı paltaryuyan almışdır. 25 may 2020-ci il tarixli alqı-satqıdan qabaq beh razılaşmasına əsasən X10 ilə iddiaçı arasında X6 mülkiyyətindəki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsini 150 000 manat müqabilində iddiaçıya satılması barədə ilkin razılıq əldə olunmuşdur. Razılaşmaya əsasən iddiaçı 60 000 manatını beh olaraq qabaqcadan ödəyir, qalan 90 000 manatını isə alqı-satqı notariat qaydada rəsmiləşdirilərkən ödəyəcəkdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirmişdir ki, o, ünvan 2-in keçmiş mülkiyyətçisidir. Həmin mənzili cavabdehə o satmışdır. Cavabdehi alqı-satqı zamanı tanımışdır. Belə ki, öz mənzilini satışa qoyduqdan sonra kooperativin sədri ona evini almaq istəyən adam olduğunu bildirmişdi. O zaman iddiaçı ilə tanış olmuşdur. Evi 150 000 manat qarşılığında satmışdır. Mənzil cavabdehin adına rəsmiləşdirilsə də, mənzilin dəyəri ona iddiaçı tərəfindən ödənilmişdir. Həmin mənzilin dəyərindən 60 000 manat pulu iddiaçı ona şəxsən əlbəəl vermişdi. Bununla bağlı yazılı sənəd də var. Pulu ona verən zaman orada təkcə iddiaçı olmuşdu. Həmin məbləğin 90 000 manat məbləğindəki hissəsini isə “ASAN xidmət” mərkəzində ailə üzvlərinin iştirakı ilə almışdır. Belə ki, həmin vaxt tərəflərin hər ikisi orada iştirak etmişlər. Pulu şəxsən iddiaçı cavabdehə təqdim etmiş, cavabdeh isə notariusa ödəniş etmişdir. Pulun ona nə vaxt verilməsinin tarixi isə dəqiq yadında deyil. Mənzilin təhvil alınmasında tərəflərin hər ikisi iştirak edib. Mənzil tərəflərə təhvil verilərkən təmirli idi. Sonra isə eşitdiyinə görə tərəflər mənzili istədikləri şəkildə təmir etdiriblər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirmişdir ki, o, ünvan 2-in yerləşdiyi binanın komendantıdır. İddiaçını həmin binada mənzil 48 ünvanında yaşayan kirayəçi kimi tanımışdır. Bir müddət sonra isə cavabdehlə iddiaçı birgə yaşamağa başlamış və 9 il mənzil 48-də kirayə yaşamışlar. Bundan sonra isə tərəflər mübahisəli mənzili almışlar. O, evin alınmasında vasitəçilik etmişdir. Belə ki, iddiaçı ona ev almaq istədiyini bildirmiş, o iddiaçını qonşu blokda yaşayan və mənzilini satmaq istəyən Rakif Əliyevlə tanış etmişdir. Ondan sonra tərəflər Rakif Əliyevlə görüşmüş, alğısatqı etmişlər. O, mənzilin alğı-satqısı prosesində iştirak etməmişdir. Cavabdehdən aldığı məlumata əsasən onlar “ASAN xidmət” mərkəzinə getmiş, orada evin alğı-satqısını həyata keçirmişlər. Sonra isə cavabdeh ona evin çıxarışını göstərmişdi. İddiaçı evə hər gün gəlibgedirdi. Cavabdeh isə işləmədiyi üçün həmişə evdə olurdu. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirmişdir ki, o, təmir-tikinti işləri ilə məşğuldur. Belə ki, onun təmir-tikinti işləri ilə məşğul olan usta briqadası var. İddiaçı ona müraciət edərək ünvan 2-də təmir işlərinin həyata keçirilməsini xahiş etmişdir. O, tanış ustaları həmin mənzilə gətirmiş və təmir işləri aparmışlar. Təxminən 2 il, 2 il yarım əvvəl təmir işləri aparıb. Cavabdehi tanımır. Mənzil təmirli olsa da, köhnədən aparılmış təmir idi. Mənzildə mətbəx mebelində təmir işləri aparıblar, mebelin üstünü dəyişiblər, qaz sobasını, moykanı, aspiratoru, divar kağızlarını, qapıların tutacaqlarını, petlələrini dəyişiblər, ümumi kosmetik təmir işləri aparıblar, həmçinin hamamın asma tavanını dəyişiblər. Materialları o və Rahil adlı usta alıb gətirirdilər. Təmirlə bağlı xərci isə iddiaçı hissə-hissə ona ödəyib. Nə qədər təmir xərci aldığı dəqiq yadında deyil. İş üzrə "xxxx" MMC-nin qiymətləndirmə barədə hesabatında ünvan 2-in likvid dəyəri 230 000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına video-disk əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (14.1.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Hazırkı mübahisənin həll edilməsi üçün tərəflər arasında yaranmış hüquq münasibətlərinin məzmunu müəyyən edilməli, iddiaçının tələbinin söykəndiyi qanuni əsas aydınlaşdırılmalıdır. İddiaçı cavabdehdən ümumilikdə 267 000 manat pul tələb edir və həmin məbləğ 4 hissədən ibarətdir: 1. ünvan 2-in alınmasına çəkilmiş xərc. 2. Həmin mənzilin təmirinə sərf edilmiş vəsait. 3. “FAW Bestune T77” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınmasına üçün ödənilmiş 42 000 manat pul. 4. Həmin avtomobilin dövlət nömrə nişanının alınmasına sərf olunmuş 10 000 manat pul. 5. ünvan 2 üçün alınmış mebel və məişət əşyalarının alınmasına çəkilmiş 30 000 manat xərc. İddiaçı cavabdehlə qeyri-rəsmi ailə münasibətlərində olduqlarını, həmin münasibətdə olduqları dövrdə qeyd edilən əmlakların əldə edilməsi üçün xərclərin onun tərəfindən çəkildiyini, sonradan cavabdehin ona xəyanət etməsi səbəbindən münasibətlərinin pozulduğunu bildirir və həmin xərcləri cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçı ilə qeyri-rəsmi ailə münasibətlərində olduqlarını, sonradan iddiaçı ilə ayrıldıqlarını, cavabdehin bu səbəbdən ondan qisas almaq üçün hazırkı iddianı qaldırdığını və iddia ərizəsində göstərilən əmlakın onun şəxsi vəsaiti hesabına alındığını qeyd edir. Həmin hal iş materiallarında olan cavabdehin müxtəlif dövlət orqanlarına ünvanladığı ərizələrində də öz əksini tapmışdır. Beləliklə tərəflərin qeyri-rəsmi ailə münasibətlərində olmaları və uzun müddət bir yerdə yaşamaları işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 439.4-cü maddəsində göstərilmişdir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllədə həmçinin göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında belə bir hüquqi mövqelər ifadə olunmuşdur ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Qeyd edilən hüquqi mövqedən görünür ki, şəxslər arasında hər hansı öhdəlik münasibətləri olmadığı halda, bir şəxs tərəfindən digər şəxsin əmlak mənafeyi xeyrinə hər hansı hərəkətlər edilməsi bağışlama və ya əsassız varlanma halı yaradır. Qeyd edilən hər iki hal üzrə digər şəxsin əmlak mənafeyi xeyrinə hərəkət edən şəxsin etdiklərinin əvəzini tələb etməsi halları mülki qanunvericilikdə öz əksini tapmışdır. Əsassız varlanma ilə bağlı müddəalar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında əks olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1.). Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə (673.1.). Göründüyü kimi mülki qanunvericiliyin həm əsassız varlanma, həm də bağışlama ilə bağlı məsələləri tənzimləyən normalarına əsaslansaq, tərəflərin faktiki ailə münasibətlərində olmaları, sonradan həmin münasibətlərin pozulması iddiaçıya yuxarıda qeyd edilən əmlaklar üçün çəkdiyi xərcləri cavabdehdən tələb etmək hüququ verir, bir şərtlə ki, həmin xərclərin həqiqətən iddiaçı tərəfindən çəkildiyi sübut edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). X2 məhkəmə iclasında ünvan 2-in əvvəllər onun mülkiyyətində olduğunu, iddiaçı ilə razılaşmalarına əsasən mənzilin onun tərəfindən 150 000 manata cavabdehə satıldığını, pulun 60 000 manatının iddiaçı tərəfindən qabaqcadan ona ödənildiyini, qalan 90 000 manatın isə alqı-satqı zamanı iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AN-İ 083111 saylı alqı-satqı müqaviləsi mənzilin cavabdehə X10 tərəfindən satıldığını, 25 may 2020-ci il tarixli alqı-satqıdan qabaq beh razılaşması isə 60 000 manat behin iddiaçı tərəfindən X7 ödənildiyini təstiq edir. Beləliklə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 1A blok 1 mənzil 21-in cavabdehin mülkiyyətinə keçməsi üçün 150 000 manat pulun iddiaçı tərəfindən ödənildiyi sübuta yetirilir. ünvan 2-in təmirinə çəkilmiş xərclərə gəldikdə isə həmin təmir xərclərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tərəfindən tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında həmin təmir xərclərinin müəyyən edilməsi ilə bağlı sual qoyulsa da, "xxxx" MMC-nin qiymətləndirmə barədə hesabatında mənzilin likvid dəyəri 230 000 manat məbləğində müəyyən edilmişdir. Hesabatda həmçinin göstərilmişdir ki, cavabdehə ekspert tərəfindən dəfələrlə rəsmi qaydada bildiriş göndərilsə də, eyni zamanda zənglər edilsə də, evə baxış keçirilməsi üçün şərait yaradılmamışdır. MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. X3 məhkəmə iclasında verdiyi ifadəsində ünvan 2-də təmir işləri apardığını, bununla bağlı ödənişlərin iddiaçı tərəfindən edildiyini, iddiaçının hansı məbləğdə pul ödədiyini dəqiq xatırlamadığını bildirmişdir. İddiaçı isə mənzilin təmirini 35 000 manat vəsait sərf etdiyini qeyd edir. Məhkəmə cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmamasını cavabdehin ziyanına şərh edərək cavabdehdən ünvan 2-in təmirinə iddiaçı tərəfindən çəkilmiş 35 000 manat pulun iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, iddiaçı cavabdeh qarşısında heç bir öhdəliyi olmadığı halda onun əmlak mənafeyi naminə 185 000 manat vəsait sərf etmiş və cavabdeh həmin vəsait hesabına əsassız varlanmışdır. İddiaçının “FAW Bestune T77” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınması üçün ödənilmiş 42 000 manat pulun, həmin avtomobilin dövlət nömrə nişanının alınmasına sərf olunmuş 10 000 manat pulun, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 1A blok 1 mənzil 21 üçün alınmış mebel və məişət əşyalarının alınmasına çəkilmiş 30 000 manat xərcin cavabdehdən tutulması ilə bağlı tələbinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı həmin tələbləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddia qeyd edilən hissələrdə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2-in alınmasına sərf olunmuş 150 000 manat və həmin mənzilin təmirinə xərclənmiş 35 000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 557 manat dövlət rüsumunun 390 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 185 000 (yüz səksən beş min) manat pul və 390 (üç yüz doxsan) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar