Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1337/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə:
1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 45Q, mənzil 1-ə dəymiş zərərlə bağlı Cavabdeh oğlundan 250 AZN (iki yüz əlli manat) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Ruslan MTKnin vermiş olduğu xx.xx.2019-cu il tarixli akta əsasən, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 45Q, mənzil 2-dən qonşu mənzil Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 45Q, mənzil 1-ə su axıdılaraq zərər vurulmuşdur. Həmin zərərvuran mənzilin sahibi Ruslan MTK-nin vermiş olduğu arayışa əsasən Cavabdeh oğluna məxsus olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən göründüyü kimi Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 45Q, mənzil 1 İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 45Q, mənzil 1-ə xx.xx.2019-cu il tarixində 250 AZN (iki yüz əlli manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 2632 nömrəli ödəniş tapşırığına əsasən, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 45Q, mənzil 1-ə xx.xx.2019-cu il tarixli dəymiş zərərə görə zərərçəkən Rəhimov Rəşadət Nüsrət oğluna 250 AZN (iki yüz əlli manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirlr ki, xx.xx.2019-cu il tarixli hadisə ilə əlaqədar Cavabdeh oğluna qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 45Q, mənzil 1-ə qarşı baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC sığorta ödənişi həyata keçirmiş bu səbəbdən də subroqasiya hüquqları yaranmışdır. Hesab edirlər ki, ödənilmiş 250 AZN (iki yüz əlli manat) sığorta ödənişi zərərvuran Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Bildirilir ki, Ruslan MTK-nin vermiş olduğu aktdan əlavə Cavabdeh oğlunun hal-hazırdakı rəsmi qeydiyyat ünvanı məlum olmadığı üçün onlara məlum olan son qeydiyyat ünvanı və sahibi olduğu mənzil Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 45Q, mənzil 2 olduğu üçün hesab edilir ki, işə Sumqayıt şəhər məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
5. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45Q, mənzil 1 xüsusi mülkiyyət hüququ üzrə Rəhimov Rəşadət Nüsrət oğlunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. 6.İşdə olan xx.xx.2020-ci il tarixli, 2632 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC 250 manat sığorta məbləğini sığortalı Rəhimov Rəşadət Nüsrət oğluna ödəmişdir. 7.İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 250 manat sığorta ödənişinin 10 iş günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi Cavabdeh təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. 8.İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 082752 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış Rəhimov Rəşadət Nüsrət oğluna məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45Q, 1 saylı mənzilə xx.xx.2019-cu ildə qonşu mənzildən su sızma nəticəsində ziyan dəymişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq vurulmuş zərər 250 manat qiymətləndirilmişdir. 9.İşdə olan Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45Q, 1 saylı mənzilə 250 manat məbləğində ziyan dəymişdir. 10.İşdə olan "xxxx" MTK-nın 07 noyabr 2019-cu il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, 45Q binasının 1-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 2 saylı mənzildən Rəhimov Rəşadət Nüsrət oğluna məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45Q, 1 saylı mənzilə mütəmadi olaraq su sızması nəticəsində mənzilin giriş qapısının sağ tərəfində ümumi uzunluğu 1 metrə qədər, hündürlüyü 45 sm-ə qədər həmçinin yataq otağının yan divarında ümumi uzunluğu 2 metrə qədər hündürlüyü 60 sm-ə qədər, əlavə olaraq dəhlizdə qoyulmuş paltar şkafının arxa hissəsində hündürülüyü 50 sm-ə qədər su axıntısı izləri aşkar edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış Rəhimov Rəşadət Nüsrət oğluna məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45Q, 1 saylı mənzilə xx.xx.2019-cu ildə Cavabdeh məxsus 2 saylı mənzildən su sızması nəticəsində 250 manat məbləğində ziyan dəymişdir. Həmin zərərin aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən R.Rəhimova 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı həmin ödənişin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. 13.Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 14.Həmin Məcəllənin 1111-ci maddəsi binanın uçması, o cümlədən binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 15.Göründüyü kimi, mülki qanunvericilikdə binadan su axması nəticəsində zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi su axıdılan müvafiq otağı tutan fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmuşdur. 16.İş materiallarından görünür ki, sığorta hadisəsi baş verən vaxt mənzil Cavabdeh sahibliyində olmuşdur. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2). Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir (936.3). 18.Beləliklə məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 250 manat sığorta ödənişini Cavabdeh oğlundan tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir. 19.Məhkəmə həmçinin AR MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
20. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh oğlundan 250 (iki yüz əlli) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva