Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1920/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-də könüllü sığortalanmış “X4 XL” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2225 AZN (iki min iki yüz iyirmi beş manat) pulun və ödənilmiş 42.25 AZN dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə edilən “Opel Astra” markalı ** KP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC-də könüllü sığortalanmış “X4 XL” markalı ** JM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq iş materialına əlavə edilmiş Forma-4 arayışına əsasən yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “X4 XL” markalı ** JM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iş materiallarına əlavə edilmiş F-Ş X1 təqdim etdiyi 17 saylı hesab fakturaya əsasən 2325 AZN (iki min üç yüz iyirmi beş manat) maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2018-ci il tarixli **********2 saylı avtomobillərin tam sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “X4 XL” markalı ** JM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 065798 saylı sığorta aktına uyğun olaraq 4457 saylı ödəniş tapşırığına əsasən 2325 AZN (iki min üç yüz iyirmi beş manat) sığorta ödənişini könüllü sığortalı "xxxx" MMC-yə ödəmişdir. "xxxx" MMC isə 100 AZN (yüz manat) məbləği qarşılıqlı razılıq əsasında azadolma məbləği hesab edərək invoice formasında geri qaytarmışdır. Bununla da "xxxx" ASC-nin zərərçəkən "xxxx" MMC-yə ödəmiş olduğu məbləğ 2225 AZN (iki min iki yüz iyirmi beş manat) olaraq təşkil edir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh iş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş AP ******* saylı protokol və TP ******* qərarına əsasən İXM-nin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilindiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edirlər ki, 2225 AZN (iki min iki yüz iyirmi beş manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş,”tələb edilməyib” və “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: 065798 saylı Sığorta Aktının surətindən görünür ki, “X4 Xl” markalı, "xxxx" MMC -yə məxsus avtomobil 23000 manat məbləğədək xx.xx.2018- xx.xx.2019-cu il tarix aralığı üçün icbari sığorta edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin avtomobil “Opel Astra” markalı, 99KP293 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “X4 Xl” markalı, 99JM529 dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 2325 manat məbləğində zərər dəymişdir. Faydalanan şəxs X2 müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli 4457 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən faydalanan şəxs olan X1 hesabına 2325 manat məbləğində zərərin əvəzi ödənilmişdir. xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-in 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə tələbi məhkəməyə qədər ödəməsi qaydasında xəbərdarlıq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, təmir haqqı üçün görülən işlərin məbləği 2325 (iki min üç yüz iyirmi beş) manat təşkil edir. xx.xx.2025-ci il tarixli, **********24 saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 42,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, 99KP293 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt sözügedən nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalanmışdır. Cavabdeh hadisədə təqsirli bilinmişdir. Belə ki, inzibati xəta haqqında xx.xx.2019-cu il tarixli protokol tərtib edilərək, cavabdehin Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati cərimə edilməsi qərara alınmışdır. Hadisə nəticəsində “X4 Xl” markalı, 99JM529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 2252 manat məbləğində zərərin əvəzi iddiaçı tərəfindən zərərçəkən şəxsə ödənilmişdir. Hazırda iddiaçı cavabdehin təqsiri nəticəsində baş vermiş hadisə üzrə sığorta ödənişi kimi ödədiyi 2225 manat məbləğində pulun subroqasiya qaydasında, həmçinin məhkəmə xərclərinin də cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçının cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi üçün qanunvericilikdə müəyyən edilmiş hallar baş verməmişdir. İddiaçı tərəfindən subroqasiya hüququnun yaranması sübut edilə bilməmişdir. Cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfi deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti məşğul olan şəxsləri də buna aid etmək olar. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olubolmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kim qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə c avabdeh tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-936.2, 936.5-ci maddə. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Maddə 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1, 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri- müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 284-1, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1920/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1920/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver